Ana səhifə / Cəmiyyət / “Polisə Dəstək” İB-i təklif edir

“Polisə Dəstək” İB-i təklif edir

 

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edildiyi və qüvvəyə mindiyi 1995-ci ildən etibarən onun tənzimləmə predmetini təşkil edən ictimai münasibətlərin inkişafı, ölkədə sosial, iqtisadi və siyasi şəraitin dəyişməsi, ictimai şüurun yüksələn xətlə inkişafı konstitusiyada müvafiq dəyişiklərin və əlavələrin edilməsi zərurətinə hüquqi imkan verir.
Konstitusiyanın müasir, innovativ həyatla uyğunlaşması və onun tədricən unudulan bir akta çevrilməsinin qarşısını almaq üçün də referenduma getmək zərurətini yaradır.
Bu mənada, ölkə Prezidenti İlham Əliyevin Konstitusiyanın mətnində dəyişikliklərlə bağlı təklifi əsas qanunun 153-cü maddəsinə uyğun səslənmiş və bu ilin 26 sentyabrında həmin təkliflər referenduma – ümumxalq rəy sorğusuna çıxarılması hüquqi və sosial ehtiyacdan doğur.
Qənaətimə görə Konstitusiyanın bəzi maddələrinin mətninə də dəyişikliklərin olunmasına lüzum var:
Konstitusiyanın 17-ci maddəsində (Ailə, uşaqlar və dövlət) ailə cəmiyyətin əsas özəyi kimi dövlətin himayəsində olması ehtiva edilir.
Həmin maddənin II bəndində “Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcu və bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir” müddəası səslənir.
Son illər ərzində ər-arvad arasında nikahın pozulması faktları və valideynlərin alimenti ödəmək borcundan yayınması halları artdığından ( Məs: 2015-ci il ərzində 68985 nikah bağlanmış, lakin 12886 nikahın pozulması faktı qeydə alınmışdır. Həmin il ərzində boşanmış ailələr üzrə aliment öhdəlikləri üzrə faktların sayı 60565-dən çox olmuşdur. Bu məqsədlə inzibati məsuliyyətə cəlb olunanların sayı 2174 nəfər olmuş, məhkəmənin qanuni qüvvəyə minmiş aktları icra etməməyə görə 233 nəfər cinayət məsuliyyətinə cəlb edilmişdir.) qənaətimə görə belə arzuolunmaz faktların qarşısını almaq üçün 17-ci maddədə ehtiva edilən “uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcu yox “vəzifəsidir” qeyd olunmalıdır. Belə ki, burada “valideynlik vəzifəsinin yerinə yetirilməməsi qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət yaradır” -ifadəsini əlavə etmək vətəndaşların əsas vəzifələrinə – IV fəslinə aid etmək daha ağlabatan olardı.
Diqqət çəkən digər hal Konstitusiyanın 56-cı maddəsidir – “Seçki hüququ”.
Hakimiyyətin budaqlarının formalaşdırılmasında və referendumda Azərbaycan Respublikası vətəndaşlarının, onların dövlətin siyasi həyatında maneəsiz iştirakı hüquqi və siyasi bir imkandır. Lakin, sirr deyil ki, seçki günü seçicilərin hamısı seçki hüququndan istifadə etmir, müəyyən qismini seçkiyə dəvət etmək çağırışları faydasız olur. Bu, ona görə baş verir ki, vətəndaşları hüquqlarından istifadə etməyə məcbur etmək olmaz. Seçkidən sonra isə müəyyən qüvvələr “saxtakarlıqlara yol verilməsi” barədə müxtəlif yazılar və şərhlər dərc edirlər. Bunun qarşısını almaq üçün konstitusiyada “seçki hüququ” yox, “seçkiyə getmə” konstitusion vəzifə kimi ehtiva edilməlidir. “Vətəni müdafiə, vətənə sədaqət” və s. vəzifələr kimi konstitusiyanın IV fəslində özünə yer almalıdır. Bir sıra ölkələrdə seçki, vətəndaşların hüququ kimi yox, vəzifələri kimi qüvvədədir. Məsələn: Avstriyada, Belçikada, Bolqarıstanda, Braziliyada, Yunanıstanda, Danimarkada, İtaliyada, Niderlandda və qardaş Türkiyədə seçki hüquqi vəzifə hesab edilərək səsvermənin məcburiliyini müəyyən edir. Cəza kimi ictimai məzəmmət tətbiq edilir, seçkidə iştirak etməyənlərin siyahısı əhalinin gur olduğu yerlərdə asılır, onlara məhkəmənin qərarı ilə xəbərdarlıq elan edilir, soyadları qəzetlərdə çap olunur. Seçkilərdə iştirak etməməyə görə vətəndaşlar müəyyən müddətə seçki hüquqlarından məhrum da oluna bilərlər, dövlət və bələdiyyə xidmətində vəzifə tutma hüququnu itirirlər. Belçikada 25 franka qədər, Lüksenburqda isə 240 ABŞ dolları miqdarında cərimə təyin olunur. Yaxın keçmişdə Pakistan Respublikasında bir neçə aya qədər azadlıqdan məhrum etmə cəzası da tətbiq edilmişdir. Seçkilərdə fəal iştirak edənləri həvəsləndirmək və rəğbətləndirmək də mümkündür.
Konstitusiyanın 54-cü maddəsinin 2-ci bəndində “Dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə müstəqil müqavimət göstərmək Azərbaycan Respublikası vətəndaşlarının hüququdur” -kimi qeyd edilir. Son illərin terror xarakterli hadisələri, Türkiyədəki dövlət çevrilişinə cəhd və qiyam belə deməyə əsas verir ki, hadisələrin qarşısını almaq üçün vətəndaşların “müqavimət göstərməsini” onların ixtiyarına və müstəqiliyinə buraxmaq hüquqi etinadsızlıqdır. Dövlətə qarşı qiyam və qövlət çevrilişi olursa, vətəndaşların seyrçi mövqedə dayanması və biganəliyi çevrilişin iştirakçılarının dairəsini böyüdə bilər. Ona görə də “vətəndaşların əsas vəzifələri” fəslinə “dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə müqavimət göstərmək Azərbaycan Respublikasının hər bir vətəndaşının “hüququdur” yox “vəzifəsidir” ifadəsi əxz edilməlidir.
Mahiyyət etibarilə konstitusiyanlın mətninə edilən hər hansı dəyişikliklərin və ya əlavələrin edilməsi əsas qanuna ziyan gətirmir, hüquqi nəticə olaraq onun müəyyən düzəlişlərə məruz qalmasına səbəb olur.
Qənaətimə görə ictimai münasibətlərdə baş verən əhəmiyyətli dıyişikliklər konstitusiyanın məzmununa təsir etmədən inkişaf edə bilməz. Bu inkişaf müasir tariximizin hüquqi dövlətlə vəhdətin canlı təcəssümüdür. Konstitusiyanın 3-cü maddəsində qeyd olunduğu kimi “Azərbaycan xalqı öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni referendumla həll edə bilər.”

Şəmsəddin Əliyev
Polisə Dəstək İB-nin sədri

 

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın