Bazar ertəsi , Sentyabr 20 2021
Ana səhifə / Cəmiyyət / Qəbul imtahanlarında 700 bal həsrəti – səbəb nədir?

Qəbul imtahanlarında 700 bal həsrəti – səbəb nədir?

Dövlət İmtahan Mərkəzi II və III qrup üzrə qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələrini açıqlayıb. Hər iki mərhələ üzrə heç bir qrupda 700 bal toplayan abituriyent olmayıb. Belə ki, bu il II qrup üzrə ən yüksək nəticə 691.2 bal, III ixtisas qrupu üzrə isə 680 bal olub. Eyni hal 2019-cu ildə də yaşanıb. Bəzi ekspertlərin fikrincə, bu, son illər ərzində ən pis nəticələrdir. Bunun səbəbini keçən ilin martından təhsilin distant formada təşkilinin  abituriyentlərin hazırlığına, təhsilin keyfiyyətinə xeyli dərəcədə mənfi təsir göstərməsi, sınaq imtahanlarının olmaması  və müharibə ilə izah edirlər. Baxmayaraq ki, Dövlət İmtahan Mərkəzinin imtahan suallarını asanlaşdırdığı deyilir.

Bizimlə söhbətdə təhsil eksperti Kamran Əsədov  qəbul imtahanlarının nəticələrini belə şərh edib: “İlk növbədə qeyd edim ki, 2020-ci ilin mart ayından etibarən ölkədə pandemiya səbəbindən tədris prosesinin dəyişməsi birmənalı şəkildə qəbul imtahanlarının nəticələrinə öz təsirini göstərdi. 2021-ci ildə ali məktəblərə keçirilən qəbul imtahanlarının nəticələrinin aşağı olması və 700  bal olmamasına təsir göstərən üç vacib amil var. Birinci amil,  2020-ci ilin martından ölkədəki pandemiyadır. Çünki pandemiya ənənəvi tədrisi həyata keçirməyə imkan vermədi. Belə ki, şagirdlər təkcə orta məktəbdəki dərslərdən məhrum olmadılar, eyni zamanda hazırlıq kurslarının da keçirilməsində ciddi problemlər ortaya çıxdı. Yəni hazırlıq kurslarının, repetitorların fəaliyyətindəki məhdudiyyətlər yaxşı nəticəni əldə etməyə imkan vermədi. İkincisi biz bunu birmənalı şəkildə qəbul etməliyik ki, 44 günlük zəfərlə başa çatan müharibə və bu müharibə nəticəsində erməni işğalçılarının müəyyən ərazilərə raket atəşi ilə hücum etməsi  şagirdlərin normal hazırlığına mənfi təsir göstərdi. Üçüncü ən vacib məqam isə əlbəttə, hər il Dövlət İmtahan Mərkəzi abituriyentlərin ali təhsil müəssisələrinə keyfiyyətli hazırlaşması üçün sınaq imtahanları keçirirdi. Bu sınaq imtahanları nəticəsində şagirdlər bildikləri mövzuları dəqiqləşdirirdilər, bilmədiklərini də müəyyən edib, onun üzərində çalışırdılar. Digər tərəfdən, sual kitabçası və cavab kartı üzərində işləmək vərdişlərinə yiyələnirdilər. Biz bir çox hallarda görürük ki, şagirdlər mövzuları yaxşı bilsələr belə,  onlar doğru cavabları sual kitabçasına köçürməkdə çətinlik çəkirlər.

Kamran Əsədov: “Yeni tədris ilinin başlaması qaçılmaz idi”

 Kamran Əsədov

Əlbəttə, onlar məhz sual kitabçası üzərində işləyə bilmədiklərinə görə onların qəbuldakı nəticələri əvvəlki illərlə müqayisədə çox aşağı düşdü. Ümumilikdə isə biz bu nəticəni, yəni sonuncu dəfə 2019-cu ildə belə bir hal olmuşdu. Yeddi yüz bal toplayan olmamışdı. Təbii ki, pandemiya dövründə internetdəki çətinliklər, eyni zamanda hər kəsin kompüter, planşetinin olmaması müəllimlərlə individual qaydada işləyə bilməmə şagirdlərə zəruri biliklərin aşılanmasında ciddi problemlər yaratdı. Ona görə də bu nəticələr bizə gələcəkdə təhlükədən xəbər verir. Bəzi ixtisaslar var ki, ora aşağı balla qəbulolma müəyyən qədər başa düşüləndir. Sonradan onu kompensasiya etmək mümkündür.  Amma tibb, mühəndislik ixtisasları aşağı balla abituriyent qəbul etmək çox təhlükəlidir. Çünki onlar minimum ixtisaslarla bağlı məlumatlı olmurlar. Ona görə də hesab edirəm ki, tədris prosesini ənənəvi qaydada təşkil etməliyik ki, şagirdlərin zəruri biliyinin əldə edilməsinə problem yaranmasın. Digər tərəfdən, Dövlət İmtahan Mərkəzi də mütəmadi olaraq kağız daşıyıcıları üzərində sınaq imtahanları keçirməlidir ki, şagirdlər növbəti tədris ilində mövzuları mənimsəməklə bağlı problem yaşamasınlar”.

Universitetlər arasında "rəqabət" yaranır" - Elçin Əfəndi

Elçin Əfəndi 

Təhsil eksperti Elçin Əfəndi də mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarla bağlı hər hansı bir qüsur yox idi. Çünki Dövlət İmtahan Mərkəzi imtahan suallarında müəyyən qədər güzəştlərə yer ayırmışdı,  eyni zamanda imtahan mövzularında tədris ilində keçirilməyən mövzuları çıxarmışdı və demək olar ki, asan suallara üstünlük verilmişdi. Düzdür, buraxılış imtahanlarında müvafiq olaraq riyaziyyat fənni ilə bağlı bir qədər çətinlik olsa da, digər imtahanlar tam normal qaydada keçirilmişdi. Amma bütün bunlara baxmayaraq, demək olar ki, builki qəbul imtahanının göstəriciləri ötən illərlə müqayisədə olduqca aşağıdır. Nəzərə alsaq ki, 700 bal toplayanlar bu il olmadı və son iki ildə kurrikulum sisteminə keçdikdən sonra 700 bal toplayanlaın sayında ciddi azalma var. Ötən il iki nəfər topladı. Bu il də, ümumiyyətlə, 700 bal toplayan olmadı. Biz 2019-cu ildən etibarən artıq kurrikulum sistemində qəbul imtahanını həyata keçirməyə başlamışıq. Onu da qeyd edim ki, təkçə kurrikulum sisteminə keçidlə yanaşı, eyni zamanda 2019-2020-ci tədris ilinin ikinci yarım ili, eyni zamanda 2021-2022-ci tədris ili tam olaraq imtahan verəcək şagirdlərin hazırlaşmasına ciddi mənada təsir etdi. Çünki dərslər distant formada idi.  Bütün bunlar onu deməyə əsas verir ki, distant formada təhsil cəmiyyətimiz üçün yaddır və ona müvafiq olaraq da imtahan göstəriciləri aşağıdır. Təkcə ali təhsil müəssisələrinə qəbul imtahanları deyil, eyni zamanda şagirdlərin buraxılış imtahanları (9 və 11 ilik), orta ümumtəhsil müəssisələrində keçirilmiş qiymətləndirmələr, istər böyük summativ qiymətləndirmə, istərsə də kiçik olsun,  onların da nəticələri ürəkaçan deyil. Bütün bunlarsa onu deməyə əsas verir ki, son 2 il dərslərin daha çox distant formada tədris olunması ümumən şagirdlərin, yəni imtahan verən namizədlərin nəticələrinə ciddi mənada təsir edib”.

Ekspertin fikrincə, bu il 700 bal toplayanın olmaması o demək deyil ki, təhsilin keyfiyyəti aşağıdır: “700 balın çox olması təhsilin keyfiyyətinin yuxarı göstəricisi demək deyil. Biz təhsilin keyfiyyətini o zaman qiymətləndirə bilərik ki, ümumi imtahan göstəriciləri aşağı olsun. Biz təhsilin keyfiyyətini artırmaq üçün də çalışmalıyıq ki, orta ümumtəhsil müəssisələrində dərslər daha keyfiyyətli tədris olunsun. Şagirdlər müntəzəm olaraq ənənəvi qaydada  dərslərini davam etdirsinlər və bu zaman deyə bilərik ki, təhsildə keyfiyyətin göstəricisi arta bilər və şagirdlərin imtahan nəticələri də ürəkaçan ola bilər. Hazırda isə imtahan nəticələrini  ”əla”, “yaxşı”, “qənaətbəxş” dərəcəsi ilə müəyyən etsək,  qənaətbəxş sayıla bilər”.

Qeyd edək ki, bu il qəbul  imtahanında I ixtisas qrupu üzrə ən yüksək nəticəni 400 bal toplayan 11 nəfər – Qubadlı rayonu, Çaytumas kənd orta məktəbi, Bakı şəhəri 217 və 297 saylı orta məktəblər, Sumqayıt şəhəri, 11 saylı orta məktəb (2 nəfər), Sumqayıt şəhəri, “İstedad” liseyi (humanitar və təbiət-riyaziyyat təmayüllü), Şəki rayonu, 18 saylı şəhər orta məktəbi, Quba rayonu, Bağbanlı kənd orta məktəbi, Abşeron rayonu, Xırdalan şəhər 2 saylı orta məktəbi, Şirvan şəhəri, 1 saylı şəhər orta məktəbi, Qazax rayonu,1 saylı şəhər orta məktəbin məzunları göstəriblər. Sumqayıt şəhəri, 11 saylı orta məktəbin məzunu hər iki mərhələnin cəminə görə 697. 1 bal toplayıb və bu nəticə I ixtisas qrupu üzrə ən yüksək baldır.

Həmçinin oxuyun

Təqaüdə göndərilən generala yeni vəzifə verildi

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov təqaüddə olan polis generalına vəzifə verib.Qaynarinfo.az xəbər verir …