Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Cəmiyyət / Qabil Hüseynlinin pianoçu oğlu: “Atam nazir, yaxud deputat olsaydı belə…”

Qabil Hüseynlinin pianoçu oğlu: “Atam nazir, yaxud deputat olsaydı belə…”

“Brifinq” layihəsinin növbəti qonağı istedadlı pianoçu, beynəlxalq müsabiqələr laureatı, adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na daxil edilən, Prezident təqaüdünə layiq görülən, hazırda Köln Ali Musiqi Məktəbində dosent vəzifəsində çalışan Toğrul Hüseynlidir.

Səxavət Həmid: – Toğrul bəy, musiqiyə gəlişiniz necə baş verib?

– Bu, çox erkən yaşlarımdan baş verib. Təbii ki, mənim özümün yadımda deyil. İki yaşım olanda xüsusən bacım və anam məni musiqi ilə məşğul olmağa cəlb etdilər. Çünki mən o vaxt Azərbaycanın dövlət himnini eşitmiş və onun muqiqisini təkrarlamışdım. Bacım özü musiqiçidir, hazırda Bakı Musiqi Akademiyasının dosentidir. O hiss edib ki, məndə absolyut eşitmə qabiliyyəti, yəni eşitdiyin melodiyanı eyniliklə təkrarlamaq qabuillyyyəti var. Bu qabiliyyət ən kiçik yaşlardan belə özünü büruzə verir. Həmin vaxt məni görkəmli bəstəkar Oqtay Zülfüqarovun “Aysel” uşaq teatrına aparıblar. O vaxt uşaqlarla işləyən ən məşhur adam o idi. Məni ona təqdim edəndə Oqtay müəllim deyib ki, bəli, bu uşaqda oxumaq istedadı var və biz onunla məşğul olmağa başlayaq. Beləliklə, mən “Aysel” uşaq teatrında uşaq mahnıları oxumağa başladım.

Nərgiz Ehlamqızı: – Bacınızla aranızda yaş fərqi nə qədərdir?

– 13 yaş. Ona görə də bacım mənim ikinci anam olub. Bacım hiss etdi, anama dedi, onlar da qərar verdilər ki, mən musiqiyə yönəldilim. Təbii ki, əvvəlcə bu hobbi kimi olmuşdu. Yadımdadır ki, 4 yaşım olanda – 1998-ci ildə bir qrup uşaqla birgə Bakı Metropoliteninin yaradılmasının 30 illiyinə həsr olunmuş tədbirdə – Heydər Əliyev adına Sarayda çıxış etmişdim. Saraydakı digər çıxışım isə 2001-ci ildə İhsan Doğramacının yubileyi ilə bağlı keçirilən tədbirdə oldu. Həmin tədbirdə ulu öndər Heydər Əliyev də iştirak etmişdi.

Ancaq sırf fortepiano ilə tanışlığım 4 yaşıma təsadüf edir. Bacım o dövrdə Bakı Musiqi Akademiyasının I kursunda təhsil alırdı. Məni ilk dəfə fortepiano ilə bacım tanış etdi. O vaxt mənim pianoçu olmaq fikrim yox idi. Musiqiyə vokalist, yəni müğənni kimi başlamışdım və çox da yaxşı alınırdı. Altı yaşım olanda valideynlərim qərara aldılar ki, mən Bülbül adına orta ixtisas Musiqi Məktəbinə daxil olum. 2000-ci ildə o məktəbə artıq pianoçu kimi daxil oldum. Həm də vokal dərsləri alırdım. Ancaq bütün istəyim o idi ki, pianoçu olum. Musiqi ilə tanışlıq belə başladı və hazırda davam edir (gülür).

– Bəs musiqiçi olmağı bacınıza kim təşviq edib? Ailədə kimsə var idi?

– Yox. Ailədə, nəsildə klassik musiqi ilə, ümumiyyətlə musiqi ilə peşəkar şəkildə məşğul olan olmayıb. Anam pediatr-nevropatoloq, atam fəlsəfə elmləri doktoru, professordur.

Həmin müsabiqə mənim həyatımda tramplin rolu oynadı

Səxavət Həmid: – Bülbül adına orta ixtisas musiqi məktəbini bitirdikdən sonra Bakı Musiqi Akademiyasına qəbul olunmusunuz. Ancaq I kursu bitirdikdən sonra təhsilinizi Köln Ali Musiqi Məktəbində davam etdirmək qərarı verdiniz. Bu proses necə baş verdi?

– Mən Bakı Musiqi Akademiyasına qabiliyyət imtahanı vermədən qəbul olunmuşdum. Çünki beynəlxalq müsabiqələr laureatı idim. Bülbül adına orta ixtisas musiqi məktəbini də 11 il deyil, 10 il oxumuşam. İkinci sinfi oxumadan birinci sinifdən üçüncü sinfə keçirilmişəm. Çünki birinci sinifdə göstəricilərim çox yuxarı idi. Ona görə də direktor belə bir qərar qəbul etmişdi.

Köln Ali Musiqi Məktəbinə gedişim isə belə oldu: 2009-cu ildə ilk dəfə keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində həm də pianoçuların I Beynəlxalq Müsabiqəsi keçirilirdi. Çox böyük bir müsabiqə idi. Həmin müsabiqə o zamanadək pianoçular arasında keçirilən ən böyük müsabiqə sayılırdı. I dərəcəli mükafatın qalibi 10 min dollar qazanacaqdı. Həmin vaxt mənim 15 yaşım olmasına baxmayaraq, müsabiqəyə qatılmağı çox istəyirdim. Orda beş finalçı arasında IV dərəcəli mükafata layiq görüldüm. Yeganə azərbaycanlı finalçı mən idim. Həmin müsabiqə mənim həyatımda sanki tramplin rolu oynadı. Çünki ilk dəfə böyük səhnəyə qədəm qoyurdum, peşəkar pianoçularla yarışırdım. Ondan sonra məni Minskdə keçirilən Yuri Başmet adına Beynəlxalq Musiqi Festivalına göndərdilər. Mən Minskdə uzun müddətdir Almaniyada yaşayan, Köln Ali Musiqi Məktəbində dərs deyən Rusiyanın məşhur pianoçularından olan Vasili Lobanovla bir neçə dərs aldıqdan sonra o mənə dedi ki, sənin potensialın Köln Ali Musiqi Məktəbinə daxil olmağa imkan verir. Mən o dövrdə həqiqətən də təhsilimi xaricdə davam etdirməyi arzulayırdım. Bu təklif mənə bir işarə oldu ki, bütün qüvvəmi toplayıb təhsilimi Almaniyada davam etdirim. O müəllimin mənə çox böyük təsiri oldu. Onun səviyyəsi məni o qədər valeh etdi ki, mən həqiqətən onun sinfində təhsil almağı arzulayırdım. 2010-cu ildə Bakı Musiqi Akademiyasına qəbul olunanda artıq beynimdə o idi ki, 2011-ci ildə Kölnə gedəcəm.

– Demək Vasili Lobanov həyatınızda mühüm rol oynayıb…

– Çox mühüm rol oynayıb. Mən bunu həmişə və hər yerdə deyirəm. O mənə yeni bir yol göstərdi və o yolu keçmək mənim üçün həyatda əsas şərt oldu. Onun mənim həyatımda çox mühüm rol oynadığını desəm, yanılmaram.

N.Ehlamqızı: – Kölndə onun sinfində oxudunuz?

– Mən onun sinfinə düşə bilmədim. Çünki mən gedən il onu təqaüdə çıxardılar. Almaniyada belə bir qanun var: 65 yaş tamam olan kimi müəllimlər təqaüdə çıxmalıdır. Amma ora gedəndə məni başqa bir müəllim öz sinfinə götürdü. Buna baxmayaraq, mən Vasili Lobanovla daim işləyirdim. Çünki o, Kölndə yaşayırdı və mən onun sinfində oxumasam da, onun ustad dərslərində iştirak edirdim.

– Təhsilinizi xaricdə təhsil üzrə dövlət proqramı çərçivəsində aldınız?

– Bəli, mən qəbul olunandan sonra dövlət proqramına müraciət etdim və şükürlər olsun, bu alındı. Bu, çox unikal bir proqram idi. Xaricdə təhsil almaq çox çətindir. Bunun üçün həqiqətən də maddi dəstək lazımdır. Xaricdə təhsil üzrə dövlət proqramı həqiqətən də Azərbaycanın tarixinə qızıl hərflərlə yazılacaq bir proqramdır. Çünki bu proqramla təkcə musiqiçilərin yox, çoxlu sayda yüksək səviyyəli kadrların hazırlanması üçün geniş imkanlar açıldı.

Mən 4 il bakalavr, daha sonra 2 il magistraturanı həmin proqram çərçivəsində oxudum.

– Bəs alman dili ilə bağlı çətinliyiniz olmadı?

– Mən Bakı Musiqi Akademiyasına daxil olan kimi alman dilini öyrənməyə başladım. Gedənədək, təxminən 8 ay burda öyrəndim. Ora getdikdən sonra ali məktəbin daxilində 2 ay intensiv kurslar keçdilər. Nəticədə alman dilində səlist danışmağa başladım.

Avstriyada klassik musiqini yaşatmağa böyük pullar ayrılır

S.Həmid: – Bildiyimiz qədər indi doktoranturada oxuyursuz. Ancaq deyəsən, bu, başqa ali məktəbdir…

– Köln Ali Musiqi Məktəbində tam ali təhsil aldıqdan sonra mən ötən il Avstriyanın Zalsburq şəhərində doktorantura pilləsinə qəbul olundum. Ümumiyyətlə, Avropada bir neçə çox güclü və nüfuzlu ali musiqi məktəbləri var. Onlardan Almaniyada ən nüfuzlusu Köln Ali Musiqi Məktəbidir. Volfqanq Amadey Motsartın, Frans Şubertin vətəni olan Avstriya isə ümumiyyətlə, Avropada musiqinin beşiyi rolunu oynayır. Bununla yanaşı, bir çox dahi alman bəstəkarı Almaniyada doğulsalar da, həyatları Vyanada keçib. Avropanın kiçik bir ölkəsi olan Avstriya bu gün bütün diqqəti klassik musiqi ənənələrini davam və inkişaf etdirməyə yönəldib. Buna böyük pullar ayrılır. Bu işə dövlətin ciddi və daimi marağı, qayğısı var.

Motsartın dünyaya gəldiyi şəhər olan Zalsburqda Motsarteum Universiteti var. O universitet nüfuzuna görə dünya miqyaslı bir universitetdir. Orada işləyən, oranın məzunu olan dünya şöhrətli musiqiçiləri saymaqla bitməz. Oranın ən məşhur professorlarından biri də Pavel Girilov idi. O, 30 ildən çox mənim təhsil aldığım Köln Ali Musiqi Məktəbində dərs deyib. Amma Almaniyada pensiya yaşına çatdığı üçün işdən ayrılmalı oldu. Ancaq Avstriyada belə bir qanun yoxdur. Nəticədə Pavel Girilov qərar aldı ki, Motsarteum Universitetində işləsin. Pavel Girilov məni tanıyırdı, konsertlərdə dinləmişdi. Mən çox istəyirdim ki, həm də onunla işləyim. Yeni bir professorla çalışmaq, daim yeni səhifələr açmaq musiqiçilər üçün çox önəmlidir. Bu, bir musiqiçinin inkişafı üçün çox vacibdir. Mən doktorantura pilləsini o universitetdə keçməyə baş vurdum və alındı. Ötən il ora daxil oldum. Ancaq mən hələ də Almaniyada yaşayıram, çünki hal-hazırda Köln Ali Musiqi Məktəbinin dosentiyəm və həmin ali məktəbdə müəllim işləyirəm. Avstriyaya gedib-gəlirəm.

– Bakıya budəfəki gəlişiniz nə ilə bağlıdır?

– Mən son bir ildir hər dəfə Bakıya gələndə burda bir konsert proqramı ilə çıxış edirəm. İstəyim odur ki, yığdığım bilikləri, əldə etdiyim təcrübəni təkcə Avropa ilə yox, həm də Vətənimlə bölüşüm. Yəni, bunu Azərbaycan klassik musiqisevərləri də görsün, onlar da mənim ifalarımla tanış olsunlar. Bu, mənim üçün həmişə önəmli olub. Ona görə də mən Azərbaycan səhnəsini çox sevirəm, bu səhnə mənim üçün çox doğmadır. Hər dəfə Bakıya gələndə bir konsert proqramı ilə çıxış etməyi qarşıma məqsəd qoymuşam.

Budəfəki səfərim isə məhz X Qəbələ Beynəlxalq Musiqi Festivalı ilə bağlı idi. Festivalın builki buraxılışı yubiley buraxılışı idi. Festivalın bədii rəhbəri, SSRİ xalq artisti, professor Fərhad Bədəlbəyli məni bu festivala dəvət etmişdi. Mən bu festivalda dünya şöhrətli orkestr olan Yerusəlim Simfonik Orkestrinin müşayiəti ilə Sergey Prokofyevin “Fortepiano və orkestr üçün 3 saylı Konsert” əsərini ifa etdim. Onu da deyim ki, mənim formalaşmağımda, musiqiçi kimi yetişməyimdə, xüsusilə beynəlxalq tədbirlərə qatılmağımda Fərhad Bədəlbəyli bir müəllim, bir rektor kimi böyük rol oynayıb.

Qəbələ Festivalı dünyanın ən öndə gedən festivallarına bərabərdir

– Azərbaycanda klassik musiqi ilə bağlı ən mühüm hadisələrdən olan Qəbələ Beynəlxalq Musiqi Festivalı ilə bağlı da fikirlərinizi bilmək istərdik…

– Bu festivalda iştirak mənim üçün böyük şərəfdir. Qəbələ Beynəlxalq Musiqi Festivalı həqiqətən də Azərbaycan klassik musiqi ənənələrini, Azərbaycan musiqisini dünyada tanıdan bir festivaldır və öz ağırlığına görə dünyanın ən öndə gedən festivallarına bərabər bir festivaldır. Mən çox sevinirəm ki, artıq 10 ildir Azərbaycanda bu festival baş tutur. Buna dövlət qayğısı var, Heydər Əliyev Fondu bu festivalın təşkilatçısıdır. Bu kimi işlər Azərbaycanın dünyada mədəni ölkə kimi tanıdılmasında böyük rol oynayır. Mənim üçün çox sevindirici haldır ki, artıq üçüncü dəfədir festivalda iştirak edirəm.

– Beynəlxalq miqyasda indiyədək qazandığınız uğurlardan ən önəmliləri hansılardır?

– Əsasən Almaniyada yaşadığım müddətdə bir sıra beynəlxalq musiqi festivallarında, o cümlədən beynəlxalq musabiqələrədə çıxış etmişəm. Ən nüfuzlularıdan biri olan İspaniyada keçirilən pianoçuların beynəlxalq Ferroli müsabiqəsini qeyd edə bilərəm. Mən 2015-ci ildə həmin müsabiqədə II dərəcəli mükafata layiq görüldüm. Həmin müsabiqə hər il olmaqla artıq 30 ildir keçirilir. İlk azərbaycanlı idim ki, həmin müsabiqənin finalçısı oldum və mükafat qazandım. Ferroli müsabiqəsi İspaniyanın 3 ən önəmli müsabiqəsindən biridir. Bu müsabiqədəki uğur mənim həyatda ən böyük uğurlarımdan biri sayıla bilər.

O cümlədən Almaniyada da dəfələrlə müsabiqələrdə və festivallarda iştirak etmişəm və mükafatlar qazanmışam. 2016-cı ildə Düsseldorf şəhərində keçirilən piano və fortepiano istehsalçısı “Stainway” şirkəti tərəfindən keçirilən müsabiqədə I dərəcəli mükafata layiq görüldüm. Müsabiqədə xüsusi mükafat da var idi ki, o da mənə verildi.

Ötən il yenə İspaniyada keçirilən Qranada beynəlxalq musiqi festivalında və festival çərçivəsində keçirilən müsabiqədə də II yerə layiq görüldüm. Bu da İspaniyanın ən nüfuzlu beynəlxalq yarışlarından biri sayılır.

Bundan əlavə bu ilin əvvəllərində Niderlandda pianoçuların festivalı keçirilirdi. Həmin festivalda xüsusilə fərqləndiyim üçün təşkilatçılar Avropanın bir neçə paytaxtında solo konsert proqramı ilə çıxış etməyimin təşkil olunmasını öz üzərlərinə götürdülər. Artıq bu ilin ikinci yarısınadək Niderlandın paytaxtı Amsterdamda, Bolqarıstanın paytaxtı Sofiyada, Monteneqronun paytaxtı Skopyedə filarmoniyalarında solo konsertlər vermişəm. Onu da deyim ki, Amsterdam filarmoniyası Avropanın ən böyük filarmoniyalarından biridir. Bundan sonra Madriddə, Parisdə və Berlində solo konsertlərimin keçirilməsi planlaşdırılır.

Dövlət proqramı olmasaydı, bəlkə də bugünki səviyyədə musiqiçi ola bilməzdim

N.Ehlamqızı: – Həm peşəkar səviyyədə yaradıcılıqla məşğul olmağa, həm də təbliğati işinizi qurmağa nə dərəcədə müvəffəq olursunuz?

– Çox düzgün vurğuladınız. Həm öz sənəti ilə məşğul olmaq, həm də piar işini görmək olduqca çətindir. Yəni, böyük yükdür. Təbii ki, idmançılar kimi musiqiçilər də çox böyük qayğıya ehtiyac duyurlar. Çünki qayğı o insanın öz işi ilə daha rahat məşğul olmasına imkan yaradır. Onlar gündəlik məişət qayğılarından uzaqlaşmalıdırlar ki, yaradıcılıq sahəsində böyük uğurlar qazana, sırf yaradıcılıqla məşğul ola bilsinlər. Təbii ki, bu, çox çətindir. Bu, bir lüksdür. Hansı ki, hər bir şəxsə nəsib olmur. Təkcə Azərbaycanda deyil, bütün dünyada həmin lüksə sahib olan insanların sayı da azdır. Ancaq mən düşünürəm buna layiq olan şəxslərə həmin qayğı nəsib olmalıdır və onlar gündəlik məişət işləri ilə məşğul olmamalıdırlar. Onlar həyatlarının gələcəyi barədə düşünməməli, sırf yaradıcılıqla məşğul olmalıdırlar. O zaman çox böyük uğurlara imza atmaq olar. Bunu tarix bizə göstərib.

Ruslan Xəlil: – Sizdə bununla bağlı vəziyyət necədir?

– Mən artıq qeyd etdiyim kimi, təhsilimi dövlət proqramı çərçivəsində baş vurmuşam. Mənim üçün əvəzsiz bir imkan idi ki, bu qayğılardan uzaq durum. Dövlət proqramı olmasaydı, bəlkə də mən bugünki səviyyədə musiqiçi ola bilməzdim. Mən bunu hər zaman vurğulayıram və mənə edilən yaxşılığı unutmuram. Kim tərəfindən olur olsun, necə olur olsun, hər yaxşılıq mənim yaddaşımda ömrümün axırınadək qalır. İnanıram ki, dövlətimiz mənim və digər istedadlı musiqiçilərin gələcəkdə böyük uğurlar qazanması üçün əlindən gələni edəcək. Ümid edirəm ki, mənim bu məsələdə elə də böyük çətinliklərim olmayacaq.

N.Ehlamqızı: – Bəs Köln Ali Musiqi Məktəbində dərs deməklə aldığınız məvacib qane edirmi?

– Təbii ki, dövlət proqramının bitməsi mənim üçün bir qədər arzuolunmaz hal oldu. Əgər davam etsəydi, əminəm ki, doktorantura pilləsində də dövlət proqramı çərçivəsində təhsil alardım. Çox təəssüf ki, bu proqrama son verildi. Ancaq bu, təkcə mənlə bağlı deyil, hər kəs üçün belədir. İndiki halımdan narazı deyiləm. Ancaq bundan daha rahat həyatı təbii ki, hər bir şəxs kimi arzulayıram və bunun üçün də durmadan çalışıram. Arzular həmişə var və bundan daha yaxşısını diləmək hər bir şəxsin ixtiyarındadır. Mən də çox ümid edirəm ki, nə vaxtsa bundan daha yaxşı bir səviyyədə çalışacam və gələcək daha yaxşı olacaq.

– Dərs deməkdən başqa gəliriniz hardan formalaşır?

– Konsertlərdən, keçirilən festivallardan qonorar olur. Bizim qazancımızın ən önəmli hissəsi qonorardır. Belə deyək, mənim böyük bir şikayətim yoxdur. Ancaq təbii ki, daha yaxşısını istəyirəm. Mən pul üçün çalışmıram, amma təbii ki, maddiyyat insan həyatında çox önəmlidir. Çəkdiyim əməyin bir hissəsinin maddi çətinliklərin örtülməsinə gətirib çıxaracağına ümid edirəm.

Atamla hər zaman fəxr etmişəm

S.Həmid: – KİV-də tez-tez siyasi şərhlərlə çıxış edən atanız Qabil Hüseynlinin müsahibələrini oxuyursunuzmu? Siyasi məsələlərə dair aranızda söhbətlər olurmu? Ümumiyyətlə, atanızla bağlı fikirlərinizi bilmək istərdik…

– Çox gözəl sualdır. Mən atamla həmişə fəxr etmişəm. O, Azərbaycanın ictimai-siyasi xadimlərindən biri, kifayət qədər tanınmış şəxsdir. Fəlsəfə elmləri doktoru, professordur. Onun xüsusən fəlsəfi bilikləri məni hər zaman maraqlandırıb, biz evdə həmişə bu barədə müzakirə aparırıq. O ki qaldı, siyasi məsələlərə… Təbii ki, mən atamın həm də siyasətşünas, politoloq olduğunu bilirəm. Fikrimcə, hər bir düşünən insan işindən-peşəsindən, siyasətə qarışmaq istəyib-istəməməsindən asılı olmayaraq, siyasətlə maraqlanmalıdır. Mən “tamamilə siyasətlə maraqlanmıram, bu, bir musiqiçi üçün maraqsızdır” desəm, bu, səmimi olmaz. Təbii ki, siyasətə qarışmağı və siyasi işlərin içinə girməyi düzgün hesab etmirəm. İncəsənətlə məşğul olan insan bu yola baş vurmamalıdır. Ancaq siyasi düşüncə və dünyagörüşü olmalıdır. Biz dünyada baş verən hadisələrə laqeyd yanaşsaq, heç bir şeylə maraqlanmasaq, bu, bizim dünyagörüşümüzə də təsir edəcək. Mənə elə gəlir ki, intellektual bir insan müxtəlif sahələrdə olduğu kimi siyasi sahədə də dünyagörüşünə malik olmalı, öz nöqteyi-nəzəri olmalıdır. Məni xüsusilə dünya siyasəti hər zaman maraqlandırıb və biz atamla evdə dünyada baş verən siyasi proseslər barədə müzakirələr aparırıq. Bu müzakirələrdən yeni nəticələr də çıxarırıq. Bu, belə deyək, sadəcə qarşılıqlı müzakirələr nəticəsində bizim intellektual səviyyəmizin daha da irəli getməsinə gətirib çıxarır. Mən atamdan yeni məlumatlar öyrənirəm və onları analiz edirəm.

Ancaq çalışıram ki, bu mənim vaxtımın böyük hissəsini almasın. Mən siyasətlə nə qədər maraqlansam, bu barədə düşünsəm də, bu, mənim vaxtımın kisik bir hissəsini alır. Böyük hissəsini alsa, mən bir çox başqa şeyləri itirə bilərəm. Məsələn, bədii ədəbiyyatı oxumaq. Hansı ki, o da mənim dünyagörüşümü zənginləşdirir. Ancaq biz bədii ədəbiyyat oxuyanda orda da siyasi proseslələ rastlaşırıq. Biz əsərin yazıldığı dövrdəki siyasi prosesləri oxuyuruq. Biz bu gün Viktor Hüqonun “Səfillər” romanını oxuyanda XIX əsrdə yaşanan siyasi prosesləri oxuyuruq. Yəni, Hüqo siyasətçi deyildi, ancaq siyasi prosesləri mükəmməl bilən bir insan idi. Onun da öz nöqteyi-nəzəri vardı. Mən hər bir düşünən insanın siyasi proseslərlə maraqlanmağına çox normal baxıram.

Könül Cəfərli: – Hansısa məqamda atanızın nüfuzundan, adından istifadə etmisinizmi?

– Yox, olmayıb. Mən heç bunu istəməmişəm də. Atam nazir, yaxud deputat olsaydı belə, heç vaxt onun nüfuzundan istifadə edib haqsız olduğum yerdə haqlıya çevrilmək istəməzdim. Bu, mənim həyatda başlıca prinsipimdir. İndiyədək ağır zəhmətlə, gördüyüm işlərlə qabağa getmişəm. Heç kim deyə bilməz ki, Almaniyaya gedib məni orada kiməsə tapşırıb (gülür). Orda qazandığım bütün uğurlar öz gücüm, öz əməyim nəticəsində olub.

– Hobbiniz varmı?

– Ən böyük hobbim filmləri izləməkdir. Film izləmək mənim üçün çox önəmlidir və daim buna çalışıram. Çünki filmlər də insanın dünyagörüşünə çox dərin təsir bağışlayır. Söhbət yaxşı filmlərdən gedir. Müasir Hollivud filmlərinin çox hissəsi sadəcə geniş tamaşaçı kütləsindən böyük pullar qazanmaq istiqamətində çəkilir. Ancaq dahi rejissorların sırf dərin mövzulu və böyük məzmunlu işləri həqiqətən də sənət əsəridir. Bura Çarli Çaplinin, Federiko Fellininin, Bernardo Bertoluççinin, o cümlədən Stenli Kubrikin və adı tarixin qızıl səhifələrinə düşən bir sıra digər rejissorların işləri daxildir. Bu da bir bədii əsəri oxumağa bərabərdir. Odur ki, mən dahi rejissorların əsərlərini bir dəfə yox, dəfələrlə izləməyi tərcih edirəm.

O cümlədən bədii ədəbiyyat oxumaq mənim ən böyük hobbilərimdən biridir. Mən hər yay Bakıya gələndə çalışıram ki, böyük bir epopeya oxuyum. Oxuduğum kitabları da yenidən oxuyuram. Məsələn, Fyodr Dostoyevskini insan bir dəfə oxumaqla bitirə bilməz. Onu bir neçə dəfə oxumaq lazımdır və hər dəfə oxuyanda insan orda yeni bir şey tapır, yeni bir yol açır və yeni bir dünyagörüşü onu qarşısında canlanır.

Həmçinin, idmanla məşğul olmaq da mənim hobbilərimdən biridir. İstər musiqiçi, istərsə də digər peşələrin sahibi öz sağlamlığına diqqət etməli, idmanla məşğul olmalıdır. Bu zaman öz işində də böyük uğurlar qazana bilər. İdmanın əsasən gimnastika və üzgüçülük növləri ilə məşğul olmağı sevirəm.

Səxavət Həmid: – Bu yaxınlarda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Kölndə keçirdiyi görüşdə iştirak etmisiniz. Həmin görüşlə bağlı təəssüratlarınız nədən ibarətdir?

– Mənə bu görüşdə iştirakla bağlı dəvət gəlmişdi. Görüşdə hər bir gənc öz təklifini səsləndirdi. Çox maraqlı görüş oldu. Həmin görüşə “gələcəyi olan görüş” desək, yanılmarıq. Fuad müəllim dedi ki, indiyədək bizim diaspor işimiz arzuedilən kimi olmayıb. Yəni, biz Avropada və dünyanın digər yerlərində daha güclü təsir bağışlamalıyıq. Mən də bununla tam razıyam. Mədəni sahədə Avropada məşhurlaşmaq çox önəmlidir. Avropa mədəniyyətin beşiyidir. Bizim mədəniyyətimiz heç də Avropa mədəniyyətindən geri qalmır. Bizim sovet dövründə Avropa və dünya miqyaslı sənətkarlarımız olub. Ancaq biz onları kifayət qədər tanıtmalıyıq. İndiyədək də tanıtmışıq, ancaq düşünürəm ki, daha çox tanıtmalıyıq. Avropaya Azərbaycanı mədəniyyəti zəngin bir ölkə kimi tanıtmaq bizim hər birimizin borcudur.

N.Ehlamqızı: – Bəs, Avropada yaşadığınız bu illər ərzində diaspor işində nə dərəcədə maraqlı olmusunuz?

– Təbii ki, maraqlı olmuşam. Ancaq diaspordan mənə bununla bağlı hər hansı təklif gəlməyib. Almaniyada cəmi bir dəfə Azərbaycan səfirliyindən 20 yanvar hadisələri ilə bağlı tədbirə dəvət almışam.

S.Həmid: – Azərbaycan musiqisinin hazırkı durumunu necə qiymətləndirirsiniz?

– Bizim zəngin musiqi ənənələrimiz var. Bu, hazırda Bakı Musiqi Akademiyasında davam etdirilir. Ancaq təkcə Azərbaycanda deyil, bütün dünyada klassik musiqidən bir qədər soyuma var. Xüsusən, gənclər bu işlə məşğul olmağa meyl etmirlər. Çünki klassik musiqi ağır, başa düşülməsi çətin musiqidir. Bu musiqi əyləncə musiqisi deyil. Yəni, əyləndirmək məqsədi daşımır. Bu musiqi intellektual musiqidir. Bu musiqi düşündürür, insanın ruhunu alıb başqa dünyalara aparır. Təbii ki, klassik musiqi geniş auditoriyaya malik deyil. Almaniyanın özündə də gənc nəsil arasında klassik musiqi elə də populyar deyil.

Ancaq son vaxtlar biz təkcə Azərbaycanda deyil, dünyanın bir sıra digər ölkələrində də klassik musiqinin əldə tutmağa çalışıldığını müşahidə etməkdəyik. Çünki bu, olmasa, klassik musiqinin gələcəyi qaranlıq görünə bilər. Arzu edirəm ki, bu işlər daha ciddi, daha güclü şəkildə aparılsın. Bizim klassik musiqi ənənələrimiz heç zaman itməməlidir. Bu, bizi bir mədəni ölkə kimi təqdim edən bir musiqidir. Klassik musiqi səviyyəsi hələ sovet dövründə aşağı olan bəzi postsovet ölkələri Avropada bu gün özlərini təqdim və təsdiq edə bilmirlər.


Müəllif: Səxavət Həmid (teleqraf.com)

Həmçinin oxuyun

Odessa azərbaycanlılarından Azərbaycan ordusuna dəstək!

Sentyabrın 27-dən başlayan Vətən Müharibəsi fonunda yalnız ölkə daxilindəki vətəndaşlarımızın deyil, Azərbaycandan kənardakı soydaşlarımızın da …