Çərşənbə axşamı , Sentyabr 21 2021
Ana səhifə / Cəmiyyət / Oqtay Gülalıyevin oğlu: “Atam danışmağa başlayıb”

Oqtay Gülalıyevin oğlu: “Atam danışmağa başlayıb”

“Allaha şükür, artıq atam danışmağa başlayıb. Biz ona sual verərkən cavab verə bilir”.

Bu sözləri hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Əli Gülalıyev atasının son durumu ilə bağlı məlumat verərkən söyləyib. Oğlunun söylədiklərindən məlum olur ki, Oqtay Gülalıyev əvvəlkinə nisbətən daha aktivdir, artıq deyilənləri dinləyir, əl hərəkətləri ilə və nələrsə söyləyərək ona verilən suallara cavab verməyə çalışır:

“Artıq şüuru özünə tam gəlib deyə bilərik. Sadəcə bir az səs tellərində problem var. Səsi xırıltılı gəlir”.

Xərclərin qarşılanması məsələsinə gəlincə, Əli Gülalıyev bildirib ki, hüquq müdafiəçisinin dərmanlarının, lazımi tibbi ləvazimatların alınması ilə bağlı ailəyə heç bir yardım olunmur:

“Xərclərin hamısını özümüz qarşılayırıq”.

Onun sözlərinə görə, artıq tibb bacıları ilə bağlı problem də öz həllini tapıb:

“Bir müddət əvvəl qardaşım Təbriz paylaşmışdı ki, tibb bacıları maaşları ödənmədiyinə görə işə çıxmayacaqlar. Amma artıq bir tibb bacısı və təmizləyici səhər 09.00-dan axşam 18.00-a kimi atama baxırlar”.

Əli Gülalıyev atasının məhkəmə işi ilə bağlı son durum barədə də məlumat verib. O deyib ki, hadisədən 21 ay keçməsinə baxmayaraq həkimlərlə əlaqədar aparılan məhkəmə işi hələ də araşdırılmır:

“Bu işə 2021-ci ilin yanvar ayında xitam verilmişdi. Baş Prokurorun köməkçisi anamı qəbul edərək demişdi ki, prokurorluq həkimlərə dair açılmış cinayət işinin aparılmasında maraqlıdır. Anamın tələbinə uyğun olaraq işə yenidən baxılması üçün prokurorluq onu istintaq orqanlarına geri göndərib. Amma o vaxtdan 7 ay keçməsinə baxmayaraq, istintaq orqanları tərəfindən bizə bununla bağlı hər hansı bir məlumat verilməyib”.

Xatırladaq ki, Oqtay Gülalıyev mətbuat konfransından qayıdarkən 2019-cu il oktyabrın 29-u saat 17:20 radələrində 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev tərəfindən vurulub. Həmin mətbuat konfransında o, işgəncələrə qarşı kampaniya planını açıqlamışdı. O, xəstəxanaya aparılsa da, Respublika Neyrocərrahiyyə Xəstəxanasının cərrahları onu yalnız oktyabrın 30-u əməliyyat edib. Hüquq müdafiəçisinə kəllə sınığı və baş- beyin zədələnməsi diaqnozu qoyulub. Qəzadan sonrakı ilk saatlarda o, huşsuz vəziyyət olub, sonra komaya düşüb.

Türkiyəli həkimlərin tövsiyəsilə O.Gülalıyev noyabrın 6-da xüsusi təyyarə ilə İstanbul klinikasına göndərilib. Müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb. 2020-ci il yanvarın 25-də Bakının Nəsimi rayon məhkəməsi hüquq müdafiəçisi Oqtay Gülalıyevin sağlamlığına ağır zərər dəyməsi ilə nəticələnən YNH-də ittiham olunan vətəndaş Kənan Abdullayevi cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, 2 il 3 ay müddətinə azadlıqdan məhrum edib. Məhkəmə onu Azərbaycan CM-in 263.1-1-ci (yol nəqliyyatı və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər dəyməsinə gətirib çıxardıqda) maddəsi ilə təqsirli bilib.

Bundan başqa, Abdullayev 3 il ərzində avtomobil sürmək hüququndan məhrum edilib. Cebhe.info

Həmçinin oxuyun

Keçmiş idarə rəisi icra başçısını ittiham edir: “Pulları Mehdi Səlimzadə mənimsəyib”

Göyçay Rayon Sanitar-Təmizlik İdarəsinin keçmiş rəisi, hazırda Şəki Penitensiar Müəssisəsində saxlanılan Əliyev Loğman Kərim oğlu …