Ana səhifə / Cəmiyyət / Qazilərimizi intihara aparan səbəblər…

Qazilərimizi intihara aparan səbəblər…

Son 3 gündə Azərbaycanda daha iki qazi intihar edib. Vətən müharibəsi iştirakçıları Urakəran kənd sakini, 1994-cü il təvəllüdlü Fərid Rafiq oğlu Quliyev və Daşkəsən rayonu, Pirverdilər kənd sakini, 1990-cı təvəllüdlü Fərman Həsənov yaşadıqları evdə özlərini asaraq, intihar ediblər. Təxminən bir ay bundan öncə də ölkədə iki qazinin intihar etməsinin şahidi olduq. Müharibənin od-alovundan, dəhşətindən sağ çıxmış, ölkəmizə qələbəni yaşatmış  qazilərimizin sonda psixoloji tramvaların fəsadlarına dözməyərək, intihar etməsi bütün cəmiyyətimizi sarsıdır. Bəs qazilərimizi necə qoruyaq? Onlara hansı formada dəstək olunmalıdır?

Millət vəkili Razi Nurullayev mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:

“Şəxsən mən də çox böyük narahatçılıq keçirirəm ki, qazilərimiz, müharibə iştirakçıları arasında özünəqəsd halları baş verir. Bu, cəmiyyətimiz, insanlarımız, qələbəmiz üçün çox ağır bir durumdur.

Təbii ki, bu cür halların baş verməsinin ilk növbədə  səbəblərindən biri onların müharibə zamanı aldığı psixoloji travmalardır. Bütün dünyada postmüharibədə bu cür hallar baş verir. Digər səbəb isə qazilərin, müharibə iştirakçılarının həkim nəzarətindən kənarda qalmasıdır. Onları mütləq şəkildə xəstəxanalarda nəzarət altında saxlamalıyıq. Lakin təəssüf ki, bəzən həkimlərdə belə bir fikir yaranır ki, qazilərimiz əlillik almaq üçün özlərini xəstə göstərmək istəyir və yaxud yaralarının, psixoloji durumlarının daha ağır olduğunu göstərməyə çalışırlar. Nəticədə qazilər xəstəxanadan evə buraxılır. Evdə də ailəsi onu müalicə etdirə bilmir, sonradan bu cür faciələr baş verir.

Hər gün bir neçə qazini qəbul edirəm. Sonuncu dəfə iki gün əvvəl 3 nəfər qazini qəbul etmişəm. Hamısında da eyni problemdir. Onlar mənə reseptlərini göstərib, bildirdilər ki, 3 möhür vurulmuş xüsusi dərmanları apteklərdən alır və onların sayəsində yata, təskinlik tapa bilirlər. Lakin bu, ömür boyu davam edə bilməz axı. Qazilərimizə, müharibə iştirakçılarına daha ciddi yanaşmaq, nəzarət etmək lazım idi. Bəlkə onları həkim nəzarəti altında istirahət mərkəzlərinə göndərmək lazımdır? Beləliklə, çox təəssüflər olsun ki, bütün bunlar olmadı və nəticədə bu cür ağır faciələr yaşayırıq. Ümumiyyətlə, hesab edirəm ki, qazilər, müharibə iştirakçıları ilə bağlı xüsusi qurum yaradılmalı idi. Bu qurum onların hər birinin problemi ilə məşğul olmalı idi. Lakin bu gün nə baş verir? Qazilər, müharibə iştirakçılarının bir hissəsi ilə YAŞAT fondu, bir hissəsi ilə ASAN Xidmət, icra hakimiyyətləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Səfərbərlik Xidməti, hospitallar, bir hissəsi ilə isə onların aid olduğu hərbi hissə və valideynləri məşğul olur. Bu, dözülməz bir haldır. Ümid edirəm ki, bu məsələ ilə bağlı tezliklə bir qərar veriləcək”.

Razi Nurullayev vəd etdiyi adları çəkdi: Rövnəq Abdullayev, Cahangir  Əsgərov...

Razi Nurullayev: “Onların hər birinə mütləq şəkildə psixoloji yardım lazımdır”

Razi Nurullayev qazilərin, müharibə iştirakçılarının əksəriyyətinin psixoloji yarımdan kənar qalmasından da söz açıb: “Bu gün əgər hansısa qazi özü gedib müraciət, xahiş etməsə, valideyni onu psixoloq yanına gətirməsə heç birinə psixoloji yardım göstərilmir. Ümumiyyətlə, Azərbaycanda psixoloji yardım göstərilməsi bir ənənəyə çevrilməyib. Bəzən psixoloji durumu pisləşən insanlar düşünür ki, onun üzərinə psixoloq gəlirsə, deməli, dəlidir. Məsələn, bir neçə qazi ilə rastlaşmışdım, dedilər ki, ”bizə məsləhət gördülər ki, Maştağada psixiatrik xəstəxanaya müraciət edək. Məgər dəliyik ki, ora gedək?” Yəni cəmiyyətimizdə bu cür yanaşma var. Lakin istənilən halda bu cür insanları taleyin ümidinə buraxmaq olmaz. Onların hər birinə mütləq şəkildə psixoloji yardım lazımdır. Şəxsən mən yanıma gələn müharibə iştirakçılarını müşahidə edəndə görürəm ki, onların psixoloji durumları çox çətin vəziyyətdədir. Bəs bu şəkildə onların xəstəxanadan evə buraxılması nə dərəcədə doğrudur? Yaxşı, düşünürlərmi ki, onlar evə göndərildikdən sonra hansı pulla müalicə olunmalıdırlar? Bir çoxlarının heç sığortası yoxdur. Bəzi bölgələrdə həkim, psixoloq, dərman çatışmazlığı var.

Hesab edirəm ki, biz müharibədən sonra müharibə aparan insanlarımıza doğru-dürüst sahib çıxa bilmədik”.

Birinci Qarabağ Müharibəsinin qazisi, jurnalist Rey Kərimoğlu: “Bu gün Mərkəzi Hərbi Hospitala girib-çıxan istənilən yaralı qazi özünə nifrət edir, əsəbləri pozulub, intihar etmək istəyir. Vəziyyət biabırçılıqdır! İnsanların əsəbləri ilə oynayırlar. Yaralanmış qazinin bədənindəki qəlpəsini yazmırlar. Məsələn, qazi gözünü itirib, sənədə bu haqda qeyd edirlər, bədənində qalan qəlpəni qeyd etmirlər. Deyəndə ki, ay qardaş, bunu da yaz, həkim cavab verir ki, ”boş şeydir”. Və yaxud qazi gözünü, ayağını itirməyib, amma bədənində qəlpə var, onu göndərirlər xidmətə və yaxud deyirlər ki, “bu xırda şeydir”. Axı həkimin borcudur ki, bütün bunları qeyd etsin, amma etmirlər. Beləliklə, qaziləri incidir, narahat edirlər. Hospitala gələn hər bir əsgər çox narazı halda geri qayıdır.

Bu gün Ağdam azad olunur

Rey Kərimoğlu: “Birinci Qarabağ müharibəsi iştirakçılarının arasında da intiharlar olmuşdu, lakin bu gün… ”

Bəli, Birinci Qarabağ müharibəsinin iştirakçıları arasında da intihar halları olmuşdu. Lakin bu başqa məsələdir. Bu gün qazilərimizin intiharının səbəblərindən biri aldıqları travma, yaralarıdısa, ikincisi Müdafiə Nazirliyinin müxtəlif strukturlarında baş verən özbaşınalıqlarla bağlıdır. Bütün müharibələrdən sonra postmüharibə dövrünün travması olur. Qazilər üçün ən yaxşı məlhəm onların bir-biriləri ilə təmasıdır. Amma bu gün qazilər, müharibə iştirakçıları başsız, kimsəsiz buraxılıb, onların cəmiyyəti yoxdur. Olan digər cəmiyyətlərə üz tutanda da elə bilirlər ki, onlara veteran, əlillik statusu veriləcək. Amma məlum olduğu kimi, ictimai birliklərin belə bir statusu yoxdur, onlar sadəcə müharibə iştirakçılarını, qaziləri qeydə alır və onların ictimai işlərdə, tədbirlərdə iştirakını təmin edir. Beləliklə, qazilər bir yerdə olmalı, bir-biriləri ilə təmasda olmalıdırlar. Müharibədə iştirak etmiş şəxs üçün ilk yardım öz döyüş yoldaşları ilə hər gün təmasda olmaqdır. Birinci Qarabağ müharibəsi dövründə, 1992-ci ildə Qarabağ Əlilləri Cəmiyyəti yaranmışdı. Həmin cəmiyyətin həyəti, yeməkxanası var idi. Bakıdan, Şəkidən, Kürdəmirdən, bir sözlə, ölkənin ən müxtəlif bölgələrindən hər gün 70-80 qazi öz problemləri ilə bağlı müraciət edirdi. Rəhmətlik qazi Etimad Əsədovun rəhbərliyi ilə bir komanda yaradılmışdı. Həmin komandanın üzvü olaraq, biz gələn qaziləri psixoloji cəhətdən sakitləşdirməyə çalışır, bir stəkan çay verib, oturub söhbət edirdik. Onlar da görürdü ki, digər qazilər də ya gözünü, ya ayağını, qolunu itirib, yəni tək deyillər. Beləliklə, qazilər bir-birilərinə baxıb, təskinlik tapırdılar. Bu gün isə bu məsələ yoxdur. Qazilərimiz yalnız kafelərdə birləşirlər. Bu isə yolverilməzdir. Onların bütün problemlərini əhatə edə biləcək qeyri-hökumət təşkilatı yaradılmalıdır. Bildiyim qədər onlar bu barədə Prezident Administrasiyasına, Ədliyyə Nazirliyinə müraciət ediblər, amma nəsə onlara maneçilik törətmək istəyənlər var. Bir daha qeyd edirəm ki, dərhal qazilərimizin təşkilatı yaradılmalıdır.

2001-ci ildə bizim “Qarabağ cəmiyyəti”nin ofisini alıblar. Hazırda kiçik bir otağa sığınmışıq, ona görə də qaziləri qəbul edə bilmirik, yəni bunun üçün şəraitimiz yoxdur.

Məlum olduğu kimi, indi qazilərin problemlərini həll etmək üçün YAŞAT fondu yaradılıb. Bu fond, adından da göründüyü kimi, yalnız maliyyə məsələlərini həll edir. Amma axı məsələnin maliyyə olmayan tərəfləri də var. Fondun truppasının başqa məsələ ilə məşğul olmaq  nizamnaməsi yoxdur. Bu səbəbdən, bir daha qeyd edirəm, nə qədər ki, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyində səhlənkarlıqlar baş verəcək, qazilərin intiharı davam edəcək. Bunun qarşısını təkcə nevropatoloq, psixoloq, həkimlə almaq mümkün deyil”.

Həmçinin oxuyun

Müxalifət funksioneri koronavirusdan vəfat etdi – FOTO

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Məhərrəm Həsənov koronavirusdan dünyasını dəyişib. M.Həsənov bir …