Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / “Qaçqınkomun verdiyi sənədsiz evdən imtina etdik…”- Şəhid əsgərimizin atası

“Qaçqınkomun verdiyi sənədsiz evdən imtina etdik…”- Şəhid əsgərimizin atası

Şəhid Müşfiq Orucov çoxlarına yaxşı tanışdı. Aprel Şəhidimiz, 700 bal toplayaraq Texniki Universitetin tələbəsi olan Müşfiq indi atası Arifi, anası Aygünü və bacısı Güneli tək qoyub.
Biz  həmişəki kimi Şəhid ailələrimizə baş çəkir, onların problemi ilə maraqlanırıq. Bu dəfə biz ikinci dəfə olaraq Şəhid Müşfiq Orucovun ailəsi ilə görüşməyə qərar verdik. Bununla bağlı Şəhid əsgərimizin ailəsinin yaşadığı H.Z.Tağıyev adına Toxuculuq kombinatının yataqxanasına yollandıq. Bizi Şəhidimizin atası Arif bəy və anası Aygün xanım qarşıladı.
“Hələ bu nimdaş otağın divarlarında torpaq uğurunda canından keçən…”
Ailənin yaşadığı nimdaş yataqxanaya daxil olanda ürəyimiz ağrıdı. Bir Şəhid ailəsinin uçuq, nimdaş bir otaqda yaşaması doğrudan da yolverilməzdir. Hələ bu nimdaş otağın divarlarında torpaq uğurunda canından keçən Şəhid Müşfiqin fotoları vurulmuşdu. Orucovlar ailəsi Zəngilan rayonundan qaçqın düşüblər. Ailə Zəngilandan gələrkən evin ilk övladı Şəhidimizin bacısı Günel doqquz aylıq körpə olub. Müşfiq isə Bakıda yataqxanada anadan olub. Atası Arif Oruciv deyir ki, ömrünün çox ilini yataqxanada yaşayıb. Müşfiq 1994-cü il sentyabrın 18-də Bakı şəhərində müəllim ailəsində anadan olub. Müşfiqin atası Arif hərbi müəllimi, anası Aygün xanım isə rus dili müəlliməsidir. Hər ikisi Zəngilan rayon 7 saylı məktəbində müəllim işləyirlər.
“700 bal toplayaraq Texniki Universitetin tələbəsi adını qazanıb…”
 
Müşfiq 2000-ci ildə Zəngilan rayon 7 saylı məktəbinə gedib. 2011-ci ildə orta məktəbi qurtaran kimi həmin il qəbul imtahanında 700 bal toplayaraq Texniki Universitetin tələbəsi adını qazanıb. Universitetin “Komputer Mühəndisliyi” fakulətisində təhsil alan Müşfiq 2015-ci ildə universiteti bitirərək hərbi xidmətə getməyə hazırlaşıb. 2015-ci ilin iyul ayında hərbi xidmətə yollanan Müşfiq əvvəlcə Gəncə şəhərində xidmətə başlayır. Sonra Goranboy rayonunda kurs keçərək Naftalana yollanır. Atası Arif Orucov olanları belə nəql edir:
Atası Arif bəy:
“Aprelin axırında dostunun toyu olacaqdı elə ora gəlməyə hazırlaşırdı…”
“Aprel ayında qızım Günelin toyunu edib iyul ayında da Müşfiqi hərbi xidmətə yola saldıq. Müşfiq  Gəncədə xidmətdə olanda yanına getmişdik. Sonra Naftalana yollandı və orda da yanına gedib-gəlirdik. Həmişə də mobil telefonla əlaqə saxlayırdı. Doqquz ay idi ki, xidmət edirdi. Aprelin axırında dostunun toyu olacaqdı elə ora gəlməyə hazırlaşırdı. Axırıncı dəfə martın 29-da danışdıq. Sonra Müşfiqdən xəbər olmadı. Zərdabda bir dostum var o, zəng vurub dedi ki, Müşfiqlə maraqlan deyəsən döyüşlər gedir. Sən demə Müşfiq aprelin 1-dən döyüşlərə qatılıbmış. Aprelin 4-də axşamüstü bizə xəbər gəldi ki, Müşfiq Şəhid olub. Aprelin 5-də Müşfiqi böyük izdihamla Dədə Qorqud qəbristanlığında dəfn etdik. Hərbi xidmətə gedəndə nə diplumunu almışdı, nə də vinetqasını. Mənə dedi ki, ata, diplomunu alarsan gələndə götürərəm. Elə oldu ki, heç diplomunu görmədi. (Kövrəlir)
“Qaçqınkom” bizi çağırıb Ramana qəsəbəsindəki Şuşa şəhərciyində bizə sənədsiz ev təklif elədi…”
Çox sağ olun ki, bizlərə baş çəkirsiniz. Hər dəfə belə gəlib bizə dəyəndə rahatlıq tapırıq. Siz keçən dəfə burda olandan sonra millət vəkili Qənirə xanım Paşayeva da bura gəlib bizim şəraitimizlə maraqlandı. Elə müvafiq qurumlara zəng vurub bizim yataqxanadakı yaşayımızdan gileylənib bizim bir yerə köçürülməmiz üçün çalışdı. Amma təəsüflər olsun ki, problem elə də qaldı. “Qaçqınkom” bizi çağırıb Ramana qəsəbəsindəki Şuşa şəhərciyində bizə sənədsiz ev təklif elədi. Mən də evdən imtina etdim. Sənədsiz evdə yaşamağım üçün kim sonadək zəmanət verə bilər. Bəlkə sabah biri gəlib mənə deyəcək ki, əlində heç bir sənədin yoxdu, çıx evdən. Həm də onların bizə təklif etdiyi yer çox uzaqdı. Biz yaşlı adamlarıq. Hər ikimiz Zəngilan məktəbində müəllim işləyirik. Biz axı hər gün Ramanadan şəhərə gəlib dərs deyib gedə bilmərik. Xahiş edirəm bir Şəhid ailəsinin yataqxanada yaşamasını istəmirlərsə,  bizə Xətai rayonu ərazisində bir ev versinlər ki, orada məskunlaşaq”.
Müşfiq ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib. Şəhidimizin anası Aygün xanımın tək arzusu onların yataqxanadan köçürlərək bir evə yerləşdirlməsi və bir də aprel Şəhidlərinin adının əbədiləşdirilməsi üçün adlarına bir abidə qoyulmasıdır:
Anası Aygün xanım:
“Tələbə vaxtlarında şadlıq sarayında ofisiant işləyirdi…”
“Evdə ikinci uşaq olmasına baxmayaraq Müşfiq mənə çox yaxın idi. Maddi imkanımız yaxşı olmadığı üçün uşaqların hər dəfə istədiyini ala bilmirdik. Müşfiq bunların hamısını başa düşürdü. Tələbə vaxtlarında şadlıq sarayında ofisiant işləyirdi. Yay aylarında dondurma sexində gecə növbəsində işləyirdi ki, bizə yük olmasın. Pul qazanmaq üçün çox çalışırdı. İki uşağın hər ikisinə həm yaxşı tərbiyə, həm də yaxşı təhsil verdim. Günel Sumqayıt Dövlət Universitetinin bitirdi. Hal-hazırda Xətai rayonunda kimya müəlliməsi işləyir. Müşfiq isə beş illik musiqi məktəbini bitirdi. Tar və royalda yaxşı ifa edirdi. Sonra universitetə qəbul olundu. Hərbi xidməti başa vurub işləməyi planlaşıdırdı, amma qismət olmadı. (Ağlayır)
 
“Zəngilanın icra hakimiyyəti bir dəfə nə bayramda…”
 
Bu yataqxanada qaynanamın yanında yaşayırıq. Anam Gümüş xanım Müşfiqin dərdinən yaşaya bilməyib may ayında dünyasını dəyişdi. Hamımız yarımçıq olduq. İndi bircə təsəllimiz yenicə doğulmuş qız nəvəmiz Elviradır. Onunla başımızı qatırıq. Müvafiq qurumlardan xahiş edirik bizi bu yataqxanadan köçürüb normal bir evdə yerləşdirsinlər. Bizi sizin kimi insanlardan başqa heç kim yoxlamır. Zəngilanın icra hakimiyyəti bir dəfə nə bayramda, nə başqa vaxt qapımızı belə açmır. Elə il məasimini yola verib çıxıb getdilər. Biz demirik nəsə gətirsinlər, heç olmasa bizə baş çəksinlər. Belə gəlib-gedən olanda təsəlli tapırıq”.
Sonda Şəhidimizin ailəsindən getmək üçün icazə alıb oradan ayrıldıq. İnanırıq ki, müvafiq qurumlar Şəhid ailəsinin yataqxanalarda keçən güzəranını yaxşılaşdırmaq üçün onları evlə təmin edəcəklər. Biz də bu xoş xəbəri oxucularımızla paylaşıb həmin şəxslərə göstərdikləri diqqət və qayğıya görə minnətdarlıq edəcəyik.
Allah bütün Şəhidlərimizi rəhmət eləsin!
moderator.az

Həmçinin oxuyun

DTX 105 yaşında – VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb. Azinforum.az xəbər verir ki, qurumun sosial …

Bir cavab yazın