Cümə , Dekabr 4 2020
Ana səhifə / Cəmiyyət / “Penoplast” örtüyü olan binaların sakinləri: “Biz yanmaq istəmirik” – VİDEOREPORTAJ, FOTOLAR

“Penoplast” örtüyü olan binaların sakinləri: “Biz yanmaq istəmirik” – VİDEOREPORTAJ, FOTOLAR

Xətai rayonu, Zığ şosesi 22 ünvanında yanan binanın yaxınlığındakı qonşu binaların sakinləri hadisənin baş verdiyi gündən bəri qorxu içindədirlər. Yaxınlıqdakı binaların fasadı da “penoplast” adlanan və tezalışan materialla üzləndiyindən sakinlər hər an binanın alovlar içində qalacağı qorxusu ilə yaşayırlar.
Musavat.com-un müxbiri fasadı “penoplast” örtüklə üzlənmiş binaların sakinləri ilə görüşərək, onların qayğılarını dinləyib.
Xətai rayon sakini İlkanə Musayeva deyir ki, Burada fəhlələrin səhlənkarlığı ucbatından tez-tez xırda yanğınlar baş verir: “Adi bir siqaret kötüyü bu binanı külə döndərə bilər. Bu, ehtimal deyil. Bir həftə əvvəl hər kəs bunun şahidi oldu. Bu hadisədən əvvəl də dəfələrlə müraciət etmişdik, ancaq heç bir nəticə olmadı. Qonşu binadakı yanğın tikinti materialları tullantılarının alışması səbəbindən baş vermişdi. Ancaq gördüyünüz kimi, yenə heç bir tədbir görülməyib. “Penoplast” üzlüklərin tullantıları yenə də binanın küncündə qalaqlanıb. Deməli, bu ölkədə insan həyatının heç bir önəmi yoxdur”.
Zığ şosesi 22 ünvanında yaşayan sakinlər binalarına vurulan “penoplast” örtüklərinin sökülməsini tələb edirlər. Bina sakinləri “penoplastlar”ın sökülməsi üçün imza toplayıb, aidiyyatı qurumlara təqdim edəcəklərini bildirdilər.
Sakinlərdən Əhməd Alıyev deyir ki, binaya çəkilən penoplast örtüklər onun evinə bitişikdir və hansısa qəza baş versə, onları heç kim xilas edə bilməyəcək: “Heç 5 sm məsafədə yoxdur. Eyvanımı və otaqlarımı “penoplast” yarıya kimi tutub, gün işığına həsrət qalmışıq. Evdə balaca nəvələrim var, bir kağız parçası yandırıb, atsalar, səkkizbloklu bina kül olacaq”.
Bina sakinlərindən bir neçəsi eyvanlarına bitişik olan “penoplast” örtükləri söküb. MİS rəisi sakinləri polislə hədələyərək bildirib ki, binanın fasadını sökməyin. Sakinlər isə bu məsələnin üzərinə getməkdə qərarlıdırlar: “Həftənin şənbə günü binanın qarşısında toplantı olacaq. “Penoplast” üzlüklərin sökülməsi ilə bağlı binada yaşayanların rəyini öyrənəcəklər. Fasad örtüyünün sökülüb-sökülməyəcəyi qərarını həmin gün verəcəklər”.
Sakinlərdən onu da öyrəndik ki, yanan binanın fasadının təmiri üçün yenidən “penoplast” örtüklər gətirilib. Binanın yenıdən eyni materialla üzlənəcəyi gözlənilir.
Məğrur Salmanov
 




















Həmçinin oxuyun

Qarabağ qazisinin bu videosu hər kəsi kövrəltdi (VİDEO)

Birinci Qarabağ müharibəsinin iştirakçısı Qəmbərov Rauf Rəfi oğlunun Qarabağın işğaldan azad olunması ilə bağlı hərbi …

Bir cavab yazın