Bazar , Yanvar 24 2021
Ana səhifə / Cəmiyyət / Pedofillərin cəzalandırılması: Kimyəvi, yoxsa cərrahi yol?

Pedofillərin cəzalandırılması: Kimyəvi, yoxsa cərrahi yol?

Xəbər verildiyi kimi, bu günlərdə Qazaxıstanda ilk dəfə pedofil məcburi qaydada kimyəvi üsulla axtalanıb. Belə ki, bu, bir neçə ay əvvəl qüvvəyə minmiş müvafiq qanunun tətbiqi nəticəsində mümkün olub. Pedofilliyə görə saxlanılan şəxsin bədəninə xüsusi inyeksiya yeridilib. 

Qeyd edək ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu il uşaqlara qarşı zorakı əməllərə yol verən kişilərin axtalanması üçün 2000 inyeksiyanın alınmasına 25 min dollar vəsait ayırıb.

Bildirilir ki, bu metodun effektiv olması üçün pedofilin bədəninə ildə iki dəfə müvafiq inyeksiya yeridilməlidir.

Qeyd edək ki, pedofillərin axtalanması məsələsi bir müddət öncə Türkiyədə də gündəmə gəlmişdi.

Bildirilmişdi ki, pedofillərə qarşı mübarizə kimi onların kimyəvi və ya cərrahi əməliyyat yolu ilə axtalanması məsələsi gözdən keçirilir.

Qeyd olunmuşdu ki, belə bir məsələ ciddi problem kimi qarşıda durur və bu yöndə sərtləşdirici qanunun qəbulu nəzərdə tutulur. Bir neçə il öncə Azərbaycanda da bu məsələ gündəmə gətirilmişdi.

Belə ki, millət vəkili Qüdrət Həsənquliyev açıqlamalarının birində, eləcə də, parlamentdəki çıxışlarından biri zamanı pedofillərin cərrahi əməliyyat yolu ilə axtalanması məsələsini, bu yöndə qanunvericiliyə sərtləşdirici əlavələr və dəyişikliklər olunmasını təklif etmişdi.

O zaman millət vəkilinin təklifi özünə xeyli tərəfdarlar qazanmışdı, bununla belə, həmin təklifi süngü ilə qarşılayanlar da olmuşdu.

Bildirilmişdi ki, belə bir cəzalandırma sonradan həmin şəxslərdə (pedofillərdə) cinsi azlığa meyil yarada və nəticədə, intiharlara əl atılmasına gətirib çıxara bilər.

Amma qeyd olunduğu kimi, Türkiyədə və Qazaxıstanda bu məsələnin gündəmə gəlməsi və reallaşması yönündə addımların atılması həmin problemi Azərbaycanda da təkrarən aktuallaşdırıb.

Bir çoxları məhz Qazaxıstanda və dünyada, Avropa ölkələrində olan praktikanın – pedofillərin kimyəvi və ya cərrahi əməliyyat yolu ilə (kişinin-pedofilin testosteron vəziləri tam alınır) axtalanması məsələsinin Azərbaycanda da tətbiq olunmasını təklif edirlər.

Bununla bağlı Oxu.Az-a açıqlamasında həkim, Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, bu məsələdə hay-küyə getmək lazım deyil.

“Başqası bunu etdi, gəlin, biz də belə edək” olmamalıdır”

Onun sözlərinə görə, “başqa ölkələrdə belə bir məsələ və qanunvericilik var deyə, bizdə də hökmən olmalıdır” prinsipindən çıxış edilməməli, məsələyə bu cür yanaşılmamalıdır.
Millət vəkili bildirib ki, bu, heç də problemin köklü həlli kimi qəbul oluna bilməz və qəbul olunmamalıdır.

“Əvvəla, pedofiliya ilə bağlı statistikaya baxmaq lazımdır. Eyni zamanda, bu yöndə qanunvericilik aktı qəbul edən və tibbi sterilizasiyanı (kimyəvi və ya cərrahi yolla axtalanmanı tətbiq edən) reallaşdıran ölkələrin durumuna, statistikasına baxmaq lazımdır. Həmçinin, son illərin dinamikasına baxmaq lazımdır ki, burada intensivlik, artma, yoxsa azalma baş verib.

Bütün bunlar diqqətlə araşdırılandan, təhlillər, analizlər aparılandan sonra bu məsələyə qayıtmaq olar. Yəni qanunvericilikdə bu yöndə hüquqi baza yaratmaq barədə düşünmək və qərar vermək olar. Yoxsa “başqası bunu etdi, gəlin, biz də belə edək” olmamalıdır. Mən bu məsələ ilə bağlı deputat həmkarlarımın, Qüdrət Həsənquliyevin və digərlərinin fikirlərini müsbət qiymətləndirirəm, onlara elə bir etirazım yoxdur, amma bu məsələdə tələskənliyə, hay-küyə ehtiyac görmürəm.

Bu məsələdə qərar vermək üçün dəqiq statistika, təhlillər aparılmalıdır. Burada kimyəvi və cərrahi yolla axtalanma tək çarə, tək mübarizə vasitəsi, metodu deyil. Profilaktik tədbirlər görülməlidir.

İlk növbədə valideynlər ayıq-sayıq olmalı, övladlarını qorumalıdırlar”, – deyə M.Quliyev əlavə edib.

“Kimyəvi yol daha məqbuldur”

Həkim-cərrah Ramil Vəliyev bildirib ki, pedofiliya yunan sözündən götürülüb, yəni, “pedos”-uşaq, “filiya” sevgi deməkdir:

“Odur ki, pedofiliya Azərbaycan dilində “uşaqbazlıq” mənasını verir. Ümumiyyətlə, pedofiliya Ümumdünya Səhiyyə Təşkilatının xəstəliklər təsnifatında (1965-cı il təsnifatında) psixi pozğunluq, 1970-ci il təsnifatında isə seksual orientasiyanın pozğunluğu kimi qiymətləndirilib. Həmçinin, pedofiliyaya qarşı bir çox ölkələrdə, o cümlədən, Azərbaycanda qanunvericilik səviyyəsində, hüquqi müstəvidə çox ciddi mübarizə aparılır.

Pedofillik Cinayət Məcəlləsində ağır cinayətlərdən hesab olunur və səhv etmirəmsə, səkkiz ilədək azadlıqdan mərhumetmə cəzasını özündə ehtiva edir. Bununla yanaşı, dünyanın bir çox ölkələrində buna qarşı bir sıra mübarizə tədbirləri, metodları var. Məsələn, ABŞ-da ən pis halda ömürlük cəza nəzərdə tutulur, ən yaxşı halda axtalanma tətbiq olunur.

Axtalanma özü də iki cür olur: ən çox yayılmışı kimyəvi yolla axtalanmadır. Bir də cərrahi yolla axtalanma var.

Kimyəvi axtalanma dedikdə, dərmanlar yolu ilə bəzi hormonların səviyyəsinin aşağı salınması, başqa sözlə, cinsi həvəsin və imkanların öldürülməsindən söhbət gedir.

Bu dərmanlarla yanaşı, seksual cinayətlərə meyilli olanların fantaziyalarını cilovlamaq üçün anti-depresant dərmanlar da verilir.

Eyni zamanda, ikinci yol cərrahi əməliyyat yolu ilə axtalanmadır ki, bu da, əsasən, cinayətkarın öz razılığı ilə həyata keçirilir. Yəni bu metodlar hazırda bütün inkişaf etmiş ölkələrdə var və istifadə olunur.

Bizdə bu nə dərəcədə tətbiq olunur, deyə bilmərəm, amma qeyd etdiyim kimi, cinayət qanunvericiliyində buna görə səkkiz ilə qədər həbs cəzası nəzərdə tutulur.

Bir daha qeyd edirəm ki, pedofillik seksual orientasiyanın pozulması, psixi pozğunluqdur və ona qarşı daha ciddi mübarizə aparılmalıdır.

Onu da deyim ki, pedofillərin əksəriyyəti, adətən, özləri uşaq vaxtlarında bu cür cinsi istismara məruz qalanlardır. Odur ki, buna məruz qalan uşaqlar gələcəkdə böyüyəndə özləri də pedofillərə çevrilə bilərlər”.

Həkim özünün şəxsi fikrini qeyd edərək bildirib ki, daha çox kimyəvi yolla axtalanmanın tərəfdarıdır:

“Çünki cərrahi əməliyyat yolu elə effektiv deyil, çünki axtalanan adam süni testosteron əldə edə bilər və yenidən normal funksiyaları bərpa olunacaq.

Üstəlik, məhkumlar (pedofillər) bu yola razılıq verəndə, sadəcə, daha tez azadlığa çıxmağı düşünürlər ki, bu da onların islah olması mənasına gəlmir. Ona görə burada kimyəvi yol daha məqbuldur”. (Oxu.az)

Həmçinin oxuyun

İtkin düşən tabor komandirinin şəhid xəbəri gəldi

Vətən müharibəsində itkin düşən polkovnik-leytenant Atəm Əliyevin şəhid olduğu müəyyənləşib. Bu barədə “Qafqazinfo”ya şəhidimizin qardaşı …