Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Qubad İbadoğlu Konqonun paytaxtı Brazzavildə Azərbaycan haqda nə deyib?

Qubad İbadoğlu Konqonun paytaxtı Brazzavildə Azərbaycan haqda nə deyib?

Fikrət Yusifov: “Onun dövlətçiliyimizə qarşı yönəlmiş hərəkətlərinə hüquqi qiymət verməyin vaxtı artıq çatıb”
“Qubad İbadoğlu orada deyib ki…”

Sabiq maliyyə naziri Fikrət Yusifov son günlər Azərbaycan iqtisadiyyatında yaranan tendensiya ilə bağlı panika yaymağa çalışan şəxslərə sərt cavab verib. O bildirib ki, Azərbaycan dünyanın iqtisadi-maliyyə sistemindən təcrid vəziyyətdə yaşayan ölkə deyil ki, dünya iqtisadiyyatında baş verən proseslərin bizə aidiyyəti olmasın:
“Son illərin iqtisadi uğurlarına, qeyri-neft sektorunun inkişafında əldə olunmuş əsaslı irəliləyişlərə baxmayaraq, ölkəmizin iqtisadiyyatında neft amili hələ ki, tam aradan qalxmayıb. Bu səbəbdəndir ki, neftin dünya bazarlarında qiymətinin dəyişməsi bizə də təsirsiz ötüşə bilməz. Ancaq bunu cəmiyyətə “Fəlakət baş verəcək”, “Ərzaq tədarükü görün”, “Bu gedişlə bütün rezervlər bircə aya bitəcək” kimi yersiz, heç bir məntiqə sığmayan və savadsızlıq göstəricisi olan çağırışlarla təqdim edənlər görünür neft qiymətlərinin statistikasını da araşdıra bilmirlər. Bilsəydilər, görərdilər ki, neftin qiyməti tarix boyu necə və neçə dəfə dəyişib. “İqtisadçı” qiyafəsinə bürünmüş bu adamlar manatın “Məmməd”, “Nizami”, “Qız qalası” kimi adlar verilmiş hörmətsiz və dəyərsiz vaxtlarını nə tez unudublar? Milli valyutamızın haradan hara gətirildiyi, hansı səviyyəyə qaldırıldığı onların gözünün qarşısında baş verməyibmi? Ümumiyyətlə, bu adamlar deyə bilərlərmi ki, büdcəsi bizim neftsiz büdcəmizdən az qala 2 dəfə aşağı olan qeyri-neft ölkələri bu gün necə yaşayıb fəaliyyət göstərirlər?”
Fikrət Yusifov açıqlamasında iqtisadçı Qubad İbadoğlunu da sərt tənqid edib: “Görəsən manatla bağlı “SOS” siqnalı çalan Qubad İbadoğlu bu kimi sualları özünə verirmi? Manatın bu ilin fevral ayındakı kəskin devalvasiyaya uğramasında özünün məsuliyyətsiz çağırışları və insanların valyuta mübadiləsi məntəqələrinə axışmasına təkan vermiş təxribatçı bəyanatları ilə “xüsusi xidmətlər” göstərmiş bu adam əməllərinin cəzasız qalmasından daha da ruhlanaraq Azərbaycanın beynəlxalq təşkilatlarda üzvlükdən çıxarılması məqsədilə məqsədyönlü şəkildə iş aparmaqdan da çəkinmir”.
Qubad İbadoğlu ilə bağlı səsləndirilən fikirlərə daha ətraflı aydınlıq gətirmək üçün Fikrət Yusifovla əlaqə saxladıq. O, “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Qubad İbadoğlunun Azərbaycan dövlətçiliyi əleyhinə göstərdiyi fəaliyyətə dair əlimizdə kifayət qədər fakt var:

“O, bu yolda artıq ilk “nəticəni” də əldə edə bilib. Belə ki, bu il aprelin 15-də Konqo Respublikasının paytaxtı Brazzavildə keçirilən “Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü” (MSŞT) üzrə beynəlxalq İdarə Heyətinin 29-cu toplantısında məhz Q.İbadoğlunun təkidi və səyi ilə Azərbaycanı bu təşkilata həqiqi üzv statusundan məhrum edən və “namizəd ölkə” statusuna endirən qərar qəbul edildi. O, bu təşkilatda öz çirkin “missiyasını” yerinə yetirdikdən sonra onun sıralarından istefa verib. Həmin tədbirin protokolunda elə dəhşətli faktlar var ki… Biz onu açıqlayanda xalqımız Qubadın hansı fəaliyyətlə məşğul olduğunu anlayacaq. Siz təsəvvür edin ki, bu adam həmin tədbirdə dönə-dönə Azərbaycanın qurumdan çıxarılmasını istəyib. İnsan müxalif ola bilər, ancaq xaricdə heç olmasa dövləti maraqları qorumağa çalışmalıdır. Qubad İbadoğlu orada deyib ki, Azərbaycan hakimiyyətinin əlindən zorla qaçıb canını qurtara bilib. Halbuki, buradan öz xoşu ilə gedib və hazırda ABŞ-da yaşayır. Orada “NED” deyilən bir təşkilatla əməkdaşlıq edir. Bu, daima Azərbaycanın əleyinə aktiv kampaniya aparan bir təşkilatdır. Həmin təşkilatla Qubad İbadoğlunun hansı səpkidə əməkdaşlığı ola bilər? Əminəm ki, Azərbaycan üçün zərrə qədər də faydası olmayan bir əməkdaşlıqdır. Bir daha xatırladıram ki, bu adamın Azərbaycan dövlətinə qarşı apardığı təxribatlarla bağlı yaxın günlərdə mətbuatda xüsusi açıqlamamız olacaq. Hesab edirik ki, onun dövlətçiliyimizə qarşı yönəlmiş hərəkətlərinə hüquqi qiymət verməyin vaxtı artıq çatıb”.
Qubad İbadoğlu hazırda ABŞ-da olduğu üçün barəsində səsləndirilən ittihamlara onun münasibətini öyrənmək cəhdlərimiz heç bir səmərə vermədi. Onun da münasibətini dərc etməyə hazırıq.
Qubad bəy cavabını tam çap olunmaq şərtilə redaksiyamızın elektron poçt ünvanına göndərə bilər. Yeganə şərtimiz etik normalara tam riayət olunması ilə bağlıdır.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın