Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / “Ölüm üzlükləri” istehsal edən şirkəti Beynəlxalq Bankın sabiq rəhbəri ilə nə bağlayır?

“Ölüm üzlükləri” istehsal edən şirkəti Beynəlxalq Bankın sabiq rəhbəri ilə nə bağlayır?

“Global Construction”ı offşor şirkətlə, Xəqani Bəşirov və Cahangir Hacıyevlə milyonlarla dollarlıq kredit birləşdirirmiş…

Paytaxtda yanan binaların üzlüklərini istehsal edən şirkətin bir neçə məmura bağlı olduğu ortaya çıxıb. Onlardan bir də bir müddət əvvəl vəzifəsindən istefa verən Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevdir. Bildirilir ki, mayın 19-da Bakıda düzgün seçilməyən bina fasadı ucbatından daha bir yanğın baş verib. Yanğına səbəb olan fasadların hazırlanması zamanı poliuretan maddəsindən istifadə edilir.
Bu fasadları idxal edən şirkət “Global Construction”dır. Bildirilir ki, bu plastmas materialın 97 faiz hissəsi qaz kürəciklərindən ibarətdir. Mərmər üzlük isə yüksək hərarətlə ona birləşdirilir. Poliuretan maddəsinin yanğın təhlükəsi olduqca yüksəkdir. Yanarkən zəhərli qaz ixrac olunur. Yanğın zamanı poliuretanın hərarəti 325-345 dərəcəyə qalxır.
Musavat.com-un əməkdaşı internet üzərindən axtarış aparıb, “Global Construction”ın əlaqə nömrələrini əldə etsə də, telefonlar cavab verməyib. Şirkət Bakı şəhəri, A.Gəraybəyli küçəsi, 23a ünvanda yerləşir. Bildirilir ki, “Global Construction”a daxil olan “Global Stone” MMC regionda poliuretan fasad örtüyünün yeganə istehsalçısıdır.
“Global Stone” şirkətinin məhsullarının çeşidi binaların fasadlarının dizaynları üzrə geniş imkanlar yaradır. Şirkətin məhsulları Azərbaycanda ilk dəfə olaraq. “TÜV-AUSTRİA” tərəfindən CE Avropa uyğunluq sertifikatına layiq görülüb”, – deyə saytda bildirilir.
Qeyd edək ki, bir müddət əvvəl mətbuat “Global Construction” şirkətindən yazıb. Bildirilir ki, “Global Construction”ın adı yaxın keçmişdə, 2011-ci ildə Beynəlxalq Bankdan yüz milyonlarla dollarlıq vəsaitin kredit şəklində çıxarılması və geri qaytarılmaması ilə bağlı qalmaqalda da çəkilmişdi.
“General Construction” 2001-ci ildə Panamada qeydiyyatdan keçmiş “Oceanstream İNC” adlı offşor şirkət tərəfindən təsis olunub. Həmin təsisçi şirkətin sahibi azərbaycanlı iş adamı Xəqani Bəşirovdur. O, Azərbaycanda qızıl hasilatı ilə məşğul olan “Anglo-Asian Mining plc” şirkətinin səhmdarlarından biridir (16,5 faiz). “Global Stone” hələ 2011-ci ildə zavodun açılışını edib. Şirkətin partnyorları “Global Construction”, “Global Light”, “Poliplast” və “M-Line”dır. “Global Construction”ın saytında fasadlara və interyerə poliuretan örtüklərinin quraşdırılması xidmətlərini təqdim etdiyi yazılır. Bakıda və rayonlarda yüzlərlə bina bu üzlüklərlə üzlənib və hələ tamamlanmamış binalar da var.
Keçmiş baş nazir, AXP sədri Pənah Hüseyn Bakıda baş verən yanğına münasibət bildirərkən deyib ki, artıq bu yanğın çox dəhşətli bir siqnal olmalıdır: “Nəhayət ki, bu, nəzərə alınmalıdır. Bu, hətta təxribat da ola bilər, öz-özünə də yana bilər. İndiyədək 16 adam ölüb. Bu, o deməkdir ki, yay boyunca üzlənmiş binaların hər biri yana bilər”.
O, musavat.com-a açıqlamasında qeyd edib ki, hökumət təcili tədbirlər görməlidir: “Bu işin korrupsiyayla bağlı olan araşdırılması ilə bu iş bitməz. Çünki ölkədə yüzlərlə belə üzlənmiş binalar var. Təcili olaraq həmin binaların yanğın əleyhinə təhlükəsizliyinin təmin olunması ilə bağlı hökumət proqram qəbul etməlidir. Mütəxəssislərlə birlikdə bu məsələ işlənib, hazırlanmalıdır. Həm də bir neçə gün ərzində respublika səviyyəli bir iş kimi nəzarət altında təcili icra olunmalıdır. Həmin binalarda yanğın təhlükəsizliyinin təmin olunması üçün ciddi iş aparılmalıdır, icra olunmalıdır. Nəzərə alaq ki, söhbət 500-dən artıq binadan gedir. Üzlənməsi davam edən binalar da var. Bu məsələyə əncam çəkilməlidir, prosesə nəzarət edilməlidir. Yanğın törədə bilən halların aradan qaldırılması üçün ciddi tədbir görülməlidir”.
P.Hüseyn bu məsələnin təxribat olma ehtimalına da münasibət bildirib: “Şübhəsiz ki, istintaq bu məsələyə aydınlıq gətirməlidir. Çünki hər halda indidən yekun fikir söyləmək doğru olmaz. Amma adıçəkilən firmanın, “Global Construction”ın bu üzlüklərin regionda yeganə istehsalçısı olduğu bildirilir. Onun offşor şirkətdə olan təsisçiləri meydana çıxıb. Bu da hazırda ölkədə xəbərlərin mərkəzində olan banka gəlib, çıxır. Şirkətin adı Beynəxalq Bankla əlaqədar gedən bir neçə yüz milyonluq kredit mənimsənilməsi hadisəsinə gedib, çıxır. Həmçinin, bu günlərdə həbs olunan keçmiş YAP-çı deputat Dünyamin Xəlilov da bu şirkətin təsisçisi olub. Bu məsələ də əminəm ki, araşdırılacaq. Amma təbii ki, əsas məsələ bu gün təhlükə altında olan və ciddi psixoloji sarsıntı yaradan bu hadisənin nəticələrinin aradan qaldırılması, bu cür binalarla bağlı təcili təhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlıdır. Bu hadisə bütün respublika üçün bir şokdur. Xüsusilə uşaq ölümləri, evində oturduğun yerdə ölümün içində olduğunu dərk etmək, hər an yanğın təhlükəsi qorxusu və vahiməsi içində yaşamaq dəhşətli bir psixoloji təzyiqdir. Ona görə də bu məsələyə diqqət yetirilməlidir. Burada artıq vəsaitə qənaətdən söhbət gedə bilməz. Bu məsələyə çox təcili, yaxın bir neçə gündə əncam çəkilməlidir. Bu iş dayandırılmalıdır. Günahkarlar isə birmənalı şəkildə kim olur-olsun, cəzalandırılmalıdır. Çünki ortada bir nəfər belə ölüm varsa, bu, ciddi faktdır. Haram pulların dəhşətli məsuliyyətsizliyin nəticəsi, qurbanı övladlarımız olmalı deyil”.
Qeyd edək ki, artıq Binəqədi rayonunda binada baş verən yanğın faktı ilə bağlı Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, 308.2-ci – vəzifə səlahiyyətlərindən sui-istifadə və 314.2-ci – ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanılmış, eləcə də Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Qulluq mənafeyi tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməyən və istehsal etdiyi keyfiyyətsiz üzlüklərlə həmin binada fasadlama işləri aparmış “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov iş üzrə şübhəli şəxs qismində tutulub.
Şirkətlə bağlı adı hallanan Xəqani Bəşirov eyni zamanda Lüksemburq-Azərbaycan Mədəniyyət Cəmiyyətinin yaradıcısı və sədridir. Qurum Lüksemburqda yerləşir. X.Bəşirov 1991-ci ildə ilk milli konsaltinq şirkəti olan “VneshExpertService”i yaradıb (2006-cı ildə “V.E.S. Consultancy LLC” şirkəti adlanıb). Bakı, Gəncə, Moskva, Astana, Tiflis, Paris, Lüksemburq, London və Toronto şəhərlərində nümayəndəlikləri olan şirkətin rəsmi saytında tərəfdaşlar arasında əksər nazirliklərin, o cümlədən Beynəlxalq Bankın adı keçir. Həmin il baş prokuror Zakir Qaralovun X.Bəşirovun təqsirləndirilən şəxs qismində saxlanılmasına dair verdiyi təqdimatda göstərilmişdi ki, o, Azərbaycanda və xaricdə yaratdığı çoxsaylı şirkətlər vasitəsilə Beynəlxalq Bankdan 2 il ərzində 185 milyon manat (təqribən 230 milyon dollar) kredit alıb və qaytarmayıb. O vaxt Beynəlxalq Bank Xaqani Bəşirovla ortaqlıq və qaytarılmayan yüz milyonlarla manatlıq kredit barədə heç bir izahat vermədi.
Həmçinin, bildirilir ki, artıq bina üzlüklərini istehsal edən “Global Construction” şirkəti bağlanıb. Hadisə yerinə gələn Daxili İşlər Nazirliyinin əməkdaşları üzlük istehsal edən sexin qapısına möhür vurublar. Şirkətin daxilində araşdırma aparıldığı bildirilir. Artıq şirkətin sosial şəbəkələrdə olan səhifələri də bağlanıb.
Həmçinin, ölkədə penoplast istehsalçısı olan bir şirkət üzlüklərlə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. “Mahmud Topçu K” MM  IKF-nin direktoru Mahmud Topçuyev “Yeni Müsavat” qəzetinin redaksiyasına məktub göndərərək, penoplast adlanan tikinti materialının ictimaiyyətə yanlış təqdim edilməsindən narahatlığını bildirib.
Qəzetin redaksiyasına daxil olan məktubda deyilir: “Üzülərək bildirmək istəyirik ki, yanmış binalarda (daha əvvəl Nobel prospektində “Nargilə” kafesinin yanındakı yanan bina da daxil olaraq) istifadə olunan üzlüklərin adı təhrif olunur. Bu binaların üzlənməsində poliuretandan istifadə edilmişdir, penoplastdan deyil. Sizin xəbərlərinizdə və məqalələrinizdə materialın adı penoplast kimi ifadə olunur. Bir penoplast istehsalçısı kimi penoplastın poliuretandan tam fərqli bir material olduğunu nəzərinizə çatdırırıq. Bizim istehsal etdiyimiz penoplastın tərkibində yanğının yayılmaması üçün xüsusi qatqı istifadə olunur, o da yanğının yayılmasına imkan vermir, bu tərkibli penoplast yanmır, əriyir. Bizim istehsal etdiyimiz penoplastin kodu (Avropa standarlarına uyğun olaraq) EN-13501-1 E-sinifidir. Məlumatlarınızdakı yanlışlar, fəaliyyətimizə ciddi mənfi təsir göstərir, başqa sözllə desək, bizə qarşı əks-reklam rolu oynayır”.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın