Bazar ertəsi , Avqust 26 2019
Ana səhifə / Cəmiyyət / Redaktorların Naxçıvan səfərindən daha bir reportaj – ”Naxçıvan – nəqşi cahan”

Redaktorların Naxçıvan səfərindən daha bir reportaj – ”Naxçıvan – nəqşi cahan”

Yolunu bu diyardan salanlar Naxçıvanı mütləq yenidən görmək istəyir. Səbəbini bilmək üçün yenə də yolunu mütləq Naxçıvandan salmaq lazımdır. Hələ təyyarə pəncərələrindən Naxçıvanı seyr etdikcə burada qəribə bir cazibədarlıq duyursan. Naxçıvanın gözəlliyi, ayrı bir aləm olduğu, səliqə-sahmanı ayağın bu torpağa dəymədən hiss olunur. Bu hiss və duyğular Naxçıvan hava limanından başlayan səyahət boyu daha da güclənir, muxtar respublikanın təkcə Azərbaycan yox, dünya miqyasında artıq bir nümunə olduğu qənaəti tam əminliyə çevrilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi informasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılıığ ilə 20 media rəhbərinin Naxçıvan səfəri iştirakçıların hamısında böyük məmnuniyyət yaratmışdı. Onlar arasında Naxçıvan torpağına ilk dəfə qədəm basanlar da var idi, buranı il ərzində bir neçə dəfə ziyarət edənlər də. Amma böyük türk dünyasına açılan qapı olan Naxçıvan barədə fikirlər birmənalı idi: qədimiliklə müasirliyin çuğlaşdığı bu məkan intibahının yeni zirvəsində abadlıq-quruculq işlərinin möhtəşəm nümunəsini ərsəyə gətirə bilib. Hətta səfər yoldaşlarımızdan biri Naxçıvan şəhərini Londonla, Parislə müqayisə edərək təmizlik və səliqə-sahman baxımından Avropanın bu meqapolislərinin böyük fərqlə Naxçıvana uduzduğunu da xüsusi fəxarətlə qeyd etdi.

Həqiqətən də Naxçıvanı gəzib dolaşdıqca təkcə mərkəzdə yox, ətraf ərazilərdə də bir səliqə hökm sürdüyünü, küçələrdə nəinki hər hansı sellofan torba, heç siqaret kötüyü tapmağın belə mümkün olmadığını görürsən. Enli, düz yollar isə əsəbləri tarıma çəkən tıxaclardan xalidir. Yeni tikililər və restavrasiya olunlar isə bir ahəngdarlıq təşkil edir və bu da Naxçıvana xüsusi bir gözəllik verir. Özü də restavrasiya prosesi xüsusi zövq və sənətkarlıqla aparılır. Məsələn, qaldığımız «Təbriz» otelinin əvvəlki vaxtını xatırlayanlar onun indiki durumu ilə müqayisəyə belə gəlməz olduğunu etiraf edirlər. Elə «Mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsi» mövzusunda keçrilən regional konfransın baş tutduğu Naxçıvan Dövlət Texniki Kolleci haqda da eyni fikirləri söyləmək olar. Amma Naxçıvan barədə möhtəşəm təəssüratları yaradan bütünlükdə Naxçıvanın özüdür. Çünki yenilik, quruculuq bu diyrın hər guşəsindədir. Həmkarım Namiq Əhmədovun sözləri Naxçıvanda gedən abadlıq işlərinin əsl xaraketrini əks etdirir. Bir neçə il Naxçıvan şəhərində Heydər Əliyev muzyeinin yaxınlığında yaşadığıın bildirən Namiq müəllim indi illərlə qaldığı evi tapmaqda çətinlik çəkdiyini bildirir. Qeyd edir ki, burada həyata keçrilən yeniliklər indi tam fərqli, amma olduqca gözəl olan yeni bir mənzərə yaradıb. Bu yenilikləri isə hətta Naxçıvanın ən ucqar kəndlərindən belə müşahidə etmək olar. Səfər əsnasında ziyarət etdiyimiz, Azərbaycanın ən qüdrətli qələm sahiblərindən biri olan Məmməd Arazın dünyaya göz açdığı Şahbuzun Nursu kəndi deyilənlərin real təsdiqlərindən biri oldu. Bütün yolları asflatlanan, abadlığı göz oxşayan kənd Naxçıvandakı tərəqqinin daha bir təcəssümü idi.

Bu cür möhtəşəm inkişafa isə Naxçıvan illərdir, yaşadığı blokada şəraitində nail olub. Rusiyalı jurnalist Nadona Fridrixsonun təbirincə desək, bu gün «qoparılmış region» çiçəklənən və memarlıq cəhətdən olduqca cazibədar bir yerdir. «Qoparılmış region» amili isə Naxçıvan Dövlət Bayrağı muzeyində olarkən burada müxtəlif dövrləri əhatə edən xəritələr fonunda özünü kifayət qədər aydın şəkildə büruzə verir. Həmin xəritələrin müqayisəsindən aydın olur ki, bir vaxtlar olduqca böyük ərazini əhatə edən Naxçıvan türk dünyasının düşmənlərinin məkrli siyasəti, Azərbaycana qarşı yönələn qəsdlər nəticəsində torpaq itkilərinə məruz qalıb.

Çox təəssüf ki, istər rus imperiyası, istərsə də sovetlər dönəmində bu proses davam etdirildi. Azərbaycanın tarixi ərazisi olan İrəvan quberniyası əsasında Ermənistan dövlətinin yaradılması fonunda Zəngəzur və Vedibasarın Naxçıvandan qoparılması ilə bu cənnət məkan ölkənin digər ərazilərindən aralı salındı. Perspektivdə isə əsas planda Naxçıvanın bütünlükdə Azərbaycandan qoparılması, yad əllərə təslim edilməsi dururdu, bununla tək Azərbaycana yox, bütün türk dünyasına böyük bir zərbə vurulucaqdı. Amma ilahi qüdrət və Azərbaycanın xalqının qeyrətli oğulları bu məkrli niyyətin reallaşmasına imkan vermədi. Bu gün də Naxçıvan Azərbaycanın qəsdinə duranlar, o cümlədən ermənilər üçün göz dağıdır, həm inkişafı, həm də strateji coğrafi mövqeyi ilə. Artıq sərhəddən Naxçıvana boylananlar gur işıqlar aləmində Azərbaycanın bu ayrılmaz diyarının coşğun inkişafına şahidlik edirlər.

Çağdaş dünya standartları səviyyəsində qurulan infrastruktur, təbiətin əsirgəmədiyi naz-nemət, lütf etdiyi resurslar və bunlardan səmərəli istifadə Naxçıvanı heyrətamiz dərəcədə dəyişib. Özü də abadlıq-quruculuq işləri təkcə yaşayış məntəqələrini əhatə etmir. Səfər çərçivəsində baş çəkdimiz «Əshabi-Kəhf ziyarətgahı», bir vaxtlar dünyanı lərzəyə salan cahangirlərdən olan Teymurləngin qarşısında 14 il sinə gərmiş Əlincə qalası, Gülüstan türbəsi, Möminə Xatun məqbərəsi, Xan sarayı və digərləri Naxçıvanın tarixi məkanlarının da öz ilkin görüntüsünün qalması şərti ilə bu gün ziyarəçilər üçün ən mükəmməl hala gətirildyini göstərir. Ən əsası isə bu, tarixə, xalqın keçmişinə olan böyük hörmət və ehtiramının yüksək bir göstəricisidir. Özü də qurulanlara, yaradılanlara təkcə müvafiq qurumlar yox, bütün sakinlərin bir doğma münasibət bəslədiyi dərhal özünü qabarıq büruzə verir.

Digər tərəfdən sözügedən istiqamətdə atılan addımlar Naxçıvana turist kimi gələnlərin sayını da əhəmiyyətli dərəcədə artırır. Naxçıvan gəzintisində bizi müşayiət edən «Şərq qapısı» qəzetinin baş redaktoru Tural Səfərovla söhbətimiz zamanı bəlli olur ki, hər il Naxçıçvanı 400 min turist ziyarət edir. Görülən işlər isə Naxçıvana üz tutan turistləri, xüsusən də əcnəbilərin sayını artıracaq. Elə Naxçıvanda olarkən buraya İrandan üz tutanların sayının kifayət qədər olduğunu görmək olar. Rahat yollar, yaradılan şərait bu turistləri «Əshabi-Kəhf ziyarətgahı»na və digər məkanlara da cəlb edir. Artıq şöhrəti Azərbaycan sərhədlərindən kənarda da sürətlə yayılan «Duzdağ» Fizioterapiya Mərkəzənin baş həkimi Zülfiyyə xanımın sözlərindən isə belə bəlli olur ki, Naxçıvana təkcə İrandan yox, qonşu Türikyədən, Rusiyadan, ərəb və Avropa ölkələrindən üz tutanların sayı da kifayət qədərdir. Amma onlar təkcə «Duzdağ» üçün Naxçıvana təşrif buyurmurlar.

Naxçıvanı gəzdikcə buranın hətta bir ağac bitməyən torpaqları, dağları, dərələrinin möhtəşəm bir relyef qurluşuna malik oluduğunu da görmək olar. İlandağ, zirvələrdə inşa edilən Əlincə qalası, Arazyanı dağlar, Batabat yaylası və digərləri görənləri sözün əsl mənasında özünə heyran edir. Hətta Əlincə qalasını ziyarət edən amerikalı jurnalistlərdən biri bildirib kit, bu yerlər Hollivud filmlərinin çəkilişi üçün ən ideal məkanlar sırasındadır. Əslində, hansısa Hollivud filmlərinin müəyyən hissəsinin çəkilişlərini Naxçıvanda həyata keçirməklə bura xaricdən daha çox turist cəlb etmək olar. Yeri gəlmişkən qeyd edək ki, qardaş Türkiyə bu təcrübədən geniş istifadə edir. Yəni, bu və digər vasitələrlə Naxçıvana gələn əcnəbilərin sayını xeyli artırmaq olar. Elə ölkə daxilində də Naxçıvanı olduğu kimi təbliğ etməklə bura üz tutan vətəndaşlarımızın sayında daha çox artıma nail olmaq mümkündür.


Naxçıvanda olarkən diqqət çəkən daha bir məqam daxili bazarın qorunması istiqamətində görülən işlər, həmçinin, yerli məhsulların istehsal həcminin artması ilə bağlı oldu. Burada bir sıra məhsullar üzər qiymətlər Azərbaycanın digər bölgələri ilə müqayisədə aşağıdır. Məsələn, siqaret, mineral sular, bəzi növ qida məhsullarının timsalında Naxçıvanda qiymətlərin daha az olması dərhal nəzərə çarpır. Həmkarım Elçin Mirzəbəyli məhz bu kontekstdə Naxçıvanda daxili bazarın kifayət qədər mükəmməl şəkildə qorunduğunu vurğulayır. Yerli istehsal məhsulları isə ötən illərlə müqayisədə artır və bu gün Naxçıvanad 324 adda məhsul istehsal edilir. Özü də bu məhsulların böyük əksəriyyətinin xammalı yerli səviyyədə təmin olunur.
Naxçıvanda ən çox diqqət cəlb edən məziyyət isə bu yerin sakinlərin səmimiyyətidir. Yolu Naxçıvandan ilk dəfə düşənlər belə burada məhz bu səmimiyyət, onlara göstərilən doğma münasibət nəticəsində qətiyyən özünü qərib hiss etmir. Əksinə, Naxçıvan sakinləri onları illərdir tanıdıqları adam kimi qəbul edir və ona hər cür kömək etməyə çalışır. Elə bu da Naxçıvana gələnlərin növbəti illər üçün də bir daha bu diyarı ziyarət etməsi üçün bəri başdan planlar cızmasında az rol oynamır. Biz də zəngin təəssüratlarla ayrıldığımız Naxçıvana yenidən üz tutacağımız günü səbirsizliklə gözləyərək bu möhtəşəm məkanla sağollaşırıq.

Rasim BAYRAMOV,”Mövqe” qəzetinin baş redaktoru

Həmçinin oxuyun

Krım sözünün yaranması və Krım türklərinin tarixçəsi

Tarix boyu Krım müxtəlif xalqlar tərəfindən idarə edilib. Kimmerlər bu yarımadada e.ə. VII əsrdə məskən …

Bir cavab yazın