Azərbaycanda narkomaniyadan əziyyət çəkənlərin sayı artıb. Bunu statistik rəqəmlər də sübut edir.
Son vaxtlar Azərbaycanda “patı”, “şüşə”, “kakos” kimi süni narkotik istifadəçilərin sayının artması da narahatlıq yaradan amillərdəndir. Ən pisi odur ki, yeniyetmələr, gənclər də bu şəbəkəyə cəlb olunur.
Məsələ ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artist, “Bakılı oğlanlar”, “KVN” teatrının aktyoru Bəhram Bağırzadə məsələyə özünəməxsus tərzdə yanaşıb:
“1918-ci ildə türk ordusu Bakıya girəndə kənd məhsullarının qiyməti xeyli qalxmışdı. Bakı şəhərində camaat dolana bilmirdi. Əvvəlki “Bazarnıy” – indiki Azərbaycan prospektində kartof o vaxt 30 qəpiyə satılırdı. İnsanlar o qiymətə kartof ala bilmirdilər və onlar yığışaraq türk paşasına müraciət etdilər, bildirdilər ki, dolana bilmirlər, mümkün olarsa, kartofun qiyməti azaldılsın, heç olmasa, bir abbası, yəni 20 qəpiyə satılsın.
Səhəri gün bir neçə satıcı istisna, hər kəs kartofu 20 qəpikdən satırdı. Türk paşasına xəbər gəlib çatdı ki, “Bazarnıy”da bir neçə satıcı kartofu hələ də 30 qəpikdən satır. Dərhal səlahiyyətli şəxslər gələrək, Sabir bağında, indiki Sabirin heykəlinin yerində sütunlar quraşdırırlar. Həmin satıcıları gətirərək qollarını o sütunlara bağlayırlar, başlarını keçəl qırxaraq bal çəkirlər və avqust atında Bakı şəhərində nə qədər milçək, həşərat varsa, hamısı onların başına yapışır. Keçmiş Nikolayevski küçəsindən (İstiqlaliyyət küçəsi) keçən insanlar onları görürdü və bilirdilər ki, sütuna bağlananlar qiyməti endirməyən satıcılardır. Səhəri gün bazarda hamı kartofu 20 qəpikdən satmağa başlayır…”
Aktyorun sözlərinə görə, bu gün də keçmişin təcrübəsindən istifadə edərək narkotik satıcılarının qarşısını almaq mümkündür:
“Mənim zənnimcə, bu gün də metroların qarşısında belə “səhnə” quraşdırılmalıdır və narkotik satıcılarını 1918-dəki kimi həmin sütunlara bağlamaq, başlarını keçəl qırxıb satdıqları narkotik maddələri başlarına sürtmək, bir həftə ac-susuz qoymaq lazımdır. Qoy camaat da onları tanısın, daha sonra isə ən azı 15 il həbs cəzası alsınlar!
Bunu tətbiq etdikdən sonra inanın ki, Azərbaycanda 80 faiz narkotik istifadəçiləri azalacaq. Mən çıxış yolunu bu cür görürəm. Valideynlərə nəyisə demək lazım deyil, polisə demək lazımdır. Bunu vaxtında eləmək lazım idi, asqırıb indi oyanıblar. 10 ildir guya narkotik satanlar yox idi? Noldu, indi ayıldılar?! Onları satmağa başlayanda vaxtında tutmaq lazım idi, camaat narkoman olandan sonra yox!”