Ana səhifə / Cəmiyyət / Qoyun saxlamaq ayıb deyil, qoyun kimi yaşamaq ayıbdır…

Qoyun saxlamaq ayıb deyil, qoyun kimi yaşamaq ayıbdır…

Beş-altı il əvvəl dostlarımdan birindən soruşdum ki, Anar Vəziroğlunu tanıyırsan? 

Cavabı belə oldu: “Tanıyıram! Baba Vəziroğlunun qardaşıdır”.

Bu həmin vaxt idi ki, bizim Anar müəllim efirlərə yenicə ayaq açırdı. Uzun müddət çap mətbuatında çalışdığı üçün üzdən tanınmırdı, imzası tanınırdı. Özü də razılaşar ki, böyük qardaşı, nəğməkar-şair, istedadlı qələm dostumuz Baba Vəziroğlunun kölgəsində qalırdı. Amma çılğınlığı, sözü üzə deməyi və inadkarlığı sayəsində çox tez məşhurlaşdı. İndi onun kölgəsi gənc jurnalistlərin üzərinə düşür…

Biz iki il eyni efiri bölüşmüşük. İndi olduğu kimi o vaxt da şəxsi maşınım olmadığı üçün Anar Vəziroğlunun sayəsində dəfələrlə uzaq yolum qısa olub. Qədirbilən insan olduğuma görə onun əziyyətini heç vaxt unutmaram.

Bəlkə də xəbəriniz yoxdur, Anar müəllimin elmi dərəcəsi var. O, filologiya üzrə fəlsəfə doktorudur. Bu yaxınlarda yazmışdım: Azərbaycan telekanalları alimi Əli Mirəliyevə çevirir. Əgər siz Anar müəllimi fərqli ampluada tanıyırsınızsa, bu ilk növbədə Azərbaycan televiziyalarının günahıdır…

Uzunlçuuq etmədən mətləbə keçmək istəyirəm. Bir az əvvəl qarşıma Anar Vəziroğlunun daimi eksperti olduğu “Elgizlə izlə” verilişindən bir fraqment çıxdı. Aparıcı verilişin qonağı olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, Opera və Balet Teatrının solisti Afaq Ağayevadan günə necə başladığını soruşur. Afaq xanım həyət evində yaşadığını xatırladaraq, belə deyir: “Əvvəl toyuq-cücəyə dən səpirəm, sonra həyət-bacanı süpürüb samovarı qaynadıram”.

Bu vaxt dostumuz Anar Vəziroğlu replika atır: “Toyuq saxladığı üçün savadsızdır”.

Allahdan, Afaq xanım mədəni insan olduğu üçün təmkinli reaksiya verir. Elgiz yaxşı bacardığı “malalama” əməliyyatına başladığından tezliklə studiyada əvvəlki ab-hava bərpa olunur.

Son vaxtlar qəribə tendensiya yaranıb: sanki bəzi ekspertlər insanları təhqir etmək üçün yarışa giriblər. Həyət-bacanı süpürmək nə vaxtdan ayıb sayılır? Camaat dizə kimi zibilin içində yaşamalıdır? Biz insanlara toyuq saxlamağı yox, toyuq kimi küt olmağı irad tuta bilərik.

Mənə maraqlıdır: görəsən, Afaq xanım həyətdə qoyun saxladıqlarını desəydi, Anar müəllimin reaksiyası nə olacaqdı?

Dostum, qoyun saxlamaq ayıb deyil, insan doğulub qoyun kimi yaşamaq ayıbdır. 

Özünü hamıdan ağıllı sayan bəzi yekəxana adamların qoyun kimi otarıldığını o qədər görmüşəm…

Yəqin siz də görmüsünüz…

Seymur Verdizadə

Həmçinin oxuyun

Alimdən nazirə cavab: “55 yaşım var, heç kirayəni verə bilmirəm”

“Ali təhsil müəssisəsinin elmi şurası maliyyəni xərcləmə istiqamətini özü tənzimləməlidir”. Bunu elm və təhsil naziri …