Çərşənbə , Sentyabr 27 2023
Ana səhifə / Cəmiyyət / “Qadın arzularını başqa kişilərin hesabına həyata keçirməyə çalışır…”

“Qadın arzularını başqa kişilərin hesabına həyata keçirməyə çalışır…”

“Hay-harayla deyirlər ki, Azərbaycanda boşanmaların sayı artıb. Bununla razıyam, artıb, bəli, amma niyə artıb? Deyirlər qadına qarşı şiddət çoxalıb, bununla da razıyam, yaxşı. Bəs bu şiddətin kökündə nə dayanır? Mən bu mövzuda fikirlərimi rahatlıqla səsləndirə bilərəm, buna haqqım çatır, çünki 2 il Avropa Şurasının “Şiddətə son qoyaq” kampaniyasının Azərbaycan üzrə milli koordinatoru olmuşam. Bu mövzuların beynəlxalq səviyyədə müzakirəsində iştirak etmişəm, araşdırmalardan xəbərim var”.

Bu sözləri Yenisabah.az-a sabiq millət vəkili, psixologiya elmləri namizədi, pedaqoq Gülər Əhmədova deyib. Son illər artan boşanmalar haqqında danışan psixoloq bunun səbəblərini açıqlayıb:

“Əgər artan boşanmalara bir səbəb kişilərin qadına qarşı şiddətidirsə, ikinci əsas səbəb qadının evlilikdən sonra kiminsə hesabına çox gözəl, komfortlu yaşayacağını düşünməsidir. Qadınlar belə düşünür və başlayırlar müxtəlif tələblər irəli sürməyə, bu uzun müddət davam edir, qarşı tərəf isə maddi cəhətdən bunu qarşılaya bilmir, sosial bazası yetmir və başlayır qıcıqlanmağa. 

Beləcə kişi də qadına qarşı hər hansı tələblər irəli sürməyə başlayır. Nəticə isə iki cür olur: ya cütlüklər arasında keçimsizlik başlayır və sonda boşanırlar, ya da  qadın arzularını başqa kişilərin hesabına həyata keçirməyə çalışır, xəyanət başlayır. Birinci ən yaxşı haldır. Bu gün vəziyyət çox ciddidir. Xəyanətlər artıb, hətta övladlar öz analarını xəyanətə görə öldürürlər. Ailədə qadın arzularını başqalarının hesabına həyata keçirməyə başlayanda isə bu sonda qətllərə gətirib çıxarır. Qətl olmasa da döyülürlər, söyülürlər, şikəst qalırlar və s. Sonda ata həbsə, ana qəbrə gedir, uşaqlar da ortalıqda qalır”.

O, bu cür halların artmasına həm də mətbuatın səbəb olduğunu iddia edib:

“Bu gün mətbuatımız çox eybəcər standartlar yaradıb. Kənardan gəlib baxan olsa, internet resurslarının böyük əksəriyyətində hər gün bu standartları yaradan materialların çap olunduğunu müşahidə edə bilər. Ola bilər ki, evdə valideyn uşağına yaxşı tərbiyə verir, amma uşaq cəmiyyətdən kənarda yaşamır, hər kəsin əlində telefon var və o məlumatları hamı oxuyur. Sən uşağına yüz dəfə “bu pisdir” desən də, o, hər gün gördüyünə inanacaq. Düşünəcək ki, əgər bu pis olsaydı, minlərlə adam bu haqda yazmazdı. Hazırda hamının evində anadan, atadan, nənə-babadan əlavə, bir əlahəzrət məxluq – internet var.

Bu gün 300 manat maaş alan da pul verib sosial şəbəkə hesabına “mavi tık” almağa çalışır. Ən aşağı maaş alan insanlar belə hansısa yollarla özlərini gözə soxmaq, özlərini təsdiq etmək, cəmiyyətdə fərqlənmək istəyirlər. Çünki mətbuat belə adamları qəhrəmana çevirə bilir, bu obrazı yaratmağı bacarır”.

G.Əhmədova deyib ki, son illər gənc qızlar tərəfindən estetik əməliyyatlara maraq kəskin şəkildə artıb. Bu məsələdə isə sosial mühitin yaratdığı fəsadlar var:  

“Heyvanlar instinktiv olaraq özlərini əks cinsə bəyəndirmək üçün müəyyən priyomlar edirlər. Bu, təbii prosesdir, təbiətin qanunudur. Lakin insan bu haqda düşünməməlidir, instinktiv səviyyədə  bunu etməməlidir. Necə ki, bu gün qızlarımız kütləvi surətdə özünə dodaq, burun və başqa bədən üzvü “düzəldir” ki, əks cinsin xoşuna gəlsin. Və əks cinsin xoşuna da gəlir. Azərbaycan artıq inkişaf etmiş ölkələrin zibil qutusu rolunu oynayır. Bütün bunlar birmənalı şəkildə bu sözləri deməyə imkan verir. Adını çəkməyəcəyəm, bir dəfə Avropa ölkələrinin birindən Azərbaycana nazir xanım gəlmişdi. O, nə saçını rənglətmişdi, nə üzünü dartdırmışdı, nə də dolğusu vardı, üzü qırış-qırış idi, baxanda bilinirdi ki, heç Allahın botoksunu da vurdurmayıb. Bu mənə çox qəribə gəlmişdi, o boyda nazirdə olan pul təbii ki, başqalarında yoxdur, amma süni heç nə etdirməmişdi.

Avropada artıq saça rəng qoymaqdan belə imtina edirlər, çünki araşdırmalara əsaslanaraq deyirlər ki, boyanın tərkibində olan maddələr sağlamlığımıza zərər verir. Xaricdə kiçik bir müşahidə aparsanız görərsiniz ki, varlı xanımlar belə ağ saçla gəzirlər, bundan da utanmırlar.

Əgər sən aktrisa, efir adamı deyilsənsə, bu qədər süniliyə ehtiyac yoxdur. Avropada insanlar sağlam həyat tərzi ilə seçilməyə, sağlam yeməklər hazırlamağı öyrənməyə çalışırlar, gedib özlərini “kəsdirmirlər”. Bizdə isə əksinədir…”

Həmçinin oxuyun

Vardanyanı saxlayan hərbçi Elçin Quliyevin oğludur – FOTO

Separatçıların keçmiş “dövlət naziri”, erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyan Qarabağdan Ermənistana getmək istəyərkən …