Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Cəmiyyət / RAMİZ TAĞIYEV VƏ SAMİR ADIGÖZƏLLİDƏN COVDAROVUN ACLIQ AKSİYASINA – REAKSİYA

RAMİZ TAĞIYEV VƏ SAMİR ADIGÖZƏLLİDƏN COVDAROVUN ACLIQ AKSİYASINA – REAKSİYA

Ramiz Tağıyev: “Yaxşı olar ki, aclıq etməsin, həbsxanada ona veriləcək cəzanı gözləsin”

Samir Adıgözəlli: “Yəqin Çovdarov üçün azadlıqda sürdüyü təmtəraqlı həyat tərzindən türmə çarpayısına uyğunlaşmaq çox çətindir”

Cinayətkar qrup yaratmaqda, banditizm, korrupsiya və adam oğurluğu cinayətlərində ittiham olunan sabiq MTN generalı Akif Çovdarov aclığa başlayıb. A.Çovdarov avqustun 22-dən aclıq elan edib. O, istintaqı onun hüquqlarını pozmaqda ittiham edir.
Qeyd edək ki, A.Çovdarov Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1 (Rüşvət alma (passiv rüşvətxorluq), qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma (passiv rüşvətxorluq) təkrar törədildikdə), 311.3.3 (Rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə), 311.3.4 (Rüşvət alma (passiv rüşvətxorluq) hədə-qorxu tətbiq olunmaqla törədildikdə) maddələri ilə ittiham olunur. Bundan başqa, onun barəsində Cinayət Məcəlləsinin 145.3-cü (Qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə də cinayət işi açılıb. O, ötən ilin noyabr ayında həbs edilib və barəsində dörd aylıq həbs-qətimkan tədbiri seçilib. Sonradan həbs müddəti artırılıb.
Xatırladaq ki, Milli Təhlükəsizlik Nazirliyinin generalı Akif Çovdarovun yaxın günlərdə məhkəməyə çıxarılacağı gözlənir. Artıq Çovdarovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Hazırda vəkillər və tərəflər cinayət işinin materialları ilə tanış olur. Tanışlıq mərhələsi başa çatandan sonra iş baxılması üçün məhkəməyə göndəriləcək.
Məhz belə bir məqamda Akif Çovdarovun aclıq etməsinin arxasında hansı məqsədlər dura bilər?

 

Ramiz-Tağıyev
Vaxtilə sabiq MTN-in hazırladığı ittihamlar əsasında həbsə salınan tanınmış siyasətçi Ramiz Tağıyev “Bakı-Xəbər”-ə  açıqlamasında bildirdi ki, Akif Çovdarovun bu formada etiraza əl atması təəccüblü görünür: “Bu gün onlardan çox adam yaza bilər. Ancaq qılınclarının dalı və qabağı kəsən vaxt mən onların bütün əməllərini açıb ortaya qoyurdum. Açıq yazırdım ki, bu cür adamlar təmsil etdikləri qurumun adına bir ləkədir. Çovdarovun daxil olduğu MTN rəhbərliyi mənim və doğmalarımın başına olmazın müsibətlər gətirib. İndi etiraz əlaməti olaraq aclıq edir. Onlarda insaf deyilən bir şey yox idi. Hətta vaxtında yazılı şikayətlərə belə baxmırdılar. Həbsdə olan adamın yanına gedib-gələn doğmasına təzyiqlər edirdilər ki, həmin yoldan çəkilsin. Çovdarov nəyə etiraz edir? Mən anlaya bilmirəm. Bu adamın etmədiyi cinayət qalmayıb. Cinayət edibsə, mütləq cavab verməlidir. Çovdarov belə əməli ilə istintaqa güc göstərmək istəyir. Yaxşı olar ki, aclıq etməsin, həbsxanada ona veriləcək cəzanı gözləsin və ondan sonra günahlarının bağışlanması üçün Allaha dua etsin”.

 

samir-adigozelli3
Dünya Azərbaycanlıları Konqresi icra aparatının rəhbəri Samir Adıgözəlli də qəzetimizə açıqlamasında Akif Çovdarovu şou göstərməkdə ittiham etdi: “Bu adamlar utanmalıdır. Ona görə ki, Azərbaycanın önəmli və milli adını daşıyan strukturuna böyük zərbə vurdular. Akif Çovdarovun etdiyi əməllər barədə mediada yayılan informasiyaları oxuyanda adamı dəhşət bürüyür. Düşünürsən ki, bu adam dövlətin ona etdiyi etibardan necə xaincəsinə istifadə edib. Hazırkı məqamda onun aclıq etməsinin kökündə istintaqa təzyiq amili dayanır. Bilir ki, bu günlərdə məhkəmə olacaq, yəqin ki, etdiyi əməllərə cavab vermək anı yaxınlaşdıqca, Çovdarov isterikaya qapılır. Hesab edirəm ki, onunla bağlı çox normal davranışlar sərgilənir. Yəqin Çovdarov üçün azadlıqda sürdüyü təmtəraqlı həyat tərzindən türmə çarpayısına uyğunlaşmaq çox çətindir. Ancaq qanunvericilik edilən cinayətə görə cəza verilməsini tələb edir”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Polisə: “Yazma, bunu burax”, – deyən şəxs başını bəlaya saldı

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) paytaxtın 20 Yanvar dairəsində və “Şamaxinka” adlanan ərazidə …

Bir cavab yazın