Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Cəmiyyət / RAMİZ TAĞIYEV AXCP İLƏ MÜSAVATIN YAXINLIĞINI MÜMKÜSÜZ SAYIR

RAMİZ TAĞIYEV AXCP İLƏ MÜSAVATIN YAXINLIĞINI MÜMKÜSÜZ SAYIR

Ramiz Tağıyev: “Mən bu barışığın olmasını istəyənlərdənəm, ancaq hazırkı məqamda bunun mümkünlüyünə qətiyyən inamım yoxdur”

Nurəddin Məmmədli: “Bizim belə “xırda-xuruş” məsələlərə ayıracaq zamanımız yoxdur”

Həbsdən yenicə azad edilən siyasətçilərdən bəziləri AXCP ilə Müsavat arasında olan gərin münasibəti tənzimləmək istəyir. Daha çox bu təşəbbüsə Müsavat Partiyasının başqanı Tofiq Yaqublu can atıb. O həbsdən çıxan kimi belə bir fikrinin olduğunu bildirib.
Ancaq maraqlıdır ki, həbsdən yenicə azad edilən Müsavat başqanının digər müavini Yadigar Sadıxov isə belə təşəbbüsü dəstəkləmədiyini deyib.
“Tofiq Yaqublu Müsavatla AXCP-ni barışdırmaq, münasibətləri düzəltmək və bir araya gətirmək məqsədilə təkliflər irəli sürüb, siz bu təklifləri müdafiə edirsinizmi” sualına o belə cavab verib: “Müsavat Milli Şuradan ayrılanda bəyan etdi ki, bu qurumla funksional əməkdaşlığa hazırdır. Yəni bizim Milli Şuradan çıxmağımız o mənanı vermir ki, tamamilə yolları və istiqamətimizi ayırdıq. Müsavatın bəyan etdiyi mövqe “ayrılsaq da, bərabərlik” mövqeyi idi. Təəssüflər olsun ki, AXCP və Milli Şura buna mənfi reaksiya verdi, bunu xəyanət kimi qiymətləndirdi. Müsavatla əməkdaşlıqdan imtina etdilər. Buna görə də hazırda söhbət Müsavatın öz addımına yenidən diqqət etməsindən gedə bilməz. Milli Şuranın Müsavatla bağlı tutduğu mövqeyə yenidən baxması lazımdır. Müşahidələrimə görə, Tofiq Yaqublunun bu təşəbbüsünə Milli Şura və cəbhəçilər meylli görünmürlər. Odur ki, bu məsələdə nikbin deyiləm”.
AXCP-nin sədr müavini Nurəddin Məmmədli isə açıqlamasında barışıq təklifini “xırda-xuruş” məsələ adlandırdı: “Bizim belə “xırda-xuruş” məsələlərə ayıracaq zamanımız yoxdur. Ona görə də belə təkliflə qapımızı döyməsinlər. T.Yaqubluya məsləhətim budur ki, özünə əziyyət verməsin”.
Maraqlıdır, bu mövzu ilə bağlı digər siyasilər nə düşünür?
Tanınmış siyasətçi Ramiz Tağıyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu alınan məsələ deyil: “Çünki həmin partiyalar arasında yaranan narazılığın kökü çox dərinlərə gedib çıxır. Bu səbəbdən də hansısa həbsdən çıxan siyasətçinin belə təşəbbüs göstərməsi uğurlu olmayacaq. Gördünüz ki, AXCP-nin sədr müavinləri də müsavatçılara boş yerə özlərini yormamağı məsləhət gördülər. Belə bir misal da var: dalaşanda gərək elə dalaşasan ki, barışmağa yer olsun. Bu partiyalar arasındakı bütün pərdələr götürülüb. Şəxsən mən bu barışığın olmasını istəyənlərdənəm, ancaq hazırkı məqamda bunun mümkünlüyünə qətiyyən inamım yoxdur”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Azərbaycanda yenə koronavirusa gündəlik yoluxma 3 mini keçdi, 30 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3469 yeni yoluxma faktı qeydə alınıb, 1229 nəfər müalicə olunaraq sağalıb …

Bir cavab yazın