Cümə axşamı , İyun 17 2021
Ana səhifə / Cəmiyyət / Pandemiyanın qurbanı olan magistrlar: “Baş verənlər bizə qarşı haqsızlıqdır” – ŞİKAYƏT

Pandemiyanın qurbanı olan magistrlar: “Baş verənlər bizə qarşı haqsızlıqdır” – ŞİKAYƏT

Tələbələr magistratura imtahanlarına qoyulan hər fənn üzrə minimal keçid ballarının ləğv olunmasını istəyirlər.

Bu barədə şikayətlə Bakupost.az -a müraciət edən tələbələr imtahanda yüksək nəticə əldə etməklərinə baxmayaraq, 1 fənndən nisbi bal çatışmadığına görə növbəti mərhələyə buraxılmadıqlarını bildiriblər:

“Pandemiyada kurslar fəaliyyət göstərməyib, hazırlığa getməyən xeyli sayda tələbə var. Öz zəhmətimizlə hazırlaşıb bal toplamışıq. Magistr imtahanın hər ikisində iştirak etmişik. Birinci dəfəkində limitləri keçməyimizə baxmayaraq, balımız ikinci imtahandan az olub. İkinci imtahanda ingilis dilindən limit 5 baldır. Əksəriyyətimizdə isə 4-dür, bir bala görə qalmışıq ortada. Şikayət edən tələbələr çoxdur. Əziyyətimiz kənarda qalıb. Tələb edirik ki, nisbi bal keçən il ləğv olunduğu kimi, bu ildə ləğv olunsun. Çünki baş verənlər bizə qarşı haqsızlıqdır. Əgər tələbə müvafiq ixtisas üçün lazım olan balı yığıb əvəzində isə minimal fənn üzrə bir balla kəsilirsə bu nə dərəcədə düzgündür? Dövlət İmtahan Mərkəzi (DİM) və Təhsil Nazirliyi bu məsələyə göz yummamalı, tələbələrin kəsilməsinə şərait yaratmamalıdır. Bu cür hallar davam etsə, bir müddətdən sonra ölkəmizdə ixtisasını sevən, peşəsinin mütəxəssisi olan gənclər və gələcək kadrlar məhv olacaq. Bu məsələyə aidiyyəti dövlət orqanlarının ciddi yanaşıb düzgün qərar verməsi vacibdir”.

Məsələ ilə bağlı Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini, ekspert Nadir İsrafilov saytımıza açıqlamasında qeyd edib ki, bu, müsabiqəyə buraxılan iştirakçıların sayından və ayrılan plan yerlərinin tutulub-tutulmamasından asılıdır:

“Magistraturalara qəbul bakalavrların cari tədris ilində biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanda əldə etdikləri nəticələrə əsasən, DİM tərəfindən müsabiqə yolu ilə həyata keçirilir. İmtahanda bakalavrlara ümumi intellekt səviyyəsinin yoxlanılması üçün 50 (o cümlədən açıq formalı 5), informatika üzrə 25 (o cümlədən açıq formalı 5) və xarici dil üzrə 25 (o cümlədən açıq formalı 5) test tapşırığı təqdim olunur. Bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

Müsabiqənin nəticələri elan olunduqdan sonra boş qalan yerlər elan edilir, bakalavrlar tərəfindən ixtisaslaşma seçimi həyata keçirilir və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirmə aparılır. Bakalavrların seçdikləri ixtisaslaşmalar üzrə müsabiqə onların imtahandan topladıqları bal əsasında aparılır. Bakalavr hər iki imtahanda iştirak etdiyi halda müsabiqədə öz istəyinə əsasən birinci və ya ikinci imtahandan topladığı balla iştirak edir. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Göründüyü kimi, ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi-tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutan və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verən, ali təhsilin ikinci pilləsi olan magistratura təhsilinin tətbiqi və təşviqi üçün mümkün olan müvafiq addımlar atılır.

O ki, qaldı magistratura imtahanlarında pandemiyanın yaratdığı fəsadlar üzündən lazımi hazırlıq keçə bilməyənlərə, növbəti mərhələyə buraxılmaları üçün nisbi balın bağışlanmasına və onlara müəyyən güzəştlər edilməsinə, bu kimi halın bəri başdan proqnozlaşdırılması və kimlərinsə arzu-istəklərinin nəzərə alınıb-alınmayacağına təminat verilməsi o qədər də real görünmür. Bu, daha çox müsabiqəyə buraxılan iştirakçıların sayından və bu sahəyə ayrılan plan yerlərinin tutulub-tutulmamasından asılıdır. Əlbəttə, ixtisaslaşma prosesində önəmli yer tutan ali təhsil səviyyəsinin ikinci pilləsi olan magistratura təhsilinə gəncləri stimullaşdırma baxımından mövcud vəziyyətin, onların mənafeyin imkan daxilində nəzərə alınması arzuolunandır”.

Həmçinin oxuyun

Vilayət Eyvazov məşhur rəisi işdən çıxardı

Daxili İşlər orqanlarında növbəti kadr dəyişikliyi olub.Manşet.az xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət …