Bazar ertəsi , Sentyabr 28 2020
Ana səhifə / Cəmiyyət / Rasim Balayevin təndiqlərinə dəstək oldular: O, “Meymunluqla aktyorluğu səhv salıblar” demişdi

Rasim Balayevin təndiqlərinə dəstək oldular: O, “Meymunluqla aktyorluğu səhv salıblar” demişdi

Xalq artisti Rasim Balayev yeni çəkiləın filmləri tənqid edib. 

Musavat.com saytına müsahibə verən aktyor yeni ekran işlərinin tamaşaçıların zövqünü korladığını bildirib: “Boş-boş hır-hırla, söyüşlə, meymunluqla guya ki, film çəkirlər. Onlar meymunluqla aktyorluq sənətini səhv salıblar. Bu, sənət deyil, ötəri şeylərdir. Çox adamla söhbət edirəm, onlar bildirir ki, çəkilən yerli seriallara baxmırlar, çünki səviyyəsizlik var. Ona görə də deyirəm ki, peşəkarlıq lazımdır. Bədahətən şeir deyən Aşıq Ələsgər, Əliağa Vahid olub. Amma bədahətən film çəkmək olmaz. Kinonu çəkməyə həm istedad, həm də məktəb lazımdır. Onun montajından tutmuş o qədər dərinlikləri, xırdalıqları var ki, mütləq buna görə məktəb keçməlisən. Yoxsa ki… Bir dəfə səhv edib getdim seriala çəkildim. Onda gördüm ki, heç kəs öz işini bilmir. Düşünmüşdüm ki, evdə bekar oturmuşam, gedim çəkilim, mənəvi zövq alım, amma sonra çox peşman oldum . Çünki sənət deyilən bir şey yox idi, elə “basməmmədi”, “xaltura” çəkilişləri idi. Bununla da sənət inkişaf edə bilməz”.

R.Balayevin fikirləri sosial şəbəkədə də müzakirə olunub. Izləyicilər xalq artistinə haqq qazandırıb. 

Bəs, məşhur aktyor və aktrisalar sənətkarın fikirləri haqqında nə düşünür? 

Musavat.com sənətçilər arasında sorğu keçirib. Aktrisa Aysel Nazim bildirib ki, R.Balayevin fikirləri ilə razıdır: “Rasim bəy çox sevdiyim sənətkarlardandır. Onun sözünün qarşısında söz demək bizə düşməz. Sevimli aktyorumuz  o qədər haqlıdır ki… Hazırda xaltura filmlər çoxdur. Çoxunda çayxana söhbətləridir. İnsan kinoteatra gedəndə bilmir ki, hansı filmə baxsın. Zövqsüzlük, bayağılıq baş alıb gedir. Təəssüf ki, bütün bunlar tamaşaçının da zövqünü korlayır. Əlbəttə, maraqlı və peşəkarcasına çəkilən filmlərimiz də var. İnanıram ki, maraqlı ekran işlərinin sayı çoxalacaq. Biz kinoteatra gedəndə yaxşı filmlərin hansına baxacağıq deyə seçim etməyə çalışaq”. 

Aktyor Şəhriyar Əbilov bildirib ki, hər janrın keyfiyyətli təqdimatı zövqü korlamır: “Oğlan evi” , “Bayram axşamı” kimi filmlər buna nümunədir. O filmlərdə səviyyəli yumor vardı. Estetik olaraq gözəl idi, səliqəli idi, heç bir zombiləşdirmə prosesi daşımırdı, bayağı söyüş yox idi, sağlam gülüş vardı. Bu filmləri nəzərə alaraq tənqidlərlə haradasa razı deyiləm. O, ağsaqqalımızdır, əslində çox haqlıdır, ucuz filmlər çoxaldı, tamaşaçı zövqünü korladı. Tamaşaçı kinoteatra həvəslə getdi, filmləri bəyənməyib, bezdilər və kinoteatrlardan imtina etməyə başladılar. Allah Rasim bəyə can sağlığı versin. Düz deyib, əla deyib”. 

Ş.Əbilov rol aldığı, rəqqasə-aktrisa Oksana Rəsulovanın rəhbəri olduğu “Oksimedia” şirkətinin ərsəyə gətirdiyi “Sevgi romanı” adlı yeni filmdən də danışıb: “Çox ciddi janrdadır. Filmin içərisində satirik yumor ola bilər. Amma çox tərbiyəvi əhəmiyyət daşıyır. Melodramadır, trillerdir. Ekran işində sevgi, qəhrəmanlıq, insanın sevgiyə görə edə biləcəkləri, haqqın hər zaman qalib gəlməsi, ağsaqqala hörmət və s. tərənnüm olunur. Cəmiyyəti sağlam istiqamətə aparmaq üçün hər şey edilib. Sevgi ab-havası yaradılıb, aktyorların maraqlı obrazları var. Düşünürəm ki, tamaşaçılar obrazlardan özlərinə nümunə götürəcəklər. Oksananın öz sözünü deyən və məqsədinə çatmaq üçün çalışan obrazını qızlar özünə nümunə götürəcək. Mənim qəhrəman obrazım igidlik edib, axıra qədər xilaskarlıq edib. Bəylər üçün gözəl nümunə olacaq.  Yəni filmimiz tam tərbiyəvi yöndədir. Bizə belə filmlər lazımdır. İnanaıram ki, peşəkarcasına çəkilən filmlərin sayı artacaq”. 

Aktrisa Çimnaz Sultanova da Rasim Balayevin fikirlərinə qatılıb: “Rasim bəylə tam razıyam. Çox təəssüflər olsun ki, bizim kinomatoqrafiyamızda komediya anlayışı qalmayıb. Komediyamızı klounlaşdırırlar. Sirkdə olan klounların xüsusiyyətlərini ekrana gətirirlər. Komediya mimika və jestlərlə gülüş yaradacaq janr deyil. Bizdə bunları şişiridib, ön plana çəkirlər. Aktyor ciddi üzlə gülməli şeylər danışıb, insanları güldürə də bilər. Dəfələrlə film qalalarına dəvət almışam, filmlərə baxıb xəcalət çəkmişəm”. 

Həmçinin oxuyun

Erməni təxribatının qarşısını almaq üçün ölkə üzrə internetin verilməsi məhdudlaşdırılıb – NAZİRLİK

Ermənistanın törətdiyi genişmiqyaslı təxribatın qarşısını almaq üçün ölkə üzrə internetin verilməsi məhdudlaşdırılıb.Nəqliyyat, Rabitə və Yüksək …