Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / Redaktorlar Mətbuat Şurasında ‘gülənçi’ cərəyanının zərərlərini müzakirə etdilər

Redaktorlar Mətbuat Şurasında ‘gülənçi’ cərəyanının zərərlərini müzakirə etdilər

Əflatun Amaşov: “Medianın da vəzifələrindən biri odur ki, “Hizmət hərəkatı” və “gülənçilər”lə bağlı araşdırmalar aparsın”
Rauf Arifoğlu: “15 iyul tarixində Türkiyə cümhuriyyətini Ərdoğan xilas etdi…”
Vüsalə Mahirqızı: “Türkiyə dövlətinə sayğıdan irəli gələrək bu insanlarla münasibət saxlayan, tədbirlərdə iştirak, çıxış edən adamların qaralanmasını doğru hesab etmirəm”
25 avqustda Mətbuat Şurasında İdarə Heyəti üzvlərinin, Prezident Administrasiyası və Dini Komitə təmsilçilərinin, millət vəkillərinin, qəzet və sayt redaktorların iştirakı ilə geniş toplantı keçirildi.
Musavat.com xəbər verir ki, “Azərbaycan mediası dini radikalizmə qarşı” mövzusunda keçirilən tədbirdə giriş sözü ilə qurumun sədri Əflatun Amaşov çıxış etdi. MŞ sədri bildirdi ki, Azərbaycan demokratik ölkə olaraq dini məsələlərdə kifayət qədər dözümlü, tolerantdır. Onun sözlərinə görə, dini məsələlərlə bağlı qanunvericilik bazası mövcuddur. Hər bir fərqin öz iradəsinə uyğun şəkildə istədiyi dinə qulluq edə biləcəyini deyən MŞ sədri bunun dini radikalizm kimi cəmiyyətdə yayılmasının yolverilməzliyini vurğuladı.
Ə. Amaşov dedi ki, bəzi hallarda Azərbaycanda bu məsələ ilə bağlı anlaşılmazlıqlar olur və dini ayrı-seçkiliyə yol verilir. Onun sözlərinə görə, ayrı-ayrı dini qruplara qoşulan, hətta müharibə ocaqları olan ölkələrdə vuruşan azərbaycanlıların olması faktdır. MŞ sədri dedi ki, son zamanlar mövzunun gündəmə gəlməsi 15 iyulda Türkiyədə baş verən “darbə cəhdi” ilə bağlıdır: “Bu mövzu yenidir, Türkiyədə dini çevriliş cəhdindən sonra mövzu hər iki ölkənin mediasında yer alır. Bu məsələ nurçularla bağlı olan məsələdir. Bilirsiz ki, Türkiyə ilə Azərbaycan arasında çoxtərəfli münasibətlər mövcuddur: “Əgər Türkiyədə dövlət çevrilişi baş tutsaydı, Azərbaycanda nələr baş verə bilərdi?” Bu sual bizi çox düşündürür. Hələ “Əkinçi” qəzeti öz dəyərlərini müəyyənləşdirərkən, dünyəviliyə böyük önəm verdi. Azərbaycan mediası mahiyyətcə millidir. Azərbaycanda mediasında dini ayrı- seçkiliklə bağlı yazılara çox nadir hallarda rast gəlinir. Azərbaycan jurnalistləri bu gün öz sələflərinin yolu ilə gedirlər. Lakin buna baxmayaraq, çox təəssüf ki, bəzi hallarda dini məsələlərlə bağlı ayrı-seçkiliklərə yol verilir. Buna yol vermək olmaz”.
MŞ sədrinə görə, son günlər Azərbaycan qəzetlərini izləyəndə hər gün yeni bir insanın nurçuluqda ittiham olunmasına rast gəlmək mümkündür. Ə.Amaşov bu tendensiyanın MTN olayları zamanı da müşahidə olunduğunu dedi: “O vaxt da kimin kimdən xoşu gəlmirdisə, onu MTN-in adamı olmaqda ittiham edirdi. İndi də insanlara “nurçu, gülənçi” damğası vurulur. Media bu proseslərdə necə mövqe tutsun? Medianın da vəzifələrindən biri odur ki, “Hizmət hərəkatı” və “gülənçilər”lə bağlı araşdırmalar aparsın. Yerdə qalan məsələlər hüquq-mühafizə orqanlarının işidir”.
Azərbaycan dövləti radikal dini cərəyanlara – istər vəhhabiliyə, istər radikal şiəliyə, istərsə də Fətullahçı Terror Təşkilatına qarşı ciddi mübarizə aparır. Artıq onlara ciddi zərbələr vurulub”.
Bunu isə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov bildirdi. Onun sözlərinə görə, FETÖ-nün Azərbaycandakı ruporu olan “Zaman” qəzeti və Fətullah Güləndən müsahibə alan telekanal haqda müvafiq tədbir görülüb: “Bu xətt davam edəcək. Azərbaycan dövlətində heç bir dini radikal cərəyana yer yoxdur”.
B. Həsənov qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra dünyaya inteqrasiya yolunu tutub: “Azərbaycan dövləti radikal dini cərəyanların qarşısını alacaq. Bu sahədə medianın üzərinə böyük yük düşür. Media informasiya ötürücüsü olmamalı, analitik yazılarla çıxış etməlidir. Azərbaycan mediası yarandığı gündən əhalini maarifləndirmək yolunu tutub, dini qaragüruha qarşı mübarizə aparıb. Hər bir məsələdə dövlət və medianın mövqeyi üst-üstə düşməyə bilər. Amma ümummilli məsələlərdə ortaq mövqe nümayiş olunmalıdır. Günümüz üçün aktual olan məsələ FETÖ-dür. Azərbaycan dövləti istənilən dini, etnik terror təşkilatına qarşı mübarizə aparır. Konstitusiyamızda açıq göstərilib ki, din dövlətdən ayrıdır. Bunlara qarşı hüquq-mühafizə orqanları tərəfindən tədbirlər görülür. Hələ 2009-cu ildə “Dialoq Avrasiya”nın tədbiri zamanı Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov onlara ciddi irad tutaraq bildirmişdi ki, dialoqu bir şəxsə bağlamaq yanlışdır, Azərbaycan dövlətinin tərəf-müqabili Türkiyə dövlətidir, hər hansı bir dini sekta deyil. O qeyd etmişdi ki, tədbirdə iki dahi şəxsiyyətin –  Heydər Əliyev və Mustafa Kamal Atatürkün portretləri asılmalıdır, hər hansı biri dini liderin yox. Əli müəllim o vaxt dövlətin tam rəsmi mövqeyini ortaya qoymuşdu. Terror təşkilatı ilə əlaqəsi olanlar, günahları sübut olunarsa, qanun qarşısında cavab verəcəklər”.
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin rəsmisi Nahid Məmmədov isə dini radikalizmə qarşı mübarizə mövqeyinin hər zaman özünü göstərdiyini dedi. O, bu səbəbdən də komitənin hər zaman bu məsələlərdə media ilə əməkdaşlıq edəcəyini vurğuladı: “Biz mediaya açıq qurumuq. Bundan sonra da hər birinizlə mütəmadi əməkdaşlığa hazırıq”.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu FETÖ-culuğu imperializmin layihəsi adlandırdı. Onun sözlərinə görə, bu, Qərb imperializminin milli dövlətləri yıxmaq üçün bir silahıdır.
Professor Musa Qasımov isə müxtəlif dini cərəyanların Azərbaycana girmə səbəbləri barədə danışdı. Dedi ki, SSRİ kimi bir ateist qurumun daxilində uzun illər yaşayandan sonra Azərbaycan müstəqilləşdi və daha sonra müxtəlif dini cərəyanlar, islam cərəyanları ölkəyə daxil oldular: “Bunlar da dövlətçiliyimiz üçün ən təhlükəli cərəyanlardır. Dindar dövlətin işinə qarışmamalıdır. Xaricilərin gəlib, Azərbaycanda məktəb açmasının əleyhinə olmuşam. Gəlir, bir nüfuzlu redaktorun uşağını götürür, ona öz məktəbində təhsil verir. Bununla da ictimai nüfuza təsir göstərir, o uşağın beynini alır. 16 yaşlı bir uşaq xaricdə atasının pulu ilə oxuyursa, artıq o, bizimki deyil. Biz öz uşaqlarımızın bakalavr təhsilini daxildə verməliyik, magistraturanı xaricdə oxumaq olar”.
“İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə dini təriqətlərin ölkəyə sirayət etməsinin siyasi səbəblərlə bağlı olduğunu dedi. Bunun 90-cı illərin əvvəllərindən başlandığını deyən çıxışçıya görə, burada bir çox güclərin maraqları təmin olunub: “Azərbaycan dövləti bu məsələdə həssasdır. Zamanında belə təriqətlərə qarşı mübarizəsini aparır. Mətbuatın ən böyük funksiyası odur ki, dövlətin təhlükəsizliyinin qorunmasında var gücüylə çalışsın”.
 
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev bildirdi ki, lazımi məqamda lazımi institutlar birləşməli və dövlətin yanında olmalıdır. Onun fikrincə, multkultural dəyərlərlə dini radikalizmin dəyərləri tamamilə fərqlidir: “Radikalizm dağıdıcılıq, terrorizmdir. Mətbuatda bunlar yazılarkən incə məqamlara toxunanda hədd, sərhəd bilinməlidir”.
 
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu isə dedi ki, bu məsələdə kampaniyaçılığın olmamasını arzulayır. Çıxışçının sözlərinə görə, söhbət  türkdilli cümhuriyyətləri illərdir saran bir şəbəkədən gedir: “Nurçuların Azərbaycan daxil, dünyada ayaqda durmasının bir səbəbi var – onların arxasında hər zaman Türkiyə dövləti dayanıb. Bütün prezidentlər olduqları hər ölkədə onları yerli hakimiyyətlərə tapşırıb. Fətullah Gülən tərəfdarları 11 il Türkiyədə iqtidar ortağı olublar… Bütün bunları Türkiyəmizin hörmətli prezidenti Rəcəb Tayyib Ərdoğan da açıq şəkildə etiraf edib və onlara yaratdığı bütün imkanlara görə türk xalqından üzr istəyib, Allahdan əfv diləyib. Məncə bu üzrxahlığın Azərbaycan xalqılan da ünvanı var və biz də onu qəbul etməliyik. Azərbaycan xalqı onları indiki sifətləri ilə deyil, Türkiyə Cümhuriyyəti dövlətinin təmsilçiləri kimi tanıyıb və qəbul edib. Lakin biz qəzet olaraq 2008-2010-cu illərdə, daha sonra isə, 2013-14-cü illərdə bu şəbəkədən, onun Bakıdakı adamlarından, məram və məqsədlərindən çox yazdıq. Hələ də arxivlərdə qalır!  O zaman bizə çox pis baxırdılar. İndi burada gülənçiləri tənqid etməyə gələnlərdən də bizim ünvanımıza yazanlar, üzümüzə gileylənənlər var idi. Onlar öz ölkəmdə məndən güclü idilər. Əllərində hər şeyləri vardı –  çünki Türkiyədə hakimiyyəti paylaşırdılar, böyük dünya gücü idilər. Onların gücünün tək səbəbi Azərbaycanda Türkiyəni təmsil etmələri idi”.
R.Arifoğlu dedi ki, sonradan gördülər ki, əslində qəzet olaraq qos-qoca Türkiyə iqtidarı ilə savaşırlar: “Azərbaycan media kapitanları zamanında Abdulla Güllə müsahibəyə getmişdi. Mən də oradaydım. Mən gördüm ki, Türkiyə prezidenti də daxil (Abdulla Gül), hər kəs bunların çızgisindədir, Fətullah Gülənə xüsusi sayğıları var, ünvanına “möhtərəm Hoca Əfəndi”, deyə xitab edirlər. Sonra ənənəvi “Türk Dili Olimpiatları”nı izlədik. Orada Türkiyə dövlətinin bütün rəhbərləri, o cümlədən də hörmətli Tayyib Ərdoğan iştirak edirdilər və çoxlu tərifli sözlər söyləyirdilər. Belə bir vəziyyətdə Azərbaycan cəmiyyəti, mediası və dövləti nə etməli idi?”
Baş redaktor dedi ki, indi bunların uç üzü ortaya çıxıb: “15 iyul 2016-cı il bir sərhəd xəttidir. O vaxta qədər heç kim onların bu addımı atacağına inanmırdı. O vaxta qədər kimsə onlara salam verib, ala bilər, münasibət qurardı. Buna görə həmin şəxslərə irad tutula bilməz. Hansısa bir jurnalistin, qəzetçinin qınanmasına kimsənin haqqı yoxdur, heç kimsə də  bundan çəkinməsin. FETÖ dedikləri ilə Türkiyənin indiki iqtidarı Türkiyəni paylaşıblar, azərbaycanlılar da onlara yaxın olmaq üçün öz övladlarını onların məktəblərində oxutmağa çalışıb… Mən bu yaxınlarda redaksiyamıza müsahibəyə gələn Türkiyənin Azərbaycandakı səfiri hörmətli İsmayıl Alper Coşqun bəyə də bu fikirləri çatdırdım… Amma indi seçim anıdır, bundan belə onlarla əlaqə olmamalıdır, münasibət saxlanmamalıdır. 240-dan sadə vətəndaşın, əsgərin ölümünə səbəb olmuş, ürəyimizlə, canımızla bağlı olduğumuz bir  dövlətin az qala çökməsinə gətirib çıxaran əməllərə imza atan bir quruma münasibət fərqli olmalıdır”.
Baş yazar bildirdi ki, 15 iyula qədər Ərdoğana şəxsi münasibəti çox da isti olmayıb. Buna səbəb onun həddən artıq ərəbçi olması, türk dünyasına açılmaması olub. R.Arifoğluna görə, 15 iyul tarixində isə Ərdoğan Türkiyə cümhuriyyətini xilas etdi: “Həmin an onda o cəsarət olmasaydı, Ərdoğan meydana çıxmasaydı, ya da onun yerində başqası olsaydı, FETÖ təslim alacaqdı Türkiyəni. Və Türkiyə batacaqdı. Türkiyəni sevən hər kəs Ərdoğana minnətdar olmalıdır”.
Rauf Arifoğlu dedi ki, Azərbaycan türkləri Türkiyəni sevdiyi üçün türkcə danışan hər kəsi bağrına basır. Amma bağrına bir ilan basdığını da çox gec bilir…
R.Arifoğlu eyni zamanda bu məsələnin Azərbaycanda kampaniyaçılığa çevrilməməsinin vacibliyinə toxundu: “Azərbaycan dövlətinin bu məsələdə mövqeyi düzgündür. Biz hər bir halda və hər bir məsələdə Türkiyənin yanında olmalıyıq”.
****
 ““Xalq cəbhəsi” qəzetinin baş redaktoru olduğum zaman, 2001-ci ildə qəzetdə nurçularla bağlı Vüqar Hüseynovun araşdırmalarını dərc etdik. O vaxt Türkiyədə nurçuluq əleyhinə yazan Nəcib Hablemletoğlu qətlə yetirilmişdi. 8 yazı yayımladıq. Həmin vaxtı həm mənə, həm də yazının müəllifi Vüqar Hüseynova, eyni zamanda qəzetin dostu olan Qüdrət Həsənquliyevə təzyiqlər başladı. 8 nömrədən sonra məhz Türkiyə səfirliyinin təkidi ilə yazıları dayandırdıq. Çünki bizim üçün dost və qardaş ölkənin rəsmi mövqeyi, incidilməməsi önəmli idi”.
Bunu “APA Holding”in prezidenti, Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin üzvü Vüsalə Mahirqızı MŞ-da “Azərbaycan mediası dini radikalizmə qarşı” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
O qeyd edib ki, bu araşdırma ilə bağlı həmin vaxt “Xalq Cəbhəsi” qəzeti məhkəməyə verilib.
V. Mahirqızı deyib ki, 2013-cü ilə qədər gülənçilərin keçirdikləri tədbirlərdə dünyanın müxtəlif ölkələrinin ən tanınmış şəxsləri, dövlət rəsmiləri iştirak ediblər: “Çünki bu, həmin vaxt Türkiyə dövlətinin yaxın müttəfiqinin tədbirində iştirak kimi qəbul olunurdu. Ona görə də mən hamının bu gün ucdantutma qınanılmasının, bu məsələ ilə bağlı kampaniyaçılığın əleyhinəyəm. Lakin 2013-cü ildən sonra artıq Türkiyə dövləti belə bir müttəfiqi olmadığını açıqladı, bunlara qarşı mübarizəyə başladı. Məhz bundan sonra bu dairə ilə sıx əlaqə saxlayanlar, əməkdaşlığı davam etdirənlər mütləq araşdırılmalı və cəzalandırılmalıdır. Eyni zamanda hətta 2013-cü ilə qədər də bu qrupun dövlət əleyhinə fəaliyyətində onlarla əməkdaşlıq etmiş şəxslərin araşdırılması və cəzalandırılması lazımdır. Yoxsa Türkiyə hakimiyyətinin müttəfiqi kimi yanaşıb, Türkiyə dövlətinə və hakimiyyətinə sayğıdan irəli gələrək bu insanlarla münasibət saxlayan, tədbirlərdə iştirak, çıxış edən adamların qaralanmasını doğru hesab etmirəm”.
V. Mahirqızı eyni zamanda qeyd edib ki, hələ 2009-cu ildə Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov gülənçilərə qarşı açıq və sərt fikrini bildirib: “Həmin tədbirdə çoxumuz iştirak edirdik. Əli müəllim açıq mətnlə bu şəxslərə “siz artıq əndazəni aşmısınız” dedi və bildirdi ki, biz Türkiyə Cümhuriyyətinin qurucusu kimi Atatürkü tanıyırıq. Heydər Əliyevlə yanaşı yalnız Atatürkün portreti qoyula bilər. O vaxt gülənçilər bundan çox pərt oldular. Həmin vaxt tədbirdə iştirak edən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç da Əli müəllimin bu fikirlərini çox dəstəklədi”.
V. Mahirqızı bildirib ki, Azərbaycan mediası dövlətin maraqlarına təhlükə ola bilən istənilən cərəyanla mübarizədə dövlətin yanındadır: “Düşünürəm ki, bu, birmənalı və mübahisəsizdir”.
“Gülən şəbəkəsi və bu kimi radikal dini təriqətlərə qarşı ən effektiv mübarizə üsulu təhsil sisteminin daha da yaxşılaşdırılmasıdır”. Bunu isə “Gündəlik Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı dedi. Onun sözlərinə görə, belə tədbirlərin, görüşlərin Təhsil Nazirliyinin rəhbərləri ilə təşkil edilməsi önəmlidir.

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …

Bir cavab yazın