Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Qiyamçı müstəntiq atası ilə yollarını ayırdı

Qiyamçı müstəntiq atası ilə yollarını ayırdı

Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun prokurorluq orqanlarından istefa verən oğlu Rüfət Səfərovun səhhəti gündən-günə pisləşir.

Bu barədə musavat.com-a onun həyat yoldaşı Nuray Səfərova məlumat verib. Onun sözlərinə görə, iki gündür aclıq aksiyası keçirən R.Səfərovun təzyiqi aşağı düşüb, halı pisləşib. O, artıq danışa və yeriyə, eləcə də telefon zənglərinə cavab verə bilmir.

N.Səfərovanın sözlərinə görə, davamlı olaraq həkim müayinəsindən keçən həyat yoldaşının durumu get-gedə pisləşir. Bu axşam R.Səfərovun atası Eldar Sabiroğlu və nənəsi ona baş çəkmək üçün Zərdabda olacaqlar: “Artıq yoldadırlar. Rüfəti aclıq aksiyasını dayandırması üçün razı salmağa cəhd edəcəklər”.

N.Səfərova bildirib ki, həyat yoldaşından yoxlama üçün yoldaşından alınan şəxsi noutbuku artıq onun özünə qaytarılıb.

O, “bəs yoxlamanın nəticəsi barədə sizə bir şey deyildimi” sualına cavabda bu barədə heç bir məlumatı olmadığını dedi: “Rüfət düzəlsin, özü sizə məlumat verər. Mənim nəsə deyəcək qədər məlumatım yoxdur”.

R.Səfərovun bibisi isə bildirib ki, ondan aclığını dayandırması üçün bütün gün xahiş edib dilə tutsalar da buna müvəffəq ola bilməyiblər.

Günün sonunda Eldar Sabiroğlu “Yeni Müsavat”a açıqlamasında bildirib ki, R.Səfərov qoca nənəsini eşitdi və aclığı dayandırıb.

E.Sabiroğlu azpolitika.info-ya yolladığı yazılı müraciətində isə oğlu ilə yollarını ayırdığını bəyan edib.

Müraciətdə deyilir: “Bütün hallarda ağır bir işdir. Lakin bu, ata-oğul münasibətləri anlamında başa düşülməməlidir, o, bu gün də mənim övladımdır, özü də çox istəkli övladımdır. Həyatım ona qurbandır! Onun dünyagörüşü, zəngin biliyi, yüksək mədəniyyəti, intellekti, rəhmdilliyi, haqsızlığa dözümsüzlüyü ilə fəxr edirdim. İndi də bu məhəbbətim, oğluma olan arzularım sonsuzdur. O, mənim işığımı yandıracaq, ocağımı alovlandıracaq yeganə oğuldur. Allah qıymasın!

Artıq olan olub, keçən keçib. Rüfət gərək elə etməyəydi. Axı eyni əqidənin sahibi idik. Birdən-birə nə baş verir, mənim üçün anlaşılmazdır. Ancaq fakt budur ki, artıq o, yolunu dəyişdi – başqa istiqamət götürdü. Beləliklə, əqidəcə yollarımız ayrıldı. Özünün bəyan etdiyi kimi.

Bundan sonra o, başqa bir yolla, mən isə 20-25 il bağlı olduğum və zaman-zaman ədalətsizliklərə məruz qalsam da peşmançılığını çəkmədiyim Heydər Əliyev yolu ilə getməyə davam edəcəm. Rüfətlə siyasi baxışlarımızın tam dəyişdiyi qənaətindəyəm. Kaş ki, belə olmayaydı. Amma zaman ata ilə balanı üz-üzə qoydu. Bundan ağır, bundan dəhşətli bir şey təsəvvür etmək çətindir. Heç kimə də belə bir həyat arzulamıram.

Rüfət yetkin insandır, onun siyasi seçimi ilə bağlı KİV-in özü ilə əlaqə saxlamalarını xahiş edərdim. Bir ata kimi indiyəcən nə fikirlərim, məsləhətlərim var idi, hamısını mətbuatda bölüşdüm. Sizlərin məni düzgün başa düşmənizi rica edərdim”.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın