Cümə , Fevral 23 2024
Ana səhifə / Cəmiyyət / Real TV-nin sahibi olan iş adamına məxsus şirkət bağlanır

Real TV-nin sahibi olan iş adamına məxsus şirkət bağlanır

“Nyu Sfera-İnşaat” MMC (VÖEN – 1600378881) ləğv olunduğunu elan edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev məhəllə 2382, mənzil 22 ünvanına bildirə bilərlər.
Məlumat üçün bildirək ki, 2005-ci ildə dövlət qeydiyyatına alınan “Nyu Sfera-İnşaat” MMC-nin nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi Heydərov Araz Niqamət oğludur. 
Qeyd edək ki, “Nyu Sfera-İnşaat” MMC-nin Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 2382 ünvanında qeydiyyatda olan “Nyu Sfera Şirkətlər Qrupu”na daxil olduğu və tikinti sektorunda fəaliyyət göstərdiyi qeyd olunub.
“Nyu Sfera Şirkətlər Qrupu”nun rəhbəri isə Azərbaycanın tanınmış iş adamlarından biri olan Quliyev İman Nəsurulla oğludur.
“Nyu Sfera Şirkətlər Qrupu”nun Azərbaycanın biznes sahəsində 1992-ci ildən fəaliyyət göstərdiyi qeyd olunur. Şirkətlər qrupuna “Nyu Sfera İnşaat” MMC, “Nyu Sfera-Turizm” MMC, “Nyu Sfera-Ticarət” MMC, “Nyu Sfera-Nəqliyyat” MMC, “A.R. Kommersiya” MMC və “Şahinlər” MMC daxildir. Onun mülkiyyətində çoxmərtəbəli “Xalqlar Dostluğu” ticarət mərkəzi, Bakıda 3 şadlıq sarayı  – “Romance Palace-1”, “Romance Palace-2″, “Şərq Saray” və “Yay” restoranı var. İsmayıllı rayonundakı “Green House” turizm mərkəzi də İman Quliyevə məxsusdur. “Nyu Sfera Şirkətlər Qrupu” Bakının Suraxanı rayonu ərazisində “Yeni Zığ Yaşayış Kompleksi” inşa edir.
İman Quliyevin rəhbərlik etdiyi “Politon” MMC-nin isə Azərbaycanın ən böyük metaləritmə və metal məmulatı istehsalı müəssisəsi olan “Baku Steel Company” MMC-nin 50%-nə nəzarət etdiyi bildirilir.
Onu da bildirək ki, İman Quliyevin sahibi olduğu şirkətlərdən biri də “Real Təhlil və İnformasiya Mərkəzi” MMC-dir. Bu şirkət isə REAL TV-nin təsisçisidir.
“Nyu Sfera-İnşaat” MMC-nin hansı səbəbdən ləğv olunduğu açıqlanmasa da, şirkətlər qrupuna aid olan bir sıra veb-saytlara daxil olmaq mümkün olmur. Şirkətlər qrupunun rəsmi veb-saytı olan “nyusfera.com”, o cümlədən “Yeni Zığ Yaşayış Kompleksi”nə məxsus olan “yenizigh.com” və “Nyu Sfera-Turizm” MMC-yə məxsus olan “nyusferatravel.com” saytları artıq fəalyyət göstərmir.

Həmçinin oxuyun

Vəfat etmiş keçmiş məcburi köçkünlərin məzarları Qarabağa KÖÇÜRÜLÜR? – AÇIQLAMA

44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən sonra Azərbaycanın qarşısında dayanan ən mühüm hədəflərdən biri işğaldan …