Bazar ertəsi , Noyabr 23 2020
Ana səhifə / Cəmiyyət / Partiya rəhbərlərinin təbrik və bəyanatlarını kim(lər) və necə hazırlayır?

Partiya rəhbərlərinin təbrik və bəyanatlarını kim(lər) və necə hazırlayır?

Xəzər Teyyublu: «Ənənəvi təbrik və başsağlıqları hər il yenilənir»
Elşən Mustafayev: «Mətbuatla partiyanın koordinasiyasını təmin edən strukturumuz tərəfindən KİV-lərə ötürülür»
31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı maraqlı bir detal ortaya çıxdı. Müsavatın yeni seçilmiş başqanı Arif Hacılı Azərbaycan xalqına ünvanladığı başsağlığında biabırçı plagiata yol verdi.
Belə ki, Arif Hacılının adından yayılan başsağlığının mətni ilə Müsavatın sabiq başqanı İsa Qəmbərin dövründə yayılan mətnin nöqtə vergülünə qədər eynilik təşkil etdiyi üzə çıxdı. Hər iki mətnin skrinşotları yayıldı. Yəni şübhə yeri qəti qalmadı. Dəyişən isə yalnız partiya başqanlarının adları ilə tarix idi.
Bu hadisə partiyaların və onların rəhbərlərinin adından yayılan bəyanatların necə, hansı prinsiplə hazırlanmasına olan ictimai marağı artırmış oldu.
Görəsən digər partiyalarda bu sarıdan vəziyyət necədir?
Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublu bu cür məsələnin birbaşa partiya sədrinin diqqətində olduğunu bildirdi: «Ənənəvi təbrik və başsağlıqları hər il yenilənir. Bu işlə partiyanın mətbuat xidməti məşğul olur. Onlar mətni yazandan sonra partiyanın sədrinə təqdim edirlər. Yalnız onun imzasından sonra mətn mətbuata verilir. Mövzu mahiyyət baxımından eyni olsa da, çalışırıq təkrarçılığa
yol verilməsin».
Milli İstiqlal Partiyasının sədr müavini Elşən Mustafayev qəzetimizə açıqlamasında bildirdi ki, onun təmsil olunduğu partiyada bu məsələyə ciddi önəm verilir: «Baxır hansı məsələdən söhbət gedir. Partiya mütəmadi olaraq müəyyən mövzulara münasibət bildirir. Xariclə bağlı olan mövzular partiyanın beynəlxalq katibliyində hazırlanır və rəhbərliyə təqdim edilir. Məsləhət bilinirsə, imzalanır. Daxilə aid olan mövzularla bağlı açıqlamalar isə partiyanın digər əlaqədar qurumları tərəfindən hazırlanır. Yenə eyni qayda olaraq rəhbərliyə təqdim edilir. Sonra isə mətbuatla partiyanın koordinasiyasını təmin edən strukturumuz tərəfindən KİV-lərə ötürülür».
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Xudavəng monastırı ilə bağlı erməni yalanları – VİDEO

Azərbaycan ordusunun Kəlbəcər şəhərinə daxil olmasına sayılı günlər qalıb. Bu ərəfədə mənfur düşmən məkrli əməllərindən əl …

Bir cavab yazın