Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Cəmiyyət / Rəsul Quliyevin qohumu olan sabiq deputatla bağlı maraqlı məlumatlar

Rəsul Quliyevin qohumu olan sabiq deputatla bağlı maraqlı məlumatlar

“Unudulan deputatlar” adlı rubrikada vaxtilə parlamentin üzvü olmuş şəxslərdən bəhs edirik.

Rubrikamızda bəhs edəcəyimiz növbəti sabiq deputat Eldar Salayevdir.

Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Eldar Salayev müstəqil Azərbaycan Respublikasının 1995-2000-ci illərdə fəaliyyət göstərmiş I çağırış Milli Məclisinin üzvü olub.

O, parlamentə bitərəf namizəd olaraq 44 saylı Şəki kənd seçki dairəsindən mandat qazanmışdı. E.Salayev Milli Məclisin Elm və təhsil məsələləri komissiyasının üzvü olub.

Eldar Salayev 1933-cü il dekabrın 31-də Naxçıvan şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsini bitirib. Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Beynəlxalq İslam Akademiyasının (İordaniya), Beynəlxalq Şərq Neft Akademiyasının həqiqi üzvüdür. Fizika-riyaziyyat elmləri doktoru, professordur. “Şöhrət” ordeni ilə təltif edilib.

Əmək fəaliyyətinə AMEA Fizika İnstitu­tunda başlayaraq kiçik elmi işçi, elmi katib, la­bo­ratoriya müdiri, direktorun elmi işlər üzrə müavini, SSRİ Müdafiə Səna­yesi Nazirliyinin Elmi-tədqiqat Tətbiqi Fizika İnstitutunun və sonra Elmi-tədqiqat Fotoelektronika İnstitutunun direktoru vəzifələrində işləyib.

Eldar Salayev hələ sovet dövründən deputat olub – 1984-1992-ci illərdə Ali Sovetin üzvü idi.

Akademik 1983-1997-ci illərdə Azərbaycan Elmlər Akademiyasının prezidenti vəzifəsində də çalışıb. Deyilənə görə, 1992-ci ildə Xalq Cəbhəsi hakimiyyətə gələndə Elmlər Akademiyasının bağlanma fikri ortaya atılıb. O zaman Akademiya prezidenti olan Eldar Salayev bunun qəti əleyhinə çıxıb.

E.Salayev bərk cisim fizikası, kvant elektronikası və fotoelektronika sahə­sində görkəmli alimdir.

O, başlıca olaraq yeni mürəkkəb yarımke­çirici­lərin alın­ması, fundamental tədqiqi, onlar əsasında yeni cihazların yaradıl­ma­sı və xalq təsərrüfatına tətbiqi ilə məşğul olub.

Bu cihazlar Kurçatov adına Atom enerji institutunda termo nüvə sintez zamanı yüksək temperaturlu plazmaya nəzarət qurğusu, lazer nişanlan­ma sistemi, yerin təbii sərvətlərini tədqiq edən “Kos­mos”, “Resurs-01”, “Resurs-09” kosmik aparatları, Mars planeti və onun Fobos peykini tədqiq edən “Fobos” avtomatik stansiyası, müxtəlif markalı və təyinatlı pilotsuz sis­temlər, 1984-cü ildə birinci dəfə Moskva şəhəri və vila­yətinin istilik xəritəsini çəkən uçan aparat, müxtəlif raket, təyyarə və yerüstü döyüş maşınlarında və s. müvəffəqiyyətlə istifadə olunub.

E.Salayev 420 elmi əsərin və 88 ixtiranın və patentin, 4 mono­qra­fiyanın müəllifidir.

“Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilib, akademik Vavilov adına, H.Z.Ta­ğıyev adına, N.Nərimanov adına mükafatların laureatıdır.

E.Salayev Milli Məclisin keçmiş sədri Rəsul Quliyevə görə vaxtilə Azərbaycan Demokrat Partiyasını (ADP) dəstəkləyən tanınmış simalardan biri olub. Rəsul Quliyevlə həm dost, həm də qohum olan Eldar Salayev və onun oğlu Elman Salayev 2000-ci illərin əvvəllərində ADP tərəfdarı kimi tanınmışdılar. Qeyd edək ki, 1996-cı ildən Amerikada yaşayan Rəsul Quliyev 1998-2007-ci illərdə ADP sədri kimi fəaliyyət göstərib.

Akademikin oğlu Elman Salayev hətta bir müddət ADP-nin sədr müavini də olub. 2003-cü il prezident seçkilərindən sonra isə partiyadan uzaqlaşan oğul Salayev ABŞ-a mühacirət edib.

Akademik Eldar Salayevin 2005-ci ildə hakimiyyətin qəzəbinə tuş gəlməsinin əsas səbəblərindən biri Rəsul Quliyevə yaxın olması idi.

Eldar Salayev 2005-ci il oktyabrın 17-də ADP lideri Rəsul Quliyevin Bakıya dönməsi ilə bağlı planlaşdırıldığı iddia edilən dövlət çevrilişinin təşkilində ittiham olunaraq saxlanılmışdı.

O, 2005-ci oktyabrın 27-də Milli Təhlükəsizlik Nazirliyinə şahid qismində dəvət olunmuş və oradaca saxlanılmışdı. Həmin vaxt MTN-nin təcridxanasında saxlanılan Eldar Salayev barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçilmişdi.

Eldar Salayev Cinayət Məcəlləsinin 3 maddəsi ilə ittiham edilirdi. Deyilənə görə, Eldar Salayev keçmiş maliyyə naziri Fikrət Yusifovun ifadələrinə əsasən saxlanılıb.

Məlumatlara görə, Fikrət Yusifov istintaqa Rəsul Quliyevin Azərbaycana qayıdışını maliyyələşdirmək üçün keçmiş nazirlərdən aldığı pulun bir hissəsini Eldar Salayevə verdiyini bildirib.

O zaman bununla bağlı açıqlama verən Baş prokurur Zakir Qaralov bildirmişdi ki, Rəsul Quliyevin tapşırığı ilə müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərdən, o cümlədən sabiq səhiyyə naziri Əli İnsanovdan və “Azərikimya” Dövlət Şirkətinin sabiq prezidenti Fikrət Sadıqovdan toplanmış pul vəsaitlərinin Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Eldar Salayevə verildiyi, onun ölkədə hakimiyyət çevrilişinə hazırlıq və Rəsul Quliyevin qayıdışı ilə əlaqədar yuxarıda adları çəkilən şəxslərlə birlikdə müxtəlif mənzillərdə, eləcə də bağ evlərində keçirilən gizli görüşlərdə, müvafiq planların hazırlanmasında, bütün bu proseslərlə bağlı zəruri təşkilati və maliyyə təminatı məsələlərinin həllində iştirakı sübuta yetirilib.

Z.Qaralov qeyd etmişdi ki, keçirilmiş üzləşdirmələrlə və axtarış zamanı götürülmüş maddi sübutlarla təsdiqləndiyinə görə, E.Salayev barəsində Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Akademik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28-ci (cinayətə hazırlıq), 220.1-ci (kütləvi iğtişaşa hazırlıq), 278-ci ( hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə məsuliyyətə cəlb olunmuşdu.

Xatırladaq ki, AMEA-nın o zamankı prezidenti mərhum Mahmud Kərimov başda olmaqla Rəyasət Heyəti də E.Salayevin əleyhinə bəyanat vermişdi.

Amma ziyalıların və ictimaiyyət nümayəndələrinin müraciəti, eləcə də Azərbaycan elminin inkişafındakı xidmətləri, 4 dəfə ağır cərrahiyyə əməliyyatı keçirdiyinə görə daimi həkim nəzarətində olmasının zəruriliyi nəzərə alınaraq, 2005-ci il noyabrın 16-da onu həbsdən azad etmişdilər.

O zaman E.Salayevin həbsdən buraxılmasını şərh edən Baş prokurorun bir açıqlaması Eldar Salayevi hiddətləndirmişdi.

Belə ki, Zakir Qaralov Eldar Salayevin istintaqa yaxından kömək göstərməklə səmimi ifadələr verdiyini, istintaqın gedişində təqsirini qismən etiraf etməklə digər təqsirləndirilən şəxslərin, o cümlədən Əli İnsanov və Akif Muradverdiyevin ifşa olunmasına kömək göstərdiyini, gözlərinin kataraktası və digər xəstəliklərinin mənfi istiqamətdə inkişaf etməsi kimi halları nəzərə alınaraq, onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə əlaqədar Bakı şəhəri Nəsimi rayon məhkəməsinə təqdimat verdiyini iddia etmişdi.

Eldar Salayev isə Zakir Qaralovun iddialarını rədd edərək, istintaqa ifadə vermədiyini, ittihamlarla razılaşmadığını bildirmişdi: “Mən heç nəyi boynuma almamışam, heç bir etiraf da eləməmişəm. Bu cür məlumatlar məni cəmiyyətdə nüfuzdan salmaq üçündür”.

Eldar Salayev uzun illərdir müxtəlif xəstəliklərdən əziyyət çəkir. Hələ 2006-ci ildən gözləri tutulan alim müalicəsini xaricdə aparılmasına icazə verilməsini xahiş etmişdi.

O zaman Baş Prokurorluq Eldar Salayevin ölkə prezidentinə müraciətini, müalicəsinin yalnız xarici ölkədə mümkün olmasını nəzərə alaraq, müstəsna hal kimi ona xaricə getməyə icazə vermişdi.

2010-cu ildə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Eldar Salayevin xeyrinə qərar çıxararaq, onun 27 oktyabr 2005-ci il tarixdə tutulması zamanı hüquqlarının pozulduğunu təsdiqlənmişdi. O zaman mətbuatda Avropa Məhkəməsinin qərarının “Salayev Azərbaycana qarşı” adlandırılması akademik tərəfindən etirazla qarşılanmışdı.

“Bu mənim Azərbaycan dövlətinə qarşı olmağım kimi qiymətləndirilə bilməz” deyən alim bildirmişdi ki, heç zaman Azərbaycana qarşı olmayıb və dövlətə münasibətdə özünü qalib hesab etmir:

“Mənəvi ziyanın kompensasiyası ilə bağlı mənim tərəfimdən tələb irəli sürülməmişdi. Fikrimcə, şərəf və ləyaqət heç bir maddi dəyərlə qiymətləndirilə bilməz və mənim Azərbaycan dövlətinə qarşı hər-hansı maddi tələbim yoxdur”.

Eldar Salayev hüquqlarının bərpasına dair qərarın Azərbaycan məhkəmələri tərəfindən deyil, beynəlxalq məhkəmə tərəfindən qəbul edilməsindən də təəssüflənmişdi.

Akadamik uzun müddətdir ki, mətbuatda, aktiv ictimai həyatda və elmi proseslərdə görünmür.

Bununda əsas səbəbi akademikin yaşı və səhhəti ilə bağlıdır.  Hazırda 87 yaşı olan Eldar Salayevin gözləri görmür. Buna baxmayaraq, akademik mətbuata sonuncu açıqlamalarının birində elm aləmində baş verən hər bir yeniliklə maraqlandığını bildirib.

“Tələbələrim mənə baş çəkirlər, öz işlərindən danışırlar. Məndən məsləhət alırlar. Mənim özüm də bu yaşda bir gün belə, elmdən ayrılmamışam. İnsanın gözləri görməyə bilər, amma ağıl iti, ruh işıqlı olmalıdır ki, korluğun bilinməsin”.

Modern.az

Həmçinin oxuyun

Mehriban Vəliyeva: “Direktorlar tədris prosesini növbəli şəkildə qura bilərlər”

“Sıxlıq olan məktəblərdə təhsil müəssisələrinin rəhbərləri növbəliliyi təmin etmək məsələsində müstəqildirlər” APA-nın məlumatına görə, bunu …