Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət /  Prezidentin muxtar respublikaya səfəri bayram əhval-ruhiyyəsi yaratdı

 Prezidentin muxtar respublikaya səfəri bayram əhval-ruhiyyəsi yaratdı

Qədim Şərq müdriklərinin də dediyi kimi, əsl siyasət xalqın və dövlətin müqəddəratına xidmət etməlidir. Belə olan təqdirdə həmin ölkə inkişaf edəcək, xalq firavan həyat sürəcəkdir. Bu gün biz müstəqil və inkişaf etmiş bir ölkənin vətəndaşı olduğumuz üçün ulu öndər Heydər Əliyevə borcluyuq.

Bu gün müstəqil Azərbaycan dövləti Ulu Öndərin siyasəti, cəsarəti, uzaqgörənliyi sayəsində inkişaf edir, yaşayır. Dünyada və yaşadığımız regionda təhlükələrin artdığı, qanlı münaqişələr, müharibələrin davam etdiyi  bir zamanda  Azərbaycan 2016-cı ildə də öz inamlı inkişafını davam etdirmiş, ölkəmizdə təhlükəsizlik tədbirləri təmin edilmiş, Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşamışdır. Bu gün ölkəmiz dünya miqyasında sabitliyi ilə seçilən ölkələrdən biridir.

    Ulu öndərin siyasi kursunu ləyaqətlə davam etdirən ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən ölkəmiz bu gün müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir, ötən hər il bütün sahələrdə əldə olunan böyük uğurlarla tarixə düşür. Regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı qəbul edilən dövlət proqramlarının uğurlu icrası ölkəmizin digər regionları kimi, 93 illik tarixə söykənən muxtar respublikamızı da qısa zaman kəsiyində dinamik inkişaf yoluna çıxarmışdır. Naxçıvan Muxtar Respublikasında böyük quruculuq proqramı gerçəkləşdirilmiş, bütün sahələrdə mühüm nailiyyətlər əldə olunmuşdur.

p3

  Həyata keçirilən bütün bu tədbirlərin nəticəsidir ki, ölkə başçısının muxtar respublikaya hər səfəri yeni sosial obyektlərin açılışı və mühüm layihələrin gerçəkləşdirilməsi ilə müşaiyət olunur. Ölkə başçısının muxtar respublikaya 13-cü səfəri də uğur və nailiyyətlərlə tarixə yazıldı.

  Xatırladaq ki, 2014-cü ildə muxtar respublikada səfərdə olan ölkə başçısı burada görülən işləri yüksək qiymətləndirmiş, Naxçıvanın gələcək inkişafına inamını ifadə edərək demişdir: “Bir daha qeyd etmək istəyirəm ki, siz bütün məsələləri – quruculuq, abadlıq işlərini, enerji təhlükəsizliyi, hərbi potensial, infrastruktur layihələrinin icrası, ərzaq təhlükəsizliyi məsələlərini həll etmisiniz. Bundan sonra ancaq bu uğurlara yeni uğurlar əlavə etmək lazımdır. Bundan sonra Azərbaycanın, o cümlədən onun ayrılmaz hissəsi olan Naxçıvanın uğurlu, dinamik inkişafı təmin ediləcəkdir. Bu günədək görə bilmədiyimiz işləri görəcəyik”. Ölkə başçısı Naxçıvanı dünya miqyasında öz gözəlliyi ilə seçilən  şəhər adlandırmışdır. Ötən dövr ərzində qazanılan uğurlar isə birtərəfli deyil, ictimai həyatın bütün sahələrini əhatə etdi. Dövlət başçısının da dediyi kimi, Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması hər iki ölkə arasında əlaqələrə öz müsbət töhfəsini verməklə yanaşı, yaxın gələcəkdə  “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə bağlı layihənin icrası ilə, eyni zamanda, Naxçıvan dəmiryolu blokadasından çıxarılacaq və İran ərazisindən dəmir yolu vasitəsilə Azərbaycanla birləşəcək.

Nəqliyyat sahəsi ilə yanaşı, ərzaq və enerji təhlükəsizliyi də iqtisadi inkişafın vacib elementlərindəndir. Yanvarın 11-də muxtar respublikaya səfər edən ölkə başçısı yeni stansiyanın- Ordubad Su Elektrik Stansiyasının təməlini qoydu. İnşa ediləcək Su Elektrik Stansiyasının gücü 36 meqavat olacaq. Derivasiya tipli stansiya Araz çayı üzərində yerləşəcək.

Enerji təhlükəsizliyinin Naxçıvan üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayan ölkə başçısı gələcəkdə bərpa olunan enerji növlərinin yaradılmasından, xüsusilə Ordubad Su Elektrik Stansiyasının işə düşməsindən sonra Naxçıvanda enerji məsələləri ilə bağlı onilliklər sonra da heç bir problem olmayacağına əminliyini bildirmişdir. Həmçinin Naxçıvanın ixrac potensialının artıracaq bu layihəni İran-Azərbaycan dostluğunun təzahürü kimi dəyərləndirmişdir.

    Xatırladaq ki, ölkə başçısı bundan əvvəlki səfərində, 2015-ci ildə Günəş Elektrik Stansiyasının açılışında iştirak etmişdir. Belə layihələrin icrası muxtar respublikanın enerji təhlükəsizliyinə təminat verməklə yanaşı, ixrac potensialını da artırmış olur.

Milli mənafeyə əsaslanaraq həyata keçirilən bütün tədbirlər insan amilinə xidmət edir. Bu gün ölkəmizdə insanların rahat yaşayışı naminə məqsədyönlü addımlar atılır, mühüm infrastruktur layihələri gerçəkləşdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Şahbuz rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin istifadəyə verilməsi mərasimində iştirak edib. Layihə üzrə tikinti işlərinin icrasına 2012-ci ildə başlanılıb. Layihəyə əsasən Şahbuz şəhərinə, Kiçikoba və Daylaqlı kəndlərinə su şəbəkəsi, Şahbuz şəhərinə kanalizasiya şəbəkəsi çəkilib və ev birləşmələri aparılıb. Sutəmizləyici qurğu 2045-ci ilə qədər əhalini və sənaye sahəsini gün ərzində 24 saat ekoloji cəhətdən təmiz su ilə təchiz edəcək. Layihənin həyata keçirilməsi nəticəsində Şahbuz şəhəri, Kiçikoba və Daylaqlı kəndlərində 15 min 300 nəfər 24 saat daimi və Dünya Səhiyyə Təşkilatının standartlarına tam cavab verən su ilə təmin ediləcək. Bundan başqa,  Şahbuz şəhərində 40,1 kilometr kanalizasiya xətti də çəkilib.

Həmin gün ölkə başçısı Culfa rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin istifadəyə verilməsi mərasimində də iştirak edib. Layihəyə əsasən Culfa şəhərində və Gülüstan kəndində su şəbəkəsi, Culfa şəhərində isə kanalizasiya şəbəkəsinin tikintisi aparılıb, ev birləşmələri aparılaraq sayğac quraşdırılıb.Layihə çərçivəsində Əlincəçay yatağında 2088 metr müxtəlif diametrli borularla kaptaj və onu sel sularından qorumaq üçün uzunluğu 1500 metr olan selyönəldici bənd tikilib. Sutəmizləyici qurğu 2045-ci ilə qədər əhalini və sənaye sahəsini gün ərzində 24 saat ekoloji cəhətdən təmiz su ilə təchiz edəcək. Qurğu gün ərzində 10 min 800 kubmetr və ya saniyədə 125 litr sutəmizləmə gücünə malikdir.Hər birinin tutumu 5000 kubmetr olan iki təmiz su anbarı tikilib.

 

p1

Bununla da Culfa şəhəri və Gülüstan kəndində 25 min 700 nəfər təmiz, dayanıqlı, ekoloji cəhətdən tam yararlı və Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə davamlı olaraq 24 saat təmin edilib. Həmçinin Culfa şəhərində 34,5 kilometr daxili kanalizasiya şəbəkəsi çəkilib.

   Belə layihələrin gerçəkləşməsini muxtar respublikanın iqtisadi potensialının təzahürü kimi dəyərləndirən ölkə başçısı bu ilin Dövlət İnvestisiya Proqramında Naxçıvan Muxtar Respublikasının digər şəhərlərinin də su-kanalizasiya problemlərinin həlli məsələlərinin öz əksini tapacağını bildirib.

  Ölkə başçısının açılış mərasimində iştirak etdiyi növbəti obyekt Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissəsindəki əsgər yataqxanası və Əsgəri-Məişət Kompleksi olub. Burada əsgər yataqxanası, Əsgəri-Məişət Kompleksi inşa olunub, sıra meydanı, idman sahəsi yaradılıb, abadlıq-quruculuq işləri aparılıb. 900 yerlik yataqxanada əsgərlərin istirahəti üçün hərtərəfli şərait var. Üçmərtəbəli bina müasir səviyyədədir.

        Burada yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı silahlanmaya yeni qəbul edilən hərbi texnika ilə tanış olub. Bildirilib ki, bu gün Azərbaycan Ordusu ən müasir silah-sursat, hərbi texnika ilə təmin olunub. Silahlı qüvvələrimizin balansında olan bu müasir texnika bir çox özəllikləri ilə seçilir. Bunların vasitəsilə Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə istənilən anda düşmənə sarsıdıcı zərbə vurmaqla torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Bu gün Azərbaycan Ordusunun balansı dünyanın aparıcı ölkələrinin istehsalı olan silah-sursatla genişlənir. Bundan başqa, son illərdə dövlətimizin başçısı, Ali Baş Komandanın diqqəti sayəsində ölkəmizdə yaradılan müdafiə sənayesi kompleksi Azərbaycanda ən müasir hərbi texnikanın istehsalına geniş imkanlar yaradır. Təsadüfi deyil ki, indi ölkəmizin silah-sursatları bir çox parametrlərinə görə dünyada ilk yerlərdən birini tutur.

Naxçıvanın hərbi potensialını yüksək dəyərləndirən ölkə başçısı demişdir: Bu gün Naxçıvan ordusu istənilən vəzifəni icra etməyə hazırdır, öz sərhədlərini qoruyur və siz burada düşmənlə üz-üzə yaşayırsınız, cəsarətlə yaşayırsınız, rəşadət göstərirsiniz və göstərmisiniz. 1990-cı illərin əvvəllərində Heydər Əliyevin rəhbərliyi ilə naxçıvanlılar öz diyarını qoruya bildilər, düşməni yerinə oturtdular. Bu gün Naxçıvanın hərbi potensialı ən yüksək səviyyədədir.

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvanda Fövqəladə Hallar Nazirliyinin zabit və gizirləri üçün inşa olunmuş yaşayış binasının açılışında da iştirak edib. Zirzəmi qatı ilə birlikdə yeddimərtəbəli yaşayış binasında 48 mənzil var. Onlardan 24-ü ikiotaqlı, 24-ü üçotaqlıdır. Binanın zirzəmi qatında subay zabit, gizir və müddətdən artıq xidmət edənlər üçün 4 yaşayış sahəsi ayrılıb. Onlardan biri dörd nəfərlik, ikisi altı nəfərlik, biri səkkiz nəfərlikdir. Yaşayış binasında istirahət otağı, qadın gözəllik salonu, kişi bərbərxanası, dərzi və komendant otaqları, 2 əşya anbarı, 40 nəfərlik yeməkxana və camaşırxana yaradılıb.

 

p2

   Ölkəmizdə təhsilin inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Əsası ulu öndər tərəfindən qoyulan islahatların ölkə Prezidenti cənab İlham Əliyev  tərəfindən uğurla davam etdirilməsi nəticəsiz qalmır. Muxtar Respublikada artıq 200-ə yaxın yeni məktəb tikilib, yaxud da ki əsaslı şəkildə təmir olunub. Bütün təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, məktəblər ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuşdur. Köklü təhsil ənənələrinə malik olan Naxçıvan şəhər 3 nömrəli tam orta rus məktəbinin yenidənqurmadan sonra istifadəyə verilməsi də təhsil quruculuğu sahəsində həyata keçirilən tədbirlərdəndir. Ölkə başçısı Naxçıvan şəhər 3 nömrəli tam orta rus məktəbinin binasının əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib. Naxçıvan şəhər 3 nömrəli tam orta rus məktəbi 1939-cu ildən fəaliyyət göstərir. 600 şagird yerlik məktəbdə beşi elektron lövhəli olmaqla 32 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, iki kompüter otağı, müəllimlər otağı, şahmat otağı, kitabxana, bufet və idman zalı fəaliyyət göstərəcək. Məktəbdə 42 kompüter quraşdırılıb və internetə qoşulub. Prezident İlham Əliyev məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.

   Muxtar respublikanın dinamik inkişaf yolunda olduğunu böyük sevinc hissi ilə qarşılayan ölkə başçısı məktəbin pedaqoji kollektivi və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Naxçıvan Muxtar Respublikasında sürətlə inkişaf etdiyini, abadlıq, quruculuq işlərinin aparaılmasından məmnunluğunu ifadə edən ölkə başçısı muxtar respublikanın rəhbərliyini və sakinləri təbrik edib: “Doğrudan da son illər ərzində Naxçıvan böyük inkişaf yolu keçmişdir. Naxçıvan şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi, infrastruktur layihələrinin icrası, bütün şəhər və kəndlərin abadlaşması prosesi onu göstərir ki, respublika möhkəm ayaqda dayanır. Hesab edirəm ki, bu gün Naxçıvan Muxtar Respublikasının çiçəklənmə dövrüdür. Çünki bütün istiqamətlər üzrə işlər uğurla gedir və gözəl nəticələr var. Abadlıq-quruculuq işləri bir tərəfdən ölkəmizin gücünü, digər tərəfdən Naxçıvan rəhbərliyinin səmərəli işini, sakinlərin bu işlərə olan münasibətini göstərir. Bütün bu işlər böyük məhəbbətlə, zövqlə və səliqə ilə görülür”.

Bildirək ki, ölkə başçısı 2004-cü ildən ötən dövr ərzində muxtar respublikaya səfərləri zamanı müasir həyatın bütün sahələrini əhatə edən 130-dan çox obyektin açılışında və muxtar respublikanın yubileylərində iştirak edib. Ölkə başçısının tarixi səfəri muxtar respublika sakinlərinin böyük sevincinə səbəb oldu, hamıda əsl bayram əhval-ruhiyyəsi yaratdı. Ölkəmizdə ən qiymətli sərvət olan insanlara qayğı onları daha əzmlə qurub-yaratmağa sövq edir. Muxtar respublikada hər kəs kiçikdən tutmuş böyüyə ölkəmizin inkişafı, muxtar  respublikamızın çiçəklənməsi naminə səylə çalışırlar.

Budur inkişaf, budur insanların öz doğma yurdlarına sadiqliyi, torpağa bağlılıqları. Yurda bağlı insanları olan diyarsa inkişafdan geri qalmaz. Nə qədər ki, müstəqil Azərbaycan var, nə qədər ki, ulu öndər Heydər Əliyevin ideyaları yaşayır, Naxçıvanın dinamik inkişafı da qaçılmaz olacaqdır.

Ruhiyyə Rəsulova,

Naxçıvan Televiziyasının baş redaktoru

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın