Çərşənbə axşamı , Noyabr 28 2023
Ana səhifə / Cəmiyyət / Qorxmaz Əlilicanzadə: “Qənirə Paşayeva nazirə zəng edib dedi ki…”

Qorxmaz Əlilicanzadə: “Qənirə Paşayeva nazirə zəng edib dedi ki…”

“Neçə gündür, özümə gələ bilmirəm. Qənirə xanımın dünyadan köçməsi mənə böyük dərd oldu. Hüznlüyəm. Ona çox dərin hörmətim var idi, indi də var. Ölənə qədər o xanımın insanpərvərliliyini, dostcanlılığını, fədakarlığını, incəsənətə və incəsənət adamlarına göstərdiyi qayğını, hörməti unuda bilmərəm. Azərbaycanda təkcə incəsənət adamları deyil, həkimlər, qazilər, şəhid ailələri, kimsəsizlər – elə bir sahə yoxdur ki, Qənirə xanım o səhənin adamları ilə dostluq etməsin, insanlıq əlini uzatmasın. İki dəfə rəsmi qəbulunda olmuşam. Hələ məni mədəniyyət nazirləri, nazir müavinləri o səviyyədə qarşılamamışdılar. Qənirə xanım məni necə dəyərlə qarşıladı. Məclislərdə, tədbirlərdə də həmişə görüşürdük, xoş rəftar, qarşılıqlı hörmət həmişə olub. Mən onun Türkiyədə, Strasburqda və başqa ölkələrdə alovlu çıxışlarının aşiqi idim. Bu qadında nə qədər dərin hafizə var idi, gecə yuxudan da oyatsan, əzbər deyərdi. Bütün hadisələri beyninə həkk etmişdi. Suallara verdiyi dəqiq cavablar… O, böyük, fenomen insan idi…” 

Bu sözləri Pravda.az-a müsahbəsində Azərbaycanın ilk şoumeni Qoxmaz Əlilicanzadə mərhum millət vəkili Qənirə Paşayeva barəsində danışarkən deyib. 

Q.Əlilicanzadə Qənirə Paşayevanın qəbulunda olmasından danışıb: “İxtira etdiyim alətlərlə bağlı Qənirə xanıma müraciət etmişdim. Səhər qəbuluna gəldim. Köməkçisi dedi ki, qəbul etməyə vaxtı yoxdur, bəlkə, bir aya qəbul edə bilər. Amma qapıdakı mühafizəçi məni tanıdı. Dedi ki, Qənirə xanım elə adam deyil ki, sizi 1 aydan sonra qəbul etsin, mən onu görəndə deyəcəm ki, siz gəlmişdiniz. Mühafizəçi telefon nömrəmi aldı. Həmin gün Qənirə xanım iclasa gəlməli idi. Mənə zəng gəldi ki, axşam saat 18:00-da Qənirə xanım sizi gözləyir. Qəbuluna gələndə çox adam var idi. Söhbətim uzun çəkəcəkdi deyə hörmət əlaməti olaraq vətəndaşları irəli buraxdım. Üç nəfərdən sonra məni qəbul etdi. Məndən əvvəlki vətəndaşlar 10 dəqiqə qəbulunda oldular. Mənimlə isə 45 dəqiqəyə yaxın söhbət etdi. İşlərimə böyük dəyər verdi. Sabiq nazirə zəng etdi ki, Qorxmaz müəllimi təcili qəbul edin, onun məsələsi çox vacibdir, musiqi alətlərimizin gələcəyindən söhbət gedir, XXI əsr Azərbaycan musiqisində böyük inqilab ola bilər. Üstündən bir neçə gün sonra keçmiş nazir müavini mənə zəng etdi, sonra qəbul etdi. Amma nazir məni qəbul etmədi. İkinci dəfə Qənirə xanım mənimlə maraqlandı. Bunu biləndə nazirə yenidən zəng etdi ki, xahiş edirəm, Qorxmaz müəllimi qəbul et, dinlə. Nazir bundan sonra məni qəbul etdi, dinlədi, təbii ki, nəticə olmadı. Qənirə xanımın qəbuluna yenidən rəsmi şəkildə yazıldım. Əvvəlki kimi hörmətlə qarşıladı. Hətta birlikdə mənimlə şəkil də çəkdirdi. Dedi ki, mənim üçün şərəfdir, sizin kimi sənətkar qəbuluma gəlib. Mənim üçün ikiqat şərəf idi ki, Qənirə xanım kimi el qızı, el xanımı ilə görüşdüm. O, nazir müavininə zəng etdi ki, axı sizə demişdim, Qorxmaz müəllimin məsələsinə ciddi baxılsın. Sonra nazirə zəng etdi, nazir telefona cavab vermədi. Qənirə xanım nazirlə yenidən danışacağına söz verdi. Amma bir müddət sonra mədəniyyət nazirliyində kadr dəyişikliyi oldu. Yeni gələn nazirə görə Qənirə xanıma müraciət etmədim. Gözləyirdim ki, anti-terror əməliyyatlarında zəfər çalaq. Möhtərəm cənab Prezident başda olmaqla, Ordumuz bizə bu qələbəni yaşatdı. Allah şəhidlərimizin ruhunu şad etsin, qazilərimizə şəfa versin. Düşünürdüm ki, qələbədən sonra oktyabr ayında Qənirə xanımın qəbuluna yenidən gedim. Şübhəm yox idi, məni qəbul edəcəkdi, yeni nazirə və müavinlərinə də tapşıracaqdı ki, Qorxmaz müəllimin ixtira etdiyi alətlərə ciddi yanaşsınlar. Qənirə xanım ad günülərində, yubileylərində incəsənət adamları ilə görüşürdü, onları təltif, təbrik edirdi. O, çox dəyərli insan idi. Azərbaycan xalqı böyük bir şəxsiyyət itirdi. Bütün ömrünü, həyatını jurnalistikaya, siyasətə həsr edən Qənirə xanım bizi tərk etdi. Bunu deməyə dilimiz gəlmir de Allah ruhunu şad etsin. Özümə gələ bilmirəm. Çox pis günlər yaşayıram, elə bil doğmamı, əzizimi itirmişəm. İndi belə insanlar incəsənət aləmində azdır. Vəzifəli adamları nəzərdə tuturam. O, cənnəti qazandı. Allah ailəsinə, əzizlərinə səbir versin. Qənirə xanımı tərifləməyə layiq söz tapa bilmirəm. Hamımız o xanımı vəsf etməyə acizik. Ən əsası budur ki, o, Allahın sevimli, layiqli bəndəsi kimi dünyadan köçdü. Həccə də gedib, heç kimə heç yerdə bu barədə deməyib. Mən bunu indi bildim. Allahın hüzuruna yaxşı əməlləri ilə getdi…” 

Həmçinin oxuyun

“Sürücü və katibə də başqa vətəndaş kimi ev alıb” – Anar

Artıq bir neçə gündür ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) 21 nəfərə ev verməsi müzakirə edilir.Bununla …