Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / “Özünü  Rövnəq Abdullayevin qohumu kimi təqdim edən şəxslər zorla torpağımı almaq istəyirlər”

“Özünü  Rövnəq Abdullayevin qohumu kimi təqdim edən şəxslər zorla torpağımı almaq istəyirlər”

Firəngiz Məmmədova: “Şikayətlərimə baxan yoxdur…”

“Mənim mülkiyyətimdə olan torpağı özünü Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin qohumu kimi təqdim edən şəxslər zorla almaq istəyir. Artıq 3 ildir ki, məni rahat yaşamağa qoymurlar”.

Bu sözləri redaksiyamıza müraciət edən Bakı şəhər sakini, şəhid anası Firəngiz Məmmədova deyib. Şikayətçi haqqının tapdalandığını və heç bir aidiyyəti qurumun ona kömək etmədiyini bildirdi: “Oğlum 1992-ci il noyabrın 3-də Dağlıq Qarabağda Çıldıran kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub. Mən bir şəhid anasıyam. Yoldaşımı da 2012-ci ildə uzun sürən xəstəlik nəticəsində itirdim. Onun müalicəsi ilə əlaqədar 2012-ci ilədək Bakı şəhəri, Nizami rayonu, S.Şərifli küçəsi – bina 82, mənzil 24 ünvanında yaşadığımız mənzili satdıq.
Bundan sonra Nizami rayonu, Yavər Əliyev küçəsində yerləşən həyətyanı sahədə, qonşuların verdiyi vaqonda yaşadıq. Vaqonun yerləşdiyi torpaq özümündür. Ancaq özünü Valeh və Alim kimi təqdim edən və Rövnəq Abdullayevin qohumu olduğunu deyən şəxslər iki ildir ki, torpağımı əlimdən almağa çalışır. Ailəmiz  bu torpaq sahəsindən 40 ildir ki, istifadə edir-əkib becərir. 2006-cı ildə isə torpağa mülkiyyət hüququnu təsdiq etmək üçün Nizami Rayon İcra Hakimiyyətinə müraciət edib müsbət cavab almışam. Mən şəhid anası kimi bu gün bir qrup dələduzun hücumuna məruz qalıram.
Həmin şəxslər ailəmi zorla həmin ərazidən çıxarmağa çalışır. Gəlib əkin-biçin sahəmi dağıdıblar. İş o yerə çatıb ki, 2015-ci il aprelin 9-da gecə həmin əraziyə hücum ediblər, bütün əşyalarımı maşına yığıb naməlum istiqamətdə aparıblar. Dolanmaq üçün mən mərasimlərdə yemək bişirirəm. Bunun üçün lazım olan qazanlarımı da aparıblar. Bu adamlar məni həm qazanlarımdan, həm də qazanmaqdan məhrum ediblər.
Üç il əvvəl də eyni adamlar bizim yaşamaq ucun həmin ərazidə qoyduğumuz  vaqon evi gecə ikən oğurladılar. Həmin vaxt da 25-ci polis bölməsinə şikayət etdim. Ancaq şikayətimə baxan olmadı. İndi də Qarabağ şəhidi olan balamın əkdiyi iri ağacları kəsməklə məni hədələyirlər ki, mən öz  həyətimdən, torpağımdan əl çəkib oranı bunlara verim. Bütün bunlarla bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya teleqram vurdum. Cavab Bakı Baş Polis İdarəsinə göndərilsə də nəticə yoxdur. Mən bu zorakılığa  baş əymək istəmirəm”.
Şikayətçi KİV vasitəsilə prezidentə müraciət edərək haqqının və hüquqlarının qorunmasına yardım etməsini xahiş edir.
İttihamlarda adı hallanan qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

Həmçinin oxuyun

DTX 105 yaşında – VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb. Azinforum.az xəbər verir ki, qurumun sosial …

Bir cavab yazın