Cümə axşamı , Sentyabr 24 2020
Ana səhifə / Cəmiyyət / Qabil Hüseynlinin pianoçu oğlu beynəlxalq müsabiqənin qalibi olub

Qabil Hüseynlinin pianoçu oğlu beynəlxalq müsabiqənin qalibi olub

Azərbaycanlı gənc pianoçu Toğrul Hüseynli Almaniyanın Axen şəhərində keçirilən Pianoçuların XIV Motsart Beynəlxalq Müsabiqəsinin qalibi olub.

AZƏRTAC xəbər verir ki, pianoçuların Motsart Beynəlxalq Müsabiqəsi böyük tarixə malik, Avropanın ən nüfuzlu müsabiqələrindən biridir. 8-11 sentyabr tarixində Axen Konservatoriyasında keçirilmiş sayca 14-cü müsabiqəyə Almaniya, İtaliya, Belçika, Rusiya və Fransadan istedadlı ifaçılar qatılıb. Onların ifasını 8 tanınmış münsif – pianoçu-professorlar Vilçenzo Balzani (İtaliya), Andreas Frölih (Almaniya), Paulo Baqlieri (İtaliya), Katya Andeyeva (Rusiya-İsveç) və Volfram Şmit-Leonardi (Almaniya) və başqaları qiymətləndirib.

Müsabiqənin təşkilatçıları Almaniyanın Köln, Axen konservatoriyaları və Axen Şəhər İcra Hakimiyyəti olub. Müsabiqənin ilk 2 mərhələsi Axen Konservatoriyasında, final mərhələsi isə Axen şəhərinin məşhur “Bal” zalında keçirilib.

Bu müsabiqə mövcud pandemiya şərtlərinin yumşaldılmasından sonra ənənəvi qaydada keçirilən ilk beynəlxalq sənət yarışması kimi Almaniya mətbuatında geniş işıqlandırılıb.

Müsabiqənin 2-ci və 3-cü mərhələsi “YouTube” kanalı vasitəsilə canlı yayımlanıb.

Mürəkkəb proqram şərtləri və 3 mərhələli müsabiqədə dünyanın 13 ölkəsindən – İtaliya, İngiltərə, ABŞ, Yaponiya, Çin, Cənubi Koreya, Tayvan, Rumıniya, Ukrayna, Rusiya, Serbiya, Polşa və Azərbaycandan 30 iştirakçı qatılıb. Birinci mərhələdən ikinci mərhələyə 30 iştirakçıdan yalnız 8 pianoçu keçə bilib. İkinci mərhələdə 40 dəqiqəlik proqramla çıxış edən həmyerlimiz Toğrul Hüseynli ifa etdiyi R.Şumanın “Simfonik etüdlər” silsiləsi və L.V.Bethovenin “Avrora” sonatası ilə çıxış edib.

Müsabiqənin finalına 3 iştirakçı – Toğrul Hüseynli, Ukrayna və Çinin pianoçuları keçib. Finalda Toğrul Hüseynli V.A.Motsartın KV310 və S. Prokofyevin 7 saylı sonatalarını yüksək səviyyədə ifa edərək digər iki həmkarını geridə qoyub.

Azinforum. az qeyd edir ki, Toğrul Hüseynli tanınmış politoloq Qabil Hüseynlinin oğludur.

Həmçinin oxuyun

“BŞTİ və direktor tərəfindən hərraca çıxarılan sinifim artıq öz müştərisini tapıb!”

Yeni tədris ilinin başlanması ilə məktəblərin köhnə problemləri yenə də baş qaldırıb. Bir çox məktəblərdə …