Cümə , Yanvar 21 2022
Ana səhifə / Cəmiyyət / “Qaynana”: İllərin qocalda bilmədiyi şedevr…

“Qaynana”: İllərin qocalda bilmədiyi şedevr…

“Mən o qaynanalardan deyiləm. Gəlin mənim süpürgəmdir, harda qoydum orda da durmalıdır”… Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının 1978-ci ildə çəkdiyi “Qaynana” filmi bu sözlərlə başlayır.

Gəlin qaynana münasibətləri uzun illər Azərbaycan ailəsinin sağalmaz yarasına çevrilib. Analar hər zaman oğul övladlarını heç kimlə paylaşmaq istəmədiyi üçün, bu problemlər ortaya çıxır. Çox zaman gəlinlər evi tərk edir. Bəzən isə, oğul çarəsiz qalır və həyat yoldaşını da götürüb evdən çıxır.

Gəlin, “Qaynana”ya baxaq…

Əslində Cənnət xala, ürəyi kinli olan bir qadın deyil. Sadəcə gəlini çox yaxşıdır. Belə bir deyim var, insan pisi görmədikcə, yaxşının dəyərini anlamaz. Cənnət xalaya da bu pisi daddırmaq lazım idi ki, o, oğlunun sevərək evləndiyi, ancaq kasıb qızı olan Sevdanı qəbul edə bilsin.

Sevda uzun illərdir ailə həyatı qursa da, Cənnət xalanın ulduzu onunla barışmır. Oğlu üçün daha varlı bir ailənin qızını almaq istəyir. Oğul anaları, hər zaman oğullarını daha dəyərli bildikləri üçün onlara öz istədikləri, varlı-imkanlı ailənin qızını almaq arzusunda olur. Bu, var-dövlətə olan istəkdən deyil, oğluna verdiyi dəyərdən irəli gəlir.

Cənnət xala, oğlunun öz sevdiyi qızla evlənməsinə görə ona da küskünlük hissi bəsləyir. Hətta nəvəsi üçün belə deyir: “Atasından gül dərmişəm, oğlundan gülab çəkəcəyəm”. Cənnət xala elə düşünür ki, bir ailəni dağıdıb, dağılmış ailə üzərində yenidən ailə qurmaq asandır. Yaşlıdır Cənnət xala, ancaq savadsız və cahildir.

“Səni görüm Sevdasız qalasan” deyir oğluna… Cənnət xala arzusuna çatır, Sevda gedir evdən… Və Cənnət xalanın yeni Afətli günləri başlayır. Afət əsl gəlin olur Cənnət xalaya. Onu incidir, təhqir edir, evdə it saxlayır, istədiyi vaxt evdən gedir. Qısacası istədiyini edir. Bu da Cənnət xalaya səhv etdiyini başa düşməyə əsas verir. Cənnət xala anlayır ki, oğlu Ayazı Sevda çox sevirmiş, Cənnət xala anlayır ki, Sevda qalayçı qızı olsa da, kasıb qızı olsa da, düzgün həyat tərzi keçirirmiş. Cənnət xala, var-dövlətin xoşbəxtlik gətirməyəcəyini də anlayır. Afəti tanıyandan sonra Sevdanın dəyərini bilir. Ancaq bir məsələ var, Afəti evdən necə çıxarmalı.

Bir gün Afət gedir. Cənnət xala Sevdanı geri qaytarmaq üçün özü onun yanına gedib evə qayıtmasını xahiş edir. Əslində film komediya janrındadır. Rejissor tamaşaçını güldürə-güldürə qaynana gəlin münasibətləri, var-dövlətin əhəmiyyətli olmadığını başa salmağa çalışır. Əslində Afət gəlin, oğlu Ayazın yaratdığı bir obrazdır. Cənnət xalaya dərs vermək üçün uydurulmuş bir obraz. Cənnət xala, ona oyun oynanıldığının fərqində olmur.

Cəmiyyətdə hər zaman gəlin-qaynana problemləri yaşanıb. Neçə-neçə ailələr bu səbəbdən dağılıb, neçə-neçə qadınlar öldürülüb, döyülüb. Yəni, 40 il keçməsinə baxmayaraq bu problem hər zaman yaşanıb. Bəlkə 40 il keçdikdən sonra da yaşanacaq. Neçə-neçə cənnətlər, afətlər, sevdalar olacaq. Neçə-neçə qadın kasıb olduğu üçün aşağılanacaq, küsəcək, bezəcək. Bu döngü dəyişmir, heç Azərbaycan cəmiyyətində qadına olan baxışlar da dəyişməyəcək. Bizə sadəcə danışmaq qalır.

Bu gün də əksər qaynanalar Cənnət xala kimi düşünür: “Gəlin mənim süpürgəmdir”… Ancaq bu gün oğullar, Ayaz qədər səbrli deyil…

Bizimyol.info

Həmçinin oxuyun

Yeni icra başçısı kollektivə təqdim olundu

Abşeron Rayon İcra Hakimiyyətinin yeni başçısı Abdin Fərzəliyev kollektivə təqdim olunub. Onu Prezident Administrasiyasının Ərazi-təşkilat …