Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Cəmiyyət / Qohumum həbs olunub, məni işə götürmürlər bu doğrudur? – AÇIQLAMA

Qohumum həbs olunub, məni işə götürmürlər bu doğrudur? – AÇIQLAMA

Vətəndaşlar bir çox dövlət orqanlarına, nazirliklərə işlə bağlı müraciət edərkən onlardan tələb edilən məlumatlardan biri də özünün və ya yaxın qohumunun həbsdə olub-olmamasıdır. Əgər həmin şəxsin, ailəsində, yaxın qohumları içərisində kimsə əvvəllər məhkum olubsa həmin adam işə qəbul edilmir. Bir sözlə vətəndaş etmədiyi bir əməlin cəzasını çəkir və haqlı olaraq belə bir sual verir: “Yaxın qohumum olsa belə, başqasının işlədiyi cinayətə görə, mənin hüquqlarım nə üçün əlimdən alınır?
Qeyd edək ki, yaxın qohumun işlədiyi mənfi əməl səbəbilə, başqasının müəyyən mənada cəzalandırılması heç bir qanunda nəzərdə tutulmayıb. Ancaq, Azərbaycanda hələ də qeyri-rəsmi şəkildə belə yanaşmalar davam edir. Mövzu ilə bağlı hüquqşünas Vamiq Şükürovla əlaqə saxladıq.

Vamiq Şükürov Yeniavaz.com-a açıqlamasında bildirdi ki, bəhs edilən hal, şəxsin bir cinayətə görə iki dəfə cəzalandırılması deməkdir: “Azərbaycanın hüquq sisteminə görə, bir şəxsin eyni cinayətə görə, iki dəfə cəzalandırılması qanunsuzdur. Əgər şəxs hansısa cinayət törədirsə ona cinayət işi qaldırılır, barəsində məhkəmə hökm verir və cəzasını müəyyən olunmuş qaydada çəkir. Əgər həmin adamın qohum-əqrabası ona görə işə qəbul edilmirsə, bu həmin şəxsin eyni cinayətə görə, iki dəfə cəzalandırılması mənasına gəlir.

Hüquqşünas bildirdi ki, Müdafiə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Fövqəladə Hallar Nazirliyi və ya digər dövlət orqanlarında hələ də yaxın qohumu həbsdə olan vətəndaşlar işə qəbul edilmirlər: “Şəxsin cinayət törətməsinə görə, onun ailəsi, yaxınları, övladları məsuliyyət daşıya bilməz. Bu da cinayət məcəlləsində cinayətin yalnız onu törədən şəxsin daşıması prinsipinə ziddir. Cinayətin cəzası ancaq onu törədən şəxsə aiddir”.

Vamiq Şükürovun sözlərinə görə, valideynlərinin və ya onun digər yaxınlarının məhkum olunmasına görə, şəxsin dövlət qulluğuna qəbul edilməməsi qanunvericilikdə nəzərdə tutulmayıb: “Bu nə polis haqqında qanunvericilikdə, nə də dövlət təhlükəsizlik orqanlarında və digər dövlət qulluğu orqanlarında xidmətlə bağlı qanunvericilikdə yoxdur. Hətta qeyd edim ki, cinayət törədən şəxslərə verilən cəzanın bitməsindən sonra onun müəyyən müddət ərzində məhkumluq dövrü olur. Həmin vaxt bitdikdən sonra artıq şəxs cəzasını tamamilə çəkmiş sayılır və dövlət strukturlarında işləmək hüququ yaranır. Qanunla cinayət törətmiş şəxsin belə, müəyyən müddətdən sonra dövlət strukturlarında işləmək hüququ yaranırsa, şəxsin yaxın qohumlarına cəza verilməsi ümumiyyətlə doğru deyil”.

Hüquqşünas qeyd etdi ki, bəhs edilən proses bəzi dövlət orqanlarının qeyri-rəsmi qadağasıdır: “Mən başa düşürəm ki, xüsusi dövlət qulluğu orqanlarında təhlükəsizlik tədbirlərinə əsasən belə addımlar atırlar. Bu məsuliyyətdən irəli gələn bir yoxlamadır. Ancaq bu hal qanunsuzdur. Belə vəziyyətlə qarşılaşan şəxslər məhkəməyə müraciət etməlidirlər”.
Qeyd edək ki, bir neçə gün əvvəl Bakı Şəhər Baş Polis İdarəsinin (BŞPİ) Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevin bəhs etdiyimiz mövzu ilə bağlı fikirləri yayılmışdı: “Cinayətə meyilli şəxslər tək özlərinin yox, həm də ailə üzvlərinin, qohumlarının, övladlarının “tərcümeyi-hal”nı ləkələyir. Bu ləkə, ömür boyu onları təqib edir”.

Bu sözlərə aydınlıq gətirməsi üçün Elşad Hacıyevlə əlaqə saxladıq. O, açıqlamasında bildirdi ki, həmin fikirləri işin mənəvi tərəflərini nəzərə alaraq söyləyib: “Məsələn bir şəxsin atası, bacısı, həyat yoldaşı və ya qardaşı həbs olunur. Bu hallarda insanlar öz doğmalarının yoxluğunu çəkir, burada mənəvi tərəflər var. Söhbət təkcə kiminsə hüquq mühafizə orqanlarında işə qəbul olub-olmamasından getmir. Biz istəmirik ki, analarımız, bacılarımız, qardaşlarımız ömür boyu həbsxana yolu gözləsinlər. Bu sözləri deməkdə əsas məqsədimiz budur. Siz diqqət edin cinayət işləyən adam özü ilə nə qədər adama mənfi hislər yaşadır. Vətəndaşlarımız pis əməlin nəticəsini görməli olduqları halda görmürlər, və bir çox cinayətlər, bədbəxt hadisələr baş verir. Keçən il ərzində ehtiyatsızlıq səbəbilə Azərbaycanın avtomobil yollarında 821 ölüm hadisəsi baş verib. Bunun nəticəsində kimsə dünyasını dəyişir, xəsarət alır. 

Həmçinin oxuyun

Bu gün Türkiyədə Polad Həşimov parkı açılacaq

Bu gün Türkiyənin Bursa vilayətində Polad Həşimov parkının açılışı olacaq. Şəhid generalın xatirəsi Türkiyədə əbədiləşdirilib. …