Çərşənbə , Mart 29 2023
Ana səhifə / Cəmiyyət / “Öldüyümü zənn edib, qarın üstünə atdılar” – Xocalı sakini

“Öldüyümü zənn edib, qarın üstünə atdılar” – Xocalı sakini

“Xocalıya hücum olunan gün biz meşəyə üz tutduq. Həmin gecə çox dəhşətli idi”.

Həmin gecə ermənilər tərəfindən Xocalıda girov götürülən Dürdanə Ağayeva Demokrat.az-a xocalıların başına gətirilən dəhşətlərdən danışıb.

“Buz kimi havada Ağdam istiqamətinə qaçırdıq. Həmin gecədə elə bir ana yox idi ki, onun bağrında övladı olmasın. O gecə ermənilər bizə durmadan atəş açırdılar və mən ayağımdan güllə yarası aldım. Sürünə-sürünə gəlib xəndək kimi bir yerə çıxdım. Ermənilər durmadan bizə atəş açırdılar. O gecə yanımda hamilə gəlin vardı, yazığı başından vurub öldürdülər. Ermənilər Azərbaycan dilində təmiz danışırdılar. Həmin gecədə anamı və qardaşlarımı itirdim. Qardaşım Elşadın əlindən tutub qaçırdım. Palçığa bata-bata, yıxıla-yıxıla gəlib çatdıq Əsgəran rayonuna. Lakin Qara qayaya çatanda, əsir düşdük. Hamımızı üzüqoylu asfaltın üstünə uzatdılar. Bizi hərbçilərin, döyüşçülərin yığışdığı yerə apardılar. Əvvəl elə bildim ki, qadınlardan təkcə mənəm əsirlikdə. Amma orda çoxlu  qız-gəlinimizi gördüm, dəhşətə gəldim…”

Müsahibimiz bildirib ki, əsirlikdə olarkən olmazın işgəncələrini yaşayıb:

“Bütün paltarlarımı əynimdən çıxardılar və 3-4 erməni məni möhkəm döydü. Öldüyümü zənn edib, qarın üstünə atdılar. Çöldə məni don vurmuşdu, kirpiklərim bir-birinə yapışmışdı. Gözümü açanda, saçımdan tutub sürüyən erməni dedi ki, sən hələ ölməmisən? Hissiyyatım tamamilə itmişdi. Rabitəçi olduğumu öyrəndikdən sonra lap ağır işgəncə verdilər. Torpaqlarımızı qanıyla, canıyla geri qaytaran İgid Şəhidlərimizə Allah rəhmət eləsin! Onlar bizim qisasımız aldılar. Allah yaralı qazilərimizə şəfa versin. Mən bu gün Azərbaycan ordusu ilə, Ali Baş Komandanımızla fəxr edirəm.  Azərbaycanın mərd oğulları Xocalıda əsir düşən qız-gəlinlərimizin namus qisasını alıblar. Çox qorxurdum ki, birdən bu dünyadan qisasımın alındığını bilmədən köçərəm. Bilirəm, tezliklə Allah mənə Xocalının da yolunu açacaq”.

Həmçinin oxuyun

Nəzir qutularına nəzarət dövlət komitəsinə verilib? – AÇIQLAMA

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzir qutuları ilə bağlı yayılan məsələyə münasibət bildirib. Komitədən …