Bazar , Oktyabr 25 2020
Ana səhifə / Cəmiyyət / PKK-FETÖ işbirliyinin Mardindəki izləri: Kürd aşirətində bir gün… – FOTOLAR

PKK-FETÖ işbirliyinin Mardindəki izləri: Kürd aşirətində bir gün… – FOTOLAR

III reportaj

Bir neçə gün öncə ABŞ-ın İraq ərazisindən Suriyaya göndərdiyi 300 hərbi maşın karvanı Mardinin Nusaybin ilçəsindən keçdi. Rəsmi xəbərlərə görə, karvan Suriyaya generatorlar və sənaye avadanlığı daşıyıb. Yerli sakinlər deyir, bu cür konvoylar sərhəddən tez-tez keçir, “ərəb baharı” başlayandan bölgə insanları yuxudan quş civiltisinə yox, hərbi texnikaların səsinə oyanır.

Əslində, biz Mardindən Dara kəndinə turistik gəzi adı ilə ayrılmışdıq. Əgər kürd aşirətinə qonaq getdiyimizi desəydik, böyük ehtimalla, sözündən çıxa bilməyəcəyimiz ekip başqanı qarşı çıxacaq, imkanımız olduğu halda güney-doğu bölgəsinin Suriya ilə sərhədində nələrin yaşandığını görməkdən məhrum olacaqdıq. Sağ olsun ekibimizdəki istanbullu iki xanım – aşirət səfərində məni tək qoymadılar. Amma təhlüksəziliklə bağlı məsuliyyəti üzərimə özüm götürməli oldum – Dekori kürd aşirətinin ağası Abdulkadir Yıldızın sözü ilə…

Onunla 5 il öncə Türkiyə heyəti ilə Suriyaya gedərkən tanış olmuşduq. 6 günlük səfər boyu Türkiyə dövlətinə bağlılığı, sahib olduğu 23 kənddən 11-nin Suriya ərazisində yerləşməsinə baxmayaraq Türkiyə Cümhuriyyətinin ərazi bütövlüyünün qorunması üçün böyük xidmətlər göstərməsi, qrupdakı keçmiş müdafiə nazirinin, ordudakı keçmiş milli istihbarat komandanının onu xüsusi sayğı ilə yanaşması diqqətimi çəkmişdi. Mardinə səfər hazırlıqlarına başlayarkən məqsədlərimdən biri də Abdulkadir ağayla görüşmək idi. Ancaq kürd açılımından sonra bölgədə nələrin yaşandığından, bizi dəvət edən rəsmi qurumlarla aşirətlər arasında münasibətlərin səviyyəsindən xəbərsiz olduğumdan niyyətim haqda kimsəyə bir söz söyləməmişdim. Duruma baxacaqdım.

Mardindəki ilk gündə anlamışdım ki, sərhəddə vəziyyət gərgin olsa da, kövrək sabitlikdir – vilayət ağır xəstəlikdən əziyyət çəkən xəstə kimi əməliyyatdan çıxıb reanimasiyaya yerləşdirilib, “xəstə”ni qısa ziyarətlə yoluxmaqda fayda var.

Abdulkadir Yıldıza telefon açdıqda sözü qısa kəsdi, “nə qədər qonağın var, gətir gəl, bizə əmanətsiniz. Köydəyəm, bəkləyirəm, oğlum sizi qarşılayacaq” sözündən sonra yola çıxdıq.

b0d3d49e-8fb9-4ca8-8375-2698593bce27.jpg (27 KB)

3 xanım kirayə götürdüyümüz Fordla mərkəzdən ayrılıb Nusaybinə doğru irəlilədikcə həm ətrafda yaşayış, həm də yolda maşın azalırdı. İpək yolu ilə Kabalaya (bölgədəki toponimlərin çoxundan Azərbaycanda da var) qədər gəldikdən sonra qovşaqdan Kızıltepe-Midyat yoluna döndük. Artukluya bağlı Alakuş kəndinə getməliydik. Yolda bir yol idi, biz-biz… Sağda-solda baharın ilk gəlişi ilə açıq yaşıla bürünən və göz işlədikcə uzanan otlaqlarda nə bir insan, nə mal-qara gözə dəyirdi. Üçümüz də susmuşduq. İns-cins görmək ümidi ilə magistralda icazə verilən ən yüksək sürət həddi ilə şütüyürdük. 10-15 dəqiqə sonra qarşıdan gələn arabanın bizə “göz vurmasından” anladıq ki, Abdulkadir ağanın oğluna yetişmişik. Həyəcanımız bir az azalmışdı – artıq yanımızda bu torpaqların gerçək sahibi vardı.

İpək yolu Türkiyə ilə Suriyanı ayıran sərhəd dirəkləri ilə paralel çəkilib. Alakuş kəndinə tərəf irəlilədikcə sağda Suriya ərazisi aydın görünməyə başlayırdı. Son illərin ən qanlı toqquşmalarına şahid Nusaybindən keçirik. Türkiyənin ərazi bütövlüyünü qoruyarkən bu torpaqlarda şəhid və qazi olanları rəhmətlə yad edirik…

Sərhədin o üzündəki torpaqlar qonağı olduğumuz Dekori aşirətinə aid olsa da, başqa ölkənin ərazisindədir. Kəndə yaxınlaşdıqca tək-tək püstə, badam, zeytin ağacları gözə dəyir. Getdikcə bağ-bağat sıxlaşır. Demək, Bakı ilə güney-doğu Anadolunu minlərlə kilometr ayırsa da, torpağı eynidir. Bakının da betonlaşdırılmadan öncə püstə, badam, zeytun bağları vardı…

Uzaqdan 10-15 nəfərin magistralın tən ortası ilə bizə tərəf gəldiyini görürük. Öncə elə bildik, kəndlilər tarladan dönür. Amma deyilmiş – ağa bizi yolda qarşılamağa çıxıbmış. Təbii, aşirətinin üzvləri ilə… Avtomobildən enəndə ciyərimizə dolan təmiz hava ilə xoş qarşılanma yolun bütün stresini arxada qoyur. Salamlaşdıqdan, “dünəndən Mardindəsən, amma xəbər vermirsən” tənbehindən sonra aşirətin baş ofisinə – Yıldız ailəsinin iqamətgahına doğru irəliləyirik.

d5415fc1-7611-494e-ba87-dbf15868a761.jpg (51 KB)

Abdulkadir Yıldızın konağını (imarətini) Dekori aşirətinin ondan öncəki ağası, atası Fərhan Yıldız tikib. Kimlər olmayıb bu evdə?.. Cümhurbaşqanı Dəmirəl, baş nazirlər, nazirlər, partiya liderləri, Fatmi Girikdən, Türkan Şoraya qədər türk sənətinin sütunları… Bu tərəflərdən, bölgəyə səfər edən hər kəsin ünvanı Yıldızların konağı olub. Səbəbi var… – Fərhan Yıldız aşirət lideri olmaqla yanaşı, vəfatına qədər siyasətin də içərisində olub. Süleyman Dəmirəllə bərabər Doğru Yol Partiyasını quran isimlərdən olan Fərhan ağa bölgədə dövlətin sağ əli imiş. Vəfat xəbərini alanda cümhurbaşqanı Dəmirəl “mən gəlmədən cənazə yerdən götürülməsin” deyib, İstanbuldan özəl uçaqla Mardinə gəlib, məzarlığa qədər dava arkadaşını özü uğurlayıb. Aşirətin toy-düyünləri də bölgənin ən yaddaqalan, haqqında ən çox danışılan şadlıq məclisləridir. Minlərlə qonağın qatıldığı mərasimlərdə hər dəfə Türkiyənin ünlü sənətçiləri oxuyur. Abdulkadir ağa bunları danışdıqca söylədikləri haqda yazan, bəziləri artıq saralmış, bəziləri yeni qəzetləri də göstərir.

Bu arada evin xanımları 3 xanım qonaq üçün əldən-ayaqdan gedirlər. Öncə mırra təklif olunur – acılıq dərcəsinə çox tünd qəhvə. Sonuncu dəfə Suriyada içmişdim. Mardindəki daha ləzzətlidir. Xanımlardan öyrənirəm ki, saatlarla qaynayan mırraya ləzzət qatmaq üçün hil də vurublar. İçənə qədər ətri insanı rahatladır… Ardınca süfrə açılır – biz süfrəni yerdə qururuq, ancaq sizə rahat olsun deyə, masada açdıq – deyirlər xanımlar. Mardinin ünlü quzu qovurması min bir məzə ilə bizi gözləyir. Bazar günü olduğundan Yıldızların artıq ailə qurub ata ocağından köçən qızları da buradadır. Oğul-uşaqları ilə bərabər. Hamısı bizimlə süfrəyə əyləşir. Özümüzü yad hiss etməməyimiz üçün əllərindən gələni edirlər.

e25aa40e-a95e-417d-8a87-37eba1c0e873.jpg (131 KB)

Süfrə yığışdıqdan sonra Mırranın müşayiəti ilə yenidən siyasətə dönürük. Ağa deyir, saralmış qəzetləri sizə ona görə göstərirəm ki, bir zamanlar burada aşirət-siyasət münasibətlərinin dövlət başçısı səviyyəsində olduğunu biləsiniz.

Ağanın danışığından anlayırıq ki, indi bu bağlar yetərincə kövrəkdir. Hökumət bölgə xalqı ilə uzlaşmağa çalışsa da hələlik münasibətləri isti saymaq olmaz. PKK terroru, Suriyadan bölgəyə sızan digər bölücü hörgütlər qarşılıqlı etibarın yaranmasını çətinləşdirib. Vətəndaş hökumətdən, hökumət isə xalqdan ilk addım gözləyir.

Yıldız ailəsindəki söhbət zamanı onları ölkə TV-lərindən çox narazı olduğunu öyrəndik. Ağanın xanımı imarətin ən üst qatındakı balkonu göstərib danışır: “Oradakı bayraq dirəyini qayınatam ucaldıb. Evimizin üstündə hər zaman Türkiyə bayrağı dalğalanıb. Baxın, indi üzərində neçə güllə izi var. PKK evimizi qurşunlamırdı, hər gecə gəlib bayrağımızı dəlik-deşik edirdi. Amma indi telekanallar bütün kürdləri terrorçu elan edib. Cinayətkarın milliyətimi olar? Biz kürdük, amma vətənimiz Türkiyədir. Onun düzənini pozan bizim düşmənimizdir. Kürdlərin hamısına terrorçu deyənlər Türkiyənin bütövlüyü üçün vuruşan, dirəniş göstərən kürdlərə, onların ailələrinə necə həqarət etdiklərinin fərqindədirlərmi?” Siyasətin və medianın üzərində düşünməli olduğu çox ciddi iraddır…

4ff58699-da52-4800-92a8-d96f7daead9d.jpg (118 KB)

Söhbəti Abdulkadir Yıldız davam edir. 2-3 il öncə bölgənin necə bir atəş içərisində olduğundan, kənardan sızan terrorla ölkə içərisindəki qüvvələrin birləşməsi ilə Türkiyə ərazilərinin necə bölünmə təhlükəsi ilə üz-üzə qaldığından söz açır:“Mən bu yaşa gəlmişəm, amma Mardində bu qədər qan, bu qədər hücum görməmişəm. Sərhəd faktiki qorunmurdu, PKK kəndlərimizə hər gün hücum edirdi. Biz öz gücümüzə müdafiə dəstələri düzəldir, kəndlərin kənarında növbət çəkdirirdik. Suriyadan keçən terrorçular, onların götirdiyi silah-sursat haqqında neçə dəfə polisə, jandarmaya xəbər yollayırdıq, az sonra eşidirdik ki, xəbəri aparan adamımız öldürülüb. Sonradan anladıq ki, polisdə, jandarmada yüksək rütbəlilər FETÖ-ya bağlı adamlardı. Onların məqsədi vətəni qorumaq yox, vətəndaşı yurdundan didərgin salmaq, boşalan torpaqları Türkiyədən qoparmaqdır. Mənim 12 kəndim Suriyadadır. Hər iki tərəfdəki kəndlərimdə onlarla insan PKK terrorunun qurbanı olub. Dəfərlərlə sui-qəsdlərlə qarşılaşmışıq, ancaq yurdumuzu terrora təslim etməmişik, etmərik də. Gözləntimiz odur ki, hökumət vətəndaşa daha yaxın olsun, dışlamasın. Hər kəsə şübhə ilə baxıb özündən incik salmasın. Çünki sərhədlərin qorunmamasının, ordunun, polisin, jandarmanın FETÖ-nun əlinə keçməsinin ilk qurbanları burda yaşayan sadə insanlar olub”.

Alakuşlularla söhbətdən onu da öyrənirik ki, aktiv hərbi əməliyyatlar, antiterror tədbirləri keçmişdə qalsa da bölgənin iqtisadiyyatını toparlamaq hələ də mümkün deyil. Əhali yüzillərlə məşğul olduğu heyvandarlığı davam etdirə bilmir. Minalanmış torpaqlar, terror təhlükəsi, hərəni öz kiçik həyətinə cəm edib. Kəndlərdə ən çox öldürülən mülkü şəxslər çobanlar olub. Özlərini öldürüb, mal-qaralarını da terror yuvalarına sürüblər. Ona görə də vadinin dağlara qədər uzanan yamyaşıl otlaqları bom-boş qalıb.

15 iyul çevriliş cəhdindən sonra Mardində PKK və digər bölücü hörgütlər sırasında FETÖ-ya qarşı da geniş cəbhə açılıb. Vəzifə sahiblərilə yanaşı, onların çevrəsində olub illərlə vətəndaşa qan udduran şəxslərin çoxu həbs edilib. Aşirət üzvləri “belləri sındırılsa da, kökləri kəsilməyib, indi özlərini hökumətə ən yaxın şəxs kimi göstərirlər, Ankaranı inandıra bilərlər, ancaq biz hamısını tanıyırıq” deyirlər.

9873a438-0eb8-4305-b17f-5ad8f4e6d8d0.jpg (68 KB)

Bölgədəki İpək Yolu da, Dara kəndinə gedən yol da Abdulkadir Yıldızın torpaqlarından keçir. Deyir ki, dövlətdən qarşılıq olaraq heç bir konpensasiya almayıb: ”Yol bölgəyə həyat verir. Biz bunu xalqımıza, camaatımıza xidmət sayırıq. Mən bunun üçün dövlətdən pul almaram. Əksinə burada biz dövlətin görməli olduğu işləri də üzərimizə götürmüşük. Çevrənin təmizliyini biz qoruyuruq”.

Akakuşda tez-tez telefonlar kəsilir. İnternetdə də fasilələr çox olur. Sərhəddə antiterror əməliyyatları aparılanda dalğalar vurulur. Ancaq bəzən dalğalara müdaxilə qarşı tərəfdən də baş verir. Biz bölgədə olarkən dağlıq ərazilərdə 2 genişmiqyaslı əməliyyat keçirildi, uzun illər Türkiyə Silhahlı Qüvvələrinə qarşı vuruşan terrorçuların iki mərkəzi yer üzündən silindi.

Sərhəd kəndlərinin ən ciddi problemi həm də elektriklə bağlıdır. Səbəb terrorçuların davamlı olaraq bölgədəki yarımstansilayara hücumudur. Bəzən 5-6 gün işıq verilməsi mümkün olmur. Elektrikin verilməməsi həyatı iflic edir, ciddi su problemi yaşanır. Kəndlilər deyir ki, özəl generatoru olmayan ailələr məişət avadanlıqlarının rəngini də unudub. Belə ailələr çoxdur… Bu yerlərin 50 dərəcə istisi olan yayında soyuducusuz, kondinsionersiz, televizorsuz, susuz, üstəlik terror təhdidi alrında həyatdan qurtulmaq üçün vətəndaşlar dövlətə hər cür dəstək verməyə hazırdırlar.

75ab3b58-d4b7-40f2-8b03-5a35538cc1d2.jpg (103 KB)

2 gün öncə Nusaybində yenə terrorçular yarımstansiya partladıblar. Gecə saatlarında baş verən hücum zamanı yeni quraşdırılan 2 yarımstansiya gülləbaran edilib, bir neçə kəndi əhatə edən böyük ərazi işıqsız qalıb. Hökumət qüvvələrinin dərhal başlanan əməliyyatında bir neçə şübhəli saxlanıb. İlkin dindirmə zamanı onların Türkiyə ərazisinə Suriyanın Kamışlı kəndindən tunel vasitəsilə keçdiyi bəlli olub. Səhrəd zolağında qazılan uzun xəndəklərə beton bloklar yerləşdirilməklə tikilən tunellərin Türkiyədə bir neçə çıxışı tapılıb. Demək, dağlardakı sığınacaqları hava hucumu ilə məhv edilən terrorçular indi də yerin altında toplanır. Allahın izni ilə qazdıqları torpaqlar özlərinə məzar olar.

Alakuşa bizimlə bərabər gedən xanımlardan biri bölgənin yerli idarəetmə orqanları ilə elə “olay yerində” əlaqə quraraq bölgədə sabitliyin təmin olunması, problemlərin əl birliyi ilə çözülməsi üçün hökumət-aşirət dialoquna ehtiyac olduğunu dedi. Rəsmi tərəf təklifi qəbul etdi.

Bu məqalə dərc olunan gün – martın 24-də uzun illər davam edən fasilədən sonra Kızıltepede aşirət-hökumət buluşması baş tutacaq. Aradan keçən bir həftəlik sürəcdə tərəflərin dəfələrlə təmas qurması, görüşə xüsusi önəm verilməsi PKK terroru daxil, bütün bölücü hörgütlərin ayağının Türkiyədən kəsilməsinə yönəlik addımların daha effektli olacağına ümidləri artırır.

Vasitəçi olduğumuz üçün mutluyuq…

(Musavat.com)

Həmçinin oxuyun

“30 ilə yaxındır onlar bizim üçün darıxıb ki, bu insanlar harda qaldılar…”

“Məhəmməd Əsədovun yoxluğuna inanmıram. Hələ də gözləyirəm ki, o, nə vaxtsa gələcək. Və torpağının düşmən …