Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Cəmiyyət / Qalstuklu -“hicablı” dələduzlar

Qalstuklu -“hicablı” dələduzlar

Demək olar ki, hər gün mediada bununla bağlı yazılar dərc olunur. Məhkəmə baxışına verilən bu kateqoriyadan olan işlərdə ilginc faktlar üzə çıxır. Ötənlərdə o qədər anormal adamlar və inanılmaz hadisələrlə rastlaşmışıq ki, bizləri təəccübləndirmək asan deyil. Amma məhz bu dələduzluq olaylarının detalları ilə tanış olanda, necə deyərlər, adamın əli üzündə qalır. Düşünürsən ki, bir adam nə qədər hiyləgər, qurbana çevrilən insanlar isə nə qədər sadəlövh olarmış. 

Bir məqam da diqqət çəkir. Əgər əvvəllər fırıldaqçılıqla məşğul olanlar, dost-tanış, yaxın uzaq demədən qarşısına çıxan hər kəsə bir uydurma ilə pul “atan”, kələk gələnlər kişi cinsinə mənsub idisə, son zamanlar qadınlar da bu “sənətə” gəliblər. Hətta banda şəklində fəaliyyət göstərən dələduz dəstənin içərisində də mütləq bir qadın olur, əsasən də inandırmaq işini məhz onlar həyata keçirir. Axı bizim cəmiyyətdə qadının daha humanist olması təsəvvürləri var…

Картинки по запросу işədüzəltmə dələduzluq

Ümumən insanlar daha çox işədüzəltmə məsələsində dələduzluğa məruz qalırlar. Yəni bir nəfər ortaya çıxır, bəzən bir səlahiyyəti olur, bəzən isə sadəcə rola girir, özünü səlahiyyətli şəxs kimi təqdim edir, müxtəlif adamları pul müqabilində işə düzəldəcəyini söyləyir. Azərbaycan insanının da ən yaralı yeridir işə düzəlmək məsələsi. Sovetlər vaxtından şüurlara hopub ki, əgər pul verməsən, işə düzələ bilməzsən. Bu, sanki bir “milli ənənə” halını alıb. Əlbəttə, burada həqiqət payı var. Hansısa idarə və müəssisələrdə müəyyən bir aradüzəldənlərin əliylə, yaxud da elə birbaşa rəhbərliyi “görməklə” işə qəbul olmaq halları mövcuddur. Amma onu da etiraf etmək lazımdır ki, son illərdə dövlət idarə və müəssisələrinə işə qəbul ya rəsmi imtahanladır, ya da prosesi bağlı qapılar arxasında həyata keçirmək imkanları məhdudlaşdırılıb. Yəni vakansiyalar elan olunur və xeyli adam şəffaf şəkildə işə düzələ bilir. Ancaq vəziyyət tam olaraq şəffaf da deyil. Son iki ildə baş verən devalvasiyalardan, bir sıra müəssisələr bağlanandan, ixtisarlara gedəndən sonra iş axtaranların sayı da artıb. Bu isə dələduzların əlinə fürsət verib.

İşə düzəltmə adı altında dələduzluq işləri üzrə hazırda ölkə boyunca yüzlərlə məhkəmə, istintaq işi gedir.

Eyni zamanda, mənzil dələduzluğu da ifrat dərəcədədir. İş o yerə çatıb ki, prokurorluq ötən həftə genişmiqyaslı araşdırmalar apararaq, bir neçə şirkətdəki saxtakarlıq faktlarını birləşdirirək, cinayət işi başlayıb. Hər həftə dələduzluqla əlaqədar 2-3 şikayətçi də gəlib birim redaksiyaya şikayət edir, kömək istəyir.

Картинки по запросу İşə düzəltmə adı altında dələduzluq

Dələduzları anladıq, onlar ən çirkin metodlarla pul qoparmağa çalışır. Mən burada ağıllı, savadlı vətəndaşların “qara quyuya” hansı məntiqlə pul atmasını anlaya bilmirəm.

Dekabrın 2-də məhkəmə qarşısına çıxarılan – dələduzluqda təqsirləndirilən, bağça müdirəsi qiyafəsinə girmiş bir qadının işi üzrə baş verənləri mətbuatdan oxuyarkən vətəndaşların davranışlarından da heyrətlənməmək mümkün deyil.

Bu qadın internetdə elan verib ki, bağçaya işə adam düzəldirəm. Camaat da tanımaza-bilməzə durub gəlib 2 min manatı tutdurub əlinə ki, mənə iş ver.

Картинки по запросу İşə düzəltmə adı altında dələduzluq

Bu da deyib yaxşı, gəl gedək göstərim harda işləyəcəksən. Aparıb bağça obrazı verdikləri bir ofisi göstəriblər ki, burada işləyəcəksən. Adamlar da düz 6 ay gəlib-gedəndən sonra başa düşüblər ki, nə bağça, nə iş, adam hamını aldadıb. Nə lisenziya var, nə bir rəsmiləşmə. Sonra da gediblər hüquq-mühafizə orqanlarına şikayət ediblər, indi də məhkəmədə pullarını tələb edirlər. “Bağça müdirəsi” də deyir ki, nə pul? Beləcə, həmin qadına 5-6 il iş də verəcəklər, pul da batacaq. Əgər onun şikayətçilərə pul ödəmək fikri olsaydı, iş məhkəməyə də gəlib çıxmazdı. Məşədi İbad demişkən, adam bir baxmaz ki, bu kişidir, ya arvad?!..

Похожее изображение

Ən acınacaqlısı, adamlar məhkəmədə deyiblər ki, bu xanım indi məhkəməyə hicabsız gəlir, amma bizi işə düzəldən vaxtlarda “hicablı” idi.

Deməli, dələduzlar üçün müqəddəs heç bir dəyər yoxdur! Hicabdan belə öz çirkin niyyətləri üçün istifadə edir, maskalanırlar. Ümumiyyətlə, insanlarımız bilməlidir ki, dələduzlar çox yaxşı maskalana bilirlər. Əgər sizə hansısa vasitəçilik etmək istəyən, pul müqabilində işə düzəldəcəyini deyən adam kostyum-qalstukda qarşınızda dayanıb, özünü ən mədəni, kamil insan kimi təqdim edirsə, sürətlə qanunvericilikdən sitatlar gətirirsə, insanlıq dərsləri keçirsə, ilk şübhəniz elə buradan başlasın. Eyni ilə də “dindar” qiyafəsinə girən “həci” və “həcixanım”ları da çox diqqətlə araşdırın, Allah zatən enində-sonunda onlara qənim olur, sadəcə, siz qurbana çevrilməyin. Hər qarşınıza çıxana iş üçün pul verəcəksinizsə, tikilməmiş binaya görə pul ödəyəcəksinizsə, dələduzluğa özünüz şərait yaratmış olacaqsınız. (Musavat.com)

Həmçinin oxuyun

“Zəfər” ordeni 900 əyarlı qızıldan hazırlanıb (FOTO)

Azərbaycanın “Zəfər” ordeninin detallı təsviri açıqlanıb.  “Zəfər” ordeni (bundan sonra – orden) 900 əyarlı qızıldan …