Ana səhifə / Cəmiyyət / Qazax Dövlət Sosial-İqtisadi Kolleci ətrafındakı qalmaqal səngimir- Göyüşlu direktorun iddialarını cavablandırdı

Qazax Dövlət Sosial-İqtisadi Kolleci ətrafındakı qalmaqal səngimir- Göyüşlu direktorun iddialarını cavablandırdı

Əziz dostlar, bir müddət öncə facebookda Qazax Dövlət Sosial-İqtisadi Kollecində qanunsuzluqlarla üzləşməyim, sıxışdırılmağım, ondan sonra işsiz qalmağım və bütün bunlara görə heç yerdə işə alınmamağımla bağlı paylaşdığım faktlara mətbuatdan reaksiya verildi. Müxtəlif yazılar getdi, yeri gəlmişkən jurnalistlərin bu cür vicdanlı fəaliyyətinə görə onlara təşəkkür edirəm. Mövzu ilə bağlı Azinforum.az, Xəbəral.az, Dialoq.info saytları informativ xarakterli yazılar dərc etdi. Bütün bu xəbərlərin fonunda bir xanım mobil telefonuma zəng edərək meydan televiziyasının jurnalisti olduğunu bildirdi və profilimdə paylaşdığım, eyni zamanda mətbuatda gedən yazılarla bağlı mövqeyimi öyrənmək istədi. Tam olmasa da, yadıma düşən qanun pozuntuları ilə bağlı açıqlama verdim. Jurnalist məndən sonra qarşı tərəfin də mövqeyini öyrənib. Direktor Elşad Quluyev açıqlama verərək qanunsuzluqlarından dolayısı ilə Nazirliyin, rayon İcra Hakimiyyətinin xəbərdar olduğunu deyib.

Elşad Quluyev: “Vüqar Eyyubov on ildir ki, kollecimizdə işləyir. Nicat Göyüşlü gəlməmişdən öncə, müvəqqəti əmr verərək, tədris işləri üzrə direktor müavini təyin etmişdik. Nicat Göyüşlü bu vəzifəyə təyin olunduqdan sonra Vüqar Eyyubov şöbə müdiri vəzifəsinə keçdi”.

Cavabım: Vüqar Eyyubov mən ora təyinat alanadək Kollecdə rəsmi olaraq ingilis dili müəllimi işləyib. Onun tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin olunması haqqında Təhsil nazirinin əmri olmayıbsa, o 2017-ci ildə necə tədris işləri üzrə direktor müavini vəzifəsində işləyib? Bunu göstərən faktı və Vüqar Eyyubova görə Elşad Quluyevin hansı qanunsuz əməllərə imza atdığını əvvəlki statuslardan birində paylaşmışam. Hətta onu da deyim ki, Elşad Quluyev Vüqar Eyyubovla bağlı Qazax rayon məhkəməsini də aldadıb. Elşad Quluyev onu məhkəməyə verən əyani şöbə müdirini işdən niyə çıxardığını əsaslandırmaq üçün guya ona töhmət elan olunduğunu deyib, bu töhməti isə təlim-tərbiyə işləri üzrə direktor müavini Vüqar Eyyubovun təqdimatı əsasında verdiyini məhkəməyə təqdim edib. Qazax Dövlət Sosial-İqtisadi Kollecində 2019-cu ilə qədər Vüqar Eyyubov adında şəxs nə tədris işləri, nə də təlim tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyib. Yəni onun rəsmi olaraq bu vəzifələrdən birinə təyin olunması haqda əmr yoxdur. Belə olan halda direktor məhkəməyə niyə yalan məlumat verib, ona da fikir bildirsə, yaxşı olar.
İndi Elşad Quluyev deyir ki, Vüqarı müvəqqəti olaraq, tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin etmişdim. Müvəqqəti olaraq belə bir təyinatı verəndə belə, adın qarşısında “tədris işləri üzrə direktor müavini vəzifəsini müvəqqəti icra edən” yazılır. Onun isə imzaladığı sənədlərdə Vüqar Eyyubovun adının önündə vəzifəsi sırf “tədris işləri üzrə direktor müavini” kimi göstərilir. Bundan başqa, direktor mənimlə söhbət zamanı özü etiraf edib ki, Vüqarı öz əmri ilə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin etməmişdən əvvəl bu vəzifədən azad etdiyi əvvəlki tədris işləri üzrə direktor müavinini də özünün əmri ilə illərlə tədris işləri üzrə direktor müavini vəzifəsində işlədib. Belə olan halda Vüqarı müvəqqəti olaraq tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin etmişdim sözünün də yalan olduğu ortaya çıxır.

Elşad Quluyev : “Nicat müəllim işlədiyi müddətdə mən deyirdim ki, qatıq ağdır, o deyirdi ki, qaradır. O, kollecdə işləyəndə, 27-28 yaşı var idi. Otağa açarı əlində fırlada-fırlada girirdi. Məni direktor kimi saymırdı. Belə hərəkətləri vardı, xoşuma gəlmirdi. Dəfələrlə bunu özünə irad tutmuşdum. İcra başçısı ilə münasibətlərinə gəlincə, mənim nəyimə lazımdır? İcra başçısı ilə münasibəti ola da bilər, olmaya da. Əgər onun başçı ilə münasibəti yoxuydusa, niyə onu çağırıb demişdilər ki, Elşad müəllimi çıxaraq, yerinə səni direktor qoyaq? Belə şeylər görəndə, xoşum gəlmədi, hətta ona dedim ki, Nicat müəllim, belə işləmək olmaz. Mən otuz ildir, bu kollektivdə işləyirəm. İşçilərin doxsan beş faizi qadındır. Ona deyirdim ki, kollektivlə yola get. Lakin o, kollektivlə yola getmədi, onunla dalaşdı, bununla dalaşdı. Haqqında şikayətlər oldu”.

Cavabım: Elşad Quluyev mənə və ya hansısa işçiyə niyə qatığın rənginin nə formada olması haqda onunla həmfikir olmağı əmr etməli idi ki? Direktor işçinin öz vəzifə borcunu düzgün yerinə yetirib-yetirməməsinə nəzarət etməli olduğu halda, özündə bu təpəri hardan tapır ki, işçilərə onun bəzi qanunsuz tapşırıqlarını yerinə yetirməyə borclu olduğunu desin. Qanunsuz tapşırıqlarını yerinə yetirməyən işçilərə də səndən xoşum gəlmir deyib bir formada onun “torbasını tiksin”. Ümumiyyətlə 21-ci əsrdə bu mövzunun müzakirəsi belə ağrılıdır. Yəni mən heç bir arqument gətirmədən direktorun bütün qanunsuz göstərişlərinə belə əməl etməliyəmmiş. Onda olardım gözünün işığı, bir də baxardım ki, saxta sənədlərə imza atdığıma görə qanun qarşısında cavab verməliyəm. Yəni direktora gələcək mümkün təhlükəyə görə özümü qurban verməyə hazır saxlasam, məndən xoşu gələrmiş, etməmişəm deyə xoşuna gəlməyib.
Açar məsələsinə gəlincə, deyim ki, iş otağımın, avtomobilimin, evimin açarı bir yerdə çox olduğuna görə əlimdə saxlayırdım, cibimə yerləşmirdi. Bu boyda həngamə dura-dura indi mövzu mənim əlimdə açar tutmağım oldu? Ondansa, siz əmək məzuniyyətinə çıxanda xidməti avtomobili və Kollecin möhürünü özünüzlə aparmağınızdan danışın. Mən Nazir müavininin əmri ilə direktorun səlahiyyətlərini müvəqqəti icra etdiyim vaxt möhürü mənə təqdim etməkdən niyə yayındığınızı izah edin, xidməti avtomobili şəxsi avtomobiliniz kimi istifadə etdiyinizə açıqlama verin. Təsəvvür edin ki, möhürü mənə niyə təqdim etmirsən sualıma cavab verir ki, sən işçilərə mükafat yazacaqdın deyə vermədim. Nazirliyin əmri ilə direktor səlahiyyətləri müvəqqəti mənə həvalə edilən müddətdəki bütün hesabata mən cavab verirəmsə, siz niyə bu işdən narahat olmalısınız ki? Mükafatı qanunsuz yazmışamsa, buna mən cavab verəcəm də. Yoxsa, xüsusi vəsait ancaq sizin şəxsi malınızdır?
28 yaş isə dövləti idarə edən ulularımızın yaşının iki qatıdır. Yəni sizdən yaşca kiçik olsam da, bu, işləyə bilmək üçün yaşımın yetmədiyi anlamını vermir. Baxın, cənab Prezident 30 yaşlı cavan oğlanı bir idarəyə yox, bir rayona rəhbər təyin edib, siz hələ də gəncləri uşaq gözündə görüb qatığın rənginin sizin gözünüzdə necə görünməsi ilə razılaşmalı olduğunu deyirsiniz.
Maraqlıdır ki, Elşad Quluyev bu mövqeyi ilə həmçinin Qazax Rayon İcra Hakimiyyətinə də ittiham irəli sürüb. Sizə kim deyib ki, məni rayon icra hakimiyyətinə çağırıb sizin yerinizə direktor qoyacaqlarını bildiriblər? Birincisi, Kollecə direktoru Rayon İcra Hakimiyyəti deyil, Təhsil Nazirliyi təyin edir, ikincisi, belə bir dəvət olmadığı halda Rayon İcra Hakimiyyətini niyə yalandan ittiham edirsiniz ki, guya məni sizin yerinizə gətirmək üçün mənimlə görüş keçiriblər?
Mənim heç kimlə davam olmayıb, kimsə sizin təşkilatçılığınızla mənə söyüş söyüb, provokasiyaya çəkibsə, bu mənim kiminləsə dava etməyim demək deyil. Sizin qanunsuz işlərinizə ortaq olub, qanunsuz yollarla pul qazanan 5-10 nəfərdən başqa, heç bir işçi mənə qarşı olmayıb, hətta orada həyata keçirdiyim qanuni işlərimə bir nəfər kimi dəstək ifadə ediblər.
Yeri gəlmişkən deyim ki, mənim nəzarətimin də olduğu imtahanlarda il ərzində dərsə gəlmədiyinə görə qrup üçün tədris olunan bütün fənlərdən imtahana buraxılmayan tələbələrin qiymətini düzəltdiyiniz haqda məlumat almışam. Mənə deyildi ki, jurnalları dəyişib həmin tələbələri guya ilboyu dərsə gəlirmiş kimi göstərmisiniz və dəyişdiyiniz jurnala imzamın eynisi çəkmisiniz. Sonra onların forma7 sənədlərini düzəldib, dövlət imtahanından da qiymət almış kimi qeyd etməklə diplom almalarını təmin etmisiniz. Yəqin buna da bir açıqlamanız olacaq ki, dərsə gəlməyən tələbələrin sənədlərdə düzəliş edərək, jurnalları dəyişərək diplom almasını nə marağa təmin etmisiniz? Ümid edirəm ki, mənə zəng vurub bunları danışan əməkdaşınız da rəy yazaraq olanları bir də burada təsdiq edəcək.

Elşad Quluyev: ” Prezident seçkisi öncəsi gedib icra başçısına demişdi ki, kollecdə qeyri-ixtisas müəllimləri var, onları çıxarırıq. Mən də dedim ki, vallah, çıxarmaq mümkün deyil. Onlar on ildən də çoxdur işləyirlər. İxtisaslar ləğv olunsa da, çıxarmaq düzgün deyil. Başçı dedi ki, Elşad müəllim, sən kənara dur, Nicat müəllim dərsi bölsün. Nicat müəllim dərsi böldü. 16 nəfər müəllimin 14 nəfərini qırağa çıxardı. Onlar da götürüb, cənab Prezidentə müraciətlə şikayət etdilər, internetdə yazı verdilər. İcra başçısı bizim ikimizi də qəbul etdi ki, belə olmaz. Mən də Mikayıl Cabbarova müraciət etdim, həmin müəllimlərin ixtisasları ləğv olunmasına baxmayaraq, kollecdə saxlanıldı. Nicat müəllim bunu təsdiqləyən sənədə qol çəkmədi. Bununla da münasibətlər getdikcə korlandı.

Cavabım: Prezident seçkisi 2018-ci ilin aprel ayında keçirilib. Direktor qəsdlə bu açıqlamanı verib ki, guya mən Prezident seçkisi öncəsi narazılıq yaradırmışam. Yüzlərlə tələbənin, müəllimin haqqını yeyərək real narazılıq yaradan adam, bütün günü dövlətin, dövlət rəhbərinin apardığı uğurlu siyasəti təbliğ edən adama böhtan atır ki, bu narazılığı guya mən yaratmışam. Birincisi, dərs bölgüsü ilə bağlı dediyiniz bu hadisə mən kollecə təyin olunduğum ilk günlərdə, yəni Prezident seçkisindən təxminən 10 ay əvvəl gündəmə gəlib. Prezident seçkiləri isə növbədənkənar keçirildiyinə görə biz ölkə olaraq Prezident seçkilərinin keçirilməsi ilə bağlı məlumatı 2018-ci ilin fevral ayında almışıq. Mən 2017-ci ilin iyun ayında o Kollecdə əmək fəaliyyətinə başlamışam. Həmin vaxtlar da növbəti – 2017/2018-ci tədris ilinin dərs bölgüsünü həyata keçirmək üçün sənədlərə baxış keçirəndə görmüşəm ki, 15-20 nəfərə yaxın qeyri-ixtisaslı müəllim var. Onların da əsasını ibtidai sinif müəllimliyini bitirmiş şəxslər təşkil edir. Qazax Dövlət Sosial-İqtisadi Kollecində isə iqtisadiyyat, sosial, texniki və kənd təsərrüfatı yönümlü ixtisaslarda kadr hazırlığı aparılır. Konkret olaraq həmin Kollecdə aşağıdakı ixtisaslar var:
Baytarlıq;
Aqronomluq;
Zootexnik;
Meşə və meşə-park təsərrüfatı;
Aqrar (fermer) təsərrüfatının təşkili;
Yer quruluşu və torpaq müfəttişliyi;
Elektrik təchizatı;
Poçt rabitəsi;
Sosial iş;
Mühasibatlıq;
Maliyyə işi.
İndi deyin görək bu ixtisaslarda hazırlanan kadrlara ibtidai sinif müəllimi nə dərsi keçir və ya burada hansısa kadr hazırlığından söhbət gedə bilər?
Mən direktora həmin müəllimlərə nə dərsi verilməlidir deyə sual ünvanlayandan sonra səsi Rayon İcra Hakimiyyətindən gəldi. Deməli direktor həmin müəllimlərə deyib ki, Nicat sizi işdən çıxarmaq istəyir. Axı mənim səlahiyyətim buna icazə vermirdi ki, mən kimisə işə qəbul edim, ya da işdən çıxarım. Həmin qeyri-ixtisaslı müəllimlər də yığışıb Rayon İcra Hakimiyyətinə şikayətə gediblər. Sonra bu məsələyə görə direktoru və məni Rayonun başçısı cənab Rəcəb Babaşov qəbul etdi. Mən vəziyyətlə bağlı burda yazdığım faktlarla rayon rəhbərini də tanış etdikdən sonra, məsələyə baxılacağı ilə bağlı fikir oldu. Səhərisi gün həmin müəllimləri müdafiə məqsədilə mətbuatda yazı getdi ki, guya müəllimlər əsassız olaraq sıxışdırılır. Bundan sonra yenidən Rayon İcra Hakimiyyətinə dəvət olunduq. Mən mənim üçün qanunsuz sənədə imza atmağın yolverilməz olduğunu bildirdim. Rayon icra Hakimiyyətindən isə mənim fikrimə dəstək ifadə olundu. Bundan sonra direktor həmin müəllimlərə 1 il vaxt verməklə, dərslə təmin olunmalarına göstəriş verdi. Mən isə qanunsuz işləndiyinə görə dərs bölgüsü tarifikasiyasını imzamla təsdiqləməkdən imtina etdim. Mən başa düşə bilmirəm ki, direktor qanunsuz sənədə imza çəkməyimi niyə bu qədər çox istəyib və bunu etməyəndə də həmin müəllimləri üstümə göndərib ki, Nicat sizi işdən çıxarmaq istəyir, indi də mətbuata açıqlama verir ki, işçilərlə dava-dalaş edirdi.

Elşad Quluyev: “Sonuncu dəfə iki yüz nəfər tələbəyə qol çəkdirmişdi, guya hansısa tədbirə aparır. Həmin kağızla tanış oldum, imzalanan sənəddə başlıq-filan yoxdur, eləcə qol çəkilib. Bilinmirdi ki, uşaqları hara, nə işə aparır? Kağızın nüsxəsini prokurorluğa, digərini isə Təhsil Nazirliyinə göndərdim. İcra başçısı da bundan xəbər tutandan sonra Nicat müəllimə dedi ki, mən əgər bu işdən çıxmasam, bu haqda cənab Prezidentə məruzə edəcəyəm. Nicat müəllim də gedib, ərizəsini yazıb, işdən çıxdı”.

Cavabım: Ağ yalan danışdığını faktla sübut etmək üçün tələbələrin mənim işdən çıxarılmamağım üçün Təhsil nazirinə ünvanladığı müraciət məktubunun surətini şəkil formatında bu paylaşıma əlavə edirəm. Onu da deyim ki, direktor Elşad Quluyev açıqlamasının əvvəlində mənim nə vaxt ərizə yazıb işdən getməyimdən xəbərsiz olduğunu ifadə etsə də, açıqlamasının sonunda mənim başçının təzyiqi ilə ərizə yazmağa məcbur edildiyimi və gedib ərizə yazıb işdən ayrıldığımı vurğulayıb. Yəni, bir yalanı müdafiə etmək üçün mütləq ikinci yalan danışılır.
Hadisə isə belə olmuşdu. Kollecdə təhsil alan bir qohumum olan tələbə (o qohum ki, mən imtahanlara nəzarət etdiyim dövrlərdə həmin qohumun 5 fəndən kəsri yarandı, sonralar Elşad Quluyev məni bütün proseslərdən təcrid edə bildiyinə görə onun necə oxuduğundan xəbərim olmadı) iş otağıma gələrək dedi ki, Kollecin bufetinde “direktor Nicatı işdən azad etmək istəyir” – deyə ona məlumat veriblər. O buna etiraz məqsədilə Nazirliyə müraciət etmək istədiyini dedi. Mən isə buna ehtiyac olmadığını bildirdim, əlavə də etdim ki, həm tələbələrin, həm işçilərin istənilən işçidən qanunsuz işinə görə şikayət etmək, yaxşı işinə görə isə təşəkkür etmək hüququ var. O da müraciət hazırlayıb, sonra da mənim işdən çıxarılmağımı istəməyən tələbələrə həmin müraciətə imza atmalarını istəyib. Bundan xəbər tutan direktor Kollecin mühafizə işini həyata keçirən polis nəfərinə göstəriş verib ki, tələbəni tutub, həmin sənədi onun əlindən alsın, özünü də direktorun qəbuluna gətirsin. Polisin gəldiyini görən həmin tələbə də əlindəki həmin bu sənədi (bu postda paylaşdığım) qarışıqlıqdan istifadə edərək tez yanındakı qız tələbəyə verib, oradan qaçıb. Polis onun arxasınca düşəndə isə qız tələbə sakit formada evlərinə yollanıb. Mən iş saatı bitdiyinə görə iş yerini tərk edəndə gördüm ki, polis onu tutub pilləkənlərlə yuxarı qalxır. Nə baş verdiyindən xəbərsiz olduğum üçün polisdən tələbənin qolundan tutub hara apardığını soruşdum. O da dedi ki, direktor bu tələbəni çağırır. Mən çıxıb evə getdim. Bir neçə saatdan sonra Təhsil Nazirliyinin əməkdaşı mobil telefonuma zəng edərək qohumum olan tələbədən Nazirliyin qaynar xəttinə şikayət daxil olduğunu dedi. Sonra da əlavə etdi ki, həmin tələbə sizi müdafiə etmək və etiraz etmək üçün tələbələri ayağa qaldırıb. Mən də bundan xəbərsiz olduğumu, qanunsuz istənilən hala qarşı qanuni tədbirlərin görülməsinin zəruriliyini bildirdim. Daha sonra əlavə etdim ki, bundan öncə Kollecdə məni işdən çıxarmaq üçün müəllimlərdən mənim əleyhimə olan sənədə imza atmaları tələb olunub. İmza atmayan müəllimlərin bəziləri bu haqda mənə məlumat vermiş, ehtiyatlı olmağı məsləhət bilmişdilər deyə, hadisədən danışılanlar fonunda xəbərdar idim. Dedim ola bilər ki, bu provokasiyanı da həmin o işi təşkil edən hazırlamış olsun. Bunu Nazirlikdən zəng vuran əməkdaşa danışanda bir qədər də gərginlik artdı. O dedi ki, mən indi tələbələrin bu hərəkəti ilə bağlı zəng vuran adama tapşırdım ki, sabah qaynar xəttə də məlumat versinlər. O bunu deyəndən sonra təxmin etdim ki, Nazirliyin mənim mobil telefonuma zəng vuran əməkdaşına bu xəbəri direktor özü verib. Çünki Nazirlik əməkdaşı mənə zəng vurduğu ilk saniyələrdə qaynar xəttə şikayət daxil olduğunu desə də, bir qədər danışdıqdan sonra bunu unutdu və ona məlumat verənə sabah iş saatında qaynar xəttə zəng vurmalarını tövsiyə etdiyini dedi.
Direktor nazirlikdən kimdənsə məsləhətmi alır deyə hələ də düşünürəm. Nazirlik əməkdaşı bu məsələnin dərindən araşdırılacağını dedi, mən də ən doğru yolun bu olduğunu dedim və sağollaşdıq. Sonra həmin qohumluğum çatan və adı nazirlikdən gələn bu tələbəyə zəng vurub, görüşmək istədiyimi dedim. O da öz avtomobili ilə bizə gəldi. Ondan bu haqda ətraflı danışmasını istədim. Yuxarıda qeyd etdiklərimi danışdı. Mən də bu sözlərdən sonra yuxarıda yazdıqlarıma vaqif oldum. Daha sonra ondan müraciəti hansı qız tələbəyə verdiyini soruşdum. Adını və ünvanını deyəndən sonra ora getməli, həmin müraciət məktubunu ondan almalı olduğumuzu bildirdim. Həmin qız tələbəgilə getdik. Mən maşında gözlədim. Qohumluğum çatan bu oğlanı göndərdim ki, get həmin müraciət məktubunu qızdan al gətir. Elə də oldu. Oxuyana qədər, sözün açığı özüm də təşviş içində idim ki, görəsən müraciət məktubuna nə yazılıb ki, bu qədər səs-küy yaranıb? Oxuyanda gördüm bu indi şəkilini çəkib paylaşdığım sənəddir. Bundan sonra Nazirlikdən mənə zəng vuran həmin əməkdaşa bu dəfə mən zəng vurub həmin müraciətdə yazılan sözləri oxudum və onun dediyi kimi heç də tələbələrin ayağa qalxması kimi həyəcanlı nəsnənin olmadığını ifadə etdim. Hətta əlavə etdim ki, ehtiyac varsa, sənədin şəkilini çəkib sizin telefonunuzun vatsapına da göndərə bilərəm. O buna ehtiyac olmadığı dedi və məsələyə baxılacağını bildirdi.
Qətiyyən mənə Qazax Rayon İcra Hakimiyyətindən nəinki rayon başçısı hətta adi bir işçi belə deməyib ki, ya rayon rəhbəri bu məsələni cənab Prezidentə məruzə edir, ya da ərizəni yaz işdən çıx. Direktorun belə bir açıqlama verməklə Rayon İcra Hakimiyyətini onun səlahiyyətləri çərçivəsindən kənar olan işlərə müdaxilədə ittihamı anlaşılan deyil. Eyni zamanda əgər mən onların dediyi kimi belə bir təhlükəli işə imza atmışdımsa, barəmdə niyə həmin vaxt intizam təsiri ölçüləri tətbiq edilməsi üçün addım atılmadı? Indi açıqlamasından bildim ki, direktor bu haqda prokurora məlumat veribmiş. Deməli prokuror direktorun əsassız danışdığını aydınlaşdırıb ki, 1 il 4 aydır işdən çıxmağıma baxmayaraq bu haqda heç izahat verməyimə belə ehtiyac görməyib.
İndi açıqlama verim ki, 2-3 ay öncə iş üçün müraciət etdiyim idarədə bir neçə əməkdaş mənə tələbələri ayağa qaldırmağım haqda yayılan informasiyaların nə dərəcədə doğru olub-olmadığını soruşanda bildim ki, mən niyə bu qədər müddətdə iş tapa bilməmişəm. Deməli idarələrdə belə fikir yayılıb ki, guya mən tələbələri ayağa qaldıracaq qədər təhlükəli adamam. Araşdıranda məlum oldu ki, həmin qohumluğum çatan tələbə sən demə direktorun təzyiqi ilə izahat yazıbmış ki, guya ona tələbələrdən imza toplamağını mən çağırıb xahiş etmişəm. Onun bu izahatına görə heç yerdə işə alınmadığımı düşünərək, həmin qohumluğum çatan şəxsə mobil telefonumla zəng edib niyə yalandan izahat yazaraq, məni etmədiyim hərəkətdə ittiham etdiyini soruşdum. O da bildirdi ki, direktor məni polisə verəcəyi və tələbələr sırasından xaric edəcəyi ilə təhdid etdi. Bununla bağlı sübutu aidiyyatı üzrə təqdim etməyə hazıram. Deməli, direktor tələbələri qorxudub izahat alıb ki, guya onlardan işdən çıxmamağım üçün imza toplamalarını mən istəmişəm. Bu qədər təhlükəli addımlar atan adamdan nə desən gözləmək olar.

Həmçinin oxuyun

Bakıda yol polisi yaralı qadına kömək etdi – VİDEO

Bakıda polis əməkdaşları yaralı qadına kömək ediblər.  Oxu.Az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu Binə …