Şənbə , May 25 2019
Ana səhifə / Cəmiyyət / Qalmaqallı məmurun arxasından Artur Rasizadə çıxdı – şok iddia

Qalmaqallı məmurun arxasından Artur Rasizadə çıxdı – şok iddia

 

Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi Rəşad Məmmədovun təqdimatını baş nazirin verdiyi deyilir; sabiq “baş bayraqdar”ın dosyesindən fərariliyə görə həbs edilməsi məqamını kim təmizlətdirib?

Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi, “Azİmport” şirkətinin faktiki sahibi Rəşad Məmmədovla bağlı Bakı Şəhər Prokurorluğunda araşdırma aparılır. Onu hər an həbs edə bilərlər. Bu haqda “Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, R.Məmmədovun anasının erməni olması onu Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinə rəis təyin edərkən bilinib. Lakin bu məqam onunla bağlı prezidentə təqdim olunan dosyeyə daxil edilməyib. Dosyeyə daxil edilməsi “unudulan” digər əsas məqam da var – “baş bayraqdar” fərari imiş…
O, 1997-ci ildə döyüş şəraitində olan hərbi hissəni özbaşına tərk edib! Buna görə onu istintaqa cəlb edib barəsində fərarilik ittihamı ilə cinayət işi başlayıblar. Sonradan məhkəməyə göndərilən cinayət işinə hüquqi qiymət verilib və R.Məmmədovu 3 il 6 ay müddətinə cəzaya məhkum ediblər.
Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi rəisinin yarıerməni olması, üstəlik, fərariliyə görə həbsdə yatması onun karyerasında heç bir əngəl yaratmayıb, əksinə,  daha da irəli çəkilib. Bəs ona bu şərait nə üçün yaradılıb? Belə bir ləkəli keçmişi olan şəxsi kim himayə edib, onun təqdimatını kim verib? 
Qaynağımız deyir ki, R.Məmmədovun təyinatı baş nazir Artur Rasizadənin “xeyir-dua”sı ilə baş tutub. R.Məmmədovun A.Rasizadə ilə qohumluq əlaqələrinin olması haqda da məlumat var. Onun dosyesində təyinatına mane ola biləcək məqamların “təmizlənməsi” də bu “xeyir-dua”dan sonra olub.
“Azİmport” şirkətinin sahibi Rəşad Məmmədov prezident sərəncamı ilə işdən azad edildikdən dərhal sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, başına torba keçirilərək naməlum istiqamətə aparılıb. Bu haqda strateq.az-a Rəşad Məmmədovun şirkətində çalışan, ancaq adının çəkilməsini istəməyən əməkdaşlardan biri məlumat verib. O deyib ki, işdən çıxarıldığı və saxlandığı gündən etibarən Rəşad Məmmədovla bütün əlaqələr kəsilib və indiyədək onunla hər hansı bir şəkildə təmas saxlamaq imkanı da yoxdur: “Harada olduğu, hansı qurumda saxlandığını da bilmirik. Bircə onu bilirik ki, həm Rəşad Məmmədovun, həm də şəriki və yeznəsi Azər Əsgərovun işlətdiyi bütün obyektlərdə bir neçə dövlət qurumunun yoxlamaları başlayıb”.
Mənbənin dediyinə görə, Rəşad Məmmədov və Azər Əsgərov indiyədək hakimiyyət içərisindəki çox nüfuzlu və hörmətli bir məmurun himayəsində olsalar da (həmin məmurun kimliyi bizə məlumdur və etik səbəblərə görə adını çəkmirik), son vaxtlar hədsiz dərəcədə zənginləşmələri onların harın həyat sürmələrinə, hətta bir çox hallarda öz himayədarlarına qarşı belə, saymazyanalıq etmələrinə gətirib çıxarıbmış. Deyilənə görə, Rəşad Məmmədovun və Azər Əsgərovun “kəndirlərinin kəsilməsində” də elə həmin nüfuzlu məmurun özünün böyük rolu olub. Hazırda hər iki şəxsin mal varlığının, indiyədək dövlətdən və himayədarlarından oğurladıqları külli miqdarda vəsaitin dəqiqləşdirilməsi, hara xərclənməsi, ölkə daxilindəki və xaricdəki bütün əlaqələri ciddi şəkildə araşdırılır.
Sayt Rəşad Məmmədovla yanaşı Azər Əsgərovun da etnik mənşəcə qarışıq nikahlardan olmalarını yazır:“Ancaq onların vurulmalarına səbəb etnik mənşələri deyil, harın həyat sürmələri və dövlətdən oğurlayıb xaricə çıxardıqları vəsaitlərdir. Həmin vəsaitlər geri qaytarılıb yerinə qoyulmayınca, Rəşad Məmmədovla Azər Əsgərova rəhm edilməyəcək”.
Virtualaz.org saytı R.Məmmədovun erməni anasının adını açıqlayıb. R.Məmmədovun anasının gerçək adı belədir: Aida Stepanovna Martirosova. Bu qadın Bakı sakinidir.
R.Məmmədov Bakının yarısını heç bir qanuna məhəl qoymadan buldozerlə yerlə-yeksan edib dağıtmaqdan, heç kəsə kompensasiya vermədən insanları halal evlərindən və ofislərindən küçəyə atmaqdan başqa daha bir ağır cinayət törədib. O, anasının sənədlərini də saxtalaşdırıb, ermənini bu yolla “azərbaycanlıya” çevirib. Belə cinayətlərə, dövlət sənədlərini saxtalaşdırmağa görə isə çox ağır cəzalar nəzərdə tutulur! Problem onda deyil ki, R.Məmmədovun anası ermənidir. Problem ondadır ki, o, anasının sənədlərini saxtalaşdırıb. Adam öz kökləri ilə, valideynləri ilə fəxr edər, onlara görə utanmaz.
R.Məmmədov isə utanır və öz erməni köklərini gizlətməyə çalışır!  Yada salaq ki, “Azİmport” şirkətinin adına ilk dəfə 2010-cu ildə – Buzovna-Zağulba-Bilgəh magistral yolu çəkilməyə başlayanda rast gəlinib. Həmin yolun hər iki tərəfində ayrı-ayrı vətəndaşlara məxsus olan şəxsi mülklər yerləşirdi. R.Məmmədovun gözü ayağının altını görməyən dəstəsi ən vicdansız təzyiq, hədə, şantaj üsullarını tətbiq etməklə həmin mal-mülkə bir göz qırpımında sahiblənmişdi. Bu, adi quldurluq idi. Buzovna sakinləri A.Baxşıyevin, M.Məmmədovun, V.Əliyevin və digərlərinin əmlakı və şəxsi torpaq sahələri də bu yolla R.Məmmədovun dəstəsinin əlinə keçdi.
Qurban Abbasov küçəsi, 33 ünvanında (Səbayel Rayon Məhkəməsinin binasına bitişik, Dövlət Bayrağı Meydanından bir qədər aralıda) yerləşən binanın sakinləri R.Məmmədov və dəstəsi tərəfindən küçəyə atılıb. Bu bina arxitektura əhəmiyyətli idi və dövlət tərəfindən qorunurdu. İndi isə yoxdur. R.Məmmədovun tamahının güdazına gedib…
 
E.MƏMMƏDƏLİYEV

Həmçinin oxuyun

İnsan alverinə qarşı mübarizə mövzusu bu dəfə Neftçalada izah edildi – Fotolar

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “XXI Əsrin Qadınları” İctimai …

Bir cavab yazın