Şənbə , Oktyabr 19 2019
Ana səhifə / Cəmiyyət / Ölkə ictimaiyyəti Qələbə gününü necə qeyd edir? – FOTOLAR

Ölkə ictimaiyyəti Qələbə gününü necə qeyd edir? – FOTOLAR

9 May – faşizm üzərində qələbədən 73 il ötür. Bu gün münasibətilə Bakıda da tədbirlər keçirilir. Öncə səhər saatlarında prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsi önünə əklil qoyub, İkinci Dünya müharibəsinin iştirakçıları ilə görüşüblər. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezident İlham Əliyevin qarşısından keçib. Daha sonra isə İkinci Dünya savaşında qəhramanlıqlar göstərən veteranlar bir-birilərini təbrik edib, Həzi Aslanovun abidəsi önündə şəkil çəkdiriblər. 

Musavat.com-un əməkdaşı olaraq ərazidə olduğumuz zaman müşahidə etdik ki, abidənin qarşısına toplanıb, ziyarət edən sadə vətəndaşların sayı bir o qədər də çox deyil. Ara-sıra əcnəbi vətəndaşlar gəlib, Həzi Aslanovun abidəsi önünə gül dəstələri qoyurdular. Azərbaycanlılar isə daha çox Şəhidlər Xiyabanına üz tutub, türk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edirdilər.

Sosial şəbəkələrdə bu günlə bağlı fərqli fikirlər yazılsa da şəhərin mərkəzi küçələrində bayram ab-havası hiss olunurdu. Belə ki, əksəriyyət qeyri-iş günü olduğu üçün öz uşaqları ilə gəzintiyə çıxmışdılar. Söhbət etdiyimiz Bakı sakinləri bildirdilər ki, 9 May Qələbə gününü bayram hesab edirlər: “Çünki faşizm üzərində qələbənin qazanılmasında xeyli sayda azərbaycanlının qanı axıb, Bakı neftinin böyük önəmi olub. Bakı olmasaydı, qələbə də olmazdı”,-deyə söhbət etdiyimiz sakinlər bildirdilər.

Müşahidə etdik ki, bölgələrdən də müəllimlər şagirdlərini paytaxta gətirib, buradakı tarixi yerləri gəzdirirlər. Onlar da bildirdilər ki, 9 May Qələbə günü münasibətilə şagirdlərə azərbaycanlıların göstərdikləri qəhrəmanlıqları danışırlar, tariximizi öyrədirlər.

Məlumat üçün qeyd edək ki, İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib. Qısa müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə dəstəsi təşkil olunub. 1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı cəbhəyə yollanıb.

Azərbaycan diviziyaları Qafqazdan Berlinədək mübariz yol keçib. 130-a yaxın həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri “Şərəf” ordeni ilə təltif olunub. 170 min Azərbaycan əsgər və zabiti SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlığı ilə xalqımızın şərəfli tarixinə yeni sətirlər yazıblar.
Bu gün həmçinin Bakıda hərbi orkestrlərin nümunəvi çıxışları da olacaq. Belə ki, faşizm üzərində qələbənin 73-ci ildönümü münasibətilə mayın 9-da saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları təşkil ediləcək.

Orkestrlər şəhərin müəyyən edilmiş 5 nöqtəsində çıxış edəcək:

– Dənizkənarı Milli Parkda (Azadlıq meydanı qarşısında);

– Əhmədli qəsəbəsi Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında;

– Zərifə Əliyeva parkında;

– Zabitlər parkında;

– Fəvvarələr meydanında.

Həmçinin oxuyun

Afaq Bəşirqızı- Azərpaşa davası: kim haqlıdır? – RƏYLƏR

Xalq artisti Afaq Bəşirqızı teatrın ümumi problemləri və aktyorlar məsələsini yenidən gündəmə gətirib. Sənətkar Azərbaycanın …