Ana səhifə / Cəmiyyət / “Oğlumu qaraçılar qaçırıb diləndirmişdi” – İtkin düşmüş Nihadın anası

“Oğlumu qaraçılar qaçırıb diləndirmişdi” – İtkin düşmüş Nihadın anası

Bakıda aprelin 7-də itkin düşüb 3 gün sonra tapılan 11 yaşlı uşağın qaraçılar tərəfindən oğurlanıb dilənməyə məcbur edildiyi iddia olunur.

2008-ci il təvəllüdlü Nihad Mehdiyevin anası Xəyalə Mehdiyeva “Qafqazinfo”ya açıqlamasında bildirib ki, oğlunu küçədən qaraçılar qaçırıb: “Oynamaq üçün küçəyə çıxıb, oradan tutub aparıblar. Onu bıçaqla qorxudublar, gecələr onlarla birgə “podval”larda qalıb. Nihad deyir “bıçağı böyrümə dirəyib dedilər ki, get, dilən, bizə pul gətir”. Sonra da məcbur dilənməyə gedib, orada da polislər dilənçi kimi saxlayıb şöbəyə aparıblar. Qaraçılar son bir ildə dəfələrlə uşağımı aparıb diləndiriblər. Hər dəfə oğlumu qarşımda oturdub demişəm, “Nihad, səni kim diləndirir, kim döyür, mənə de”. Hər dəfə də deyirdi, “ana, qorxuram, deyə bilmərəm, məni öldürərlər”. Bundan öncəkilərdə axşamlar evə gəlirdi, bu dəfə 3 gün buraxmayıblar. Mən işdə oluram deyə Nihad evdə nənəsi ilə qalırdı. Oğlumun psixologiyası pozulub, müalicə olunmalıdır. Çölə çıxmağa qorxur, deyir onu yenə aparacaqlar”. 
 
Xəyalə Mehdiyeva bu hadisə ilə bağlı polis əməkdaşlarının hərəkətsizliyindən də şikayətlənib: 
“Biz uşaq itən gün polisə məlumat verdik, onlar iki gün sonra zəng edib soruşdular ki, “uşağınızı tapmısınız?”, dedim yox. Yoldaşıma demişdilər ki, gedin özünüz axtarın, bəlkə bizdən qabaq tapdınız. Gecə-gündüz biz uşaq üçün gəzirdik. Gördüm onlardan heç bir hərəkət yoxdur, mən də məcbur qalıb mediaya, televiziyalara məlumat verdim. Ondan sonra bəlli oldu ki, axşamdan uşağı Nərimanovda polislər diləndiyi yerdə tapıblar, aparıb qaraçılarla “podval”da saxlayıblar. Məni efirdə görəndən sonra xəbər etdilər ki, uşağınız buradadır. Uşaq tapılandan sonra təkrar efirə çıxdım, bu dəfə də polisdən zəng edib dedilər “niyə efirə çıxırsan?”. Uşaq polisdə neçə dəfə deyib ki, anamı istəyirəm, oğurlanmışam, amma fikir verməyiblər. Polisdə Nihadın şəkli var, amma bilmir ki, tapdığı uşaq itkin düşüb. Nihadı qaçırıb dilənməyə məcbur edənlərlə bağlı da heç bir tədbir görülməyib. Uşağı bölmədən götürəndə bədəni göm-göy idi, polis dedi oynayanda yıxılıb olub. Mən şübhələnirəm ki, Nihadı qaraçılar döyüblər. Qaraçılar bundan əvvəl də Nihadı küçədə tutub deyirmişlər ki, dərsə girsən, səni öldürəcəyik. Nihad deyir “saqqallı bir kişidir, bizə dedi, heç kimdən qorxmayın”. O da məktəb paltarını evdə geyinib gedib məktəbin çölündə dayanıb sinfə girmirmiş. Buna görə də 1 il sinifdə qalıb, 4-cü sinifdə oxumalıdır, amma indi 3-cü sinifdə oxuyur. Bu gün özüm aparıb sinfə salıb qayıtdım”. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə “Qafqazinfo”ya açıqlamasında vətəndaşın iddialarına münasibət bildirib. O.Mansurzadə deyib ki, X.Mehdiyevin iddiaları həqiqətdən uzaqdır: “Nihad Mehdiyev tez-tez yaxınlıqdakı qonşu uşağı ilə birgə çıxıb şəhərin müxtəlif iri ticarət mərkəzlərinin qarşısında dilənirmiş. Aprelin 7-də həmin qonşu uşağı ilə birgə çıxaraq “Nəriman Nərimanov” metrostansiyasının yaxınlığında yerləşən parkda dilənərkən polis əməkdaşları tərəfindən saxlanılıb. Yetkinlik yaşına çatmayanların Müvəqqəti Saxlanma Yerinə təhvil verilib. Aprelin 8-i axşam anası 12-ci Polis Bölməsinə müraciət edib, ona elə oradaca bildirilib ki, övladınız filan yerdə saxlanılır və gedib təhvil almaları deyilib. Hər iki valideyn uşaqlarını götürdükdən sonra, aprelin 10-da şöbəyə dəvət olunub və onlara övladlarını nəzartədən kənar qoymaları, uşaqların avara və dilənçiliklə məşğul olmaları, təhsildən yayınmalarının yolverilməzliyi izah olunub və onlara xəbərdarlıq edilib.

İzahatında X.Mehdiyeva uşağının itməsindən 2 gün sonra müraciət etməsinin səbəbi soruşulub. O, belə izah edib ki, 11 yaşlı oğlu Nihad adətən gecə saat 3-4 radələrində evə gəlirmiş, bu dəfə isə gəlmədiyinə görə  narahat olub. Bu uşaq mütəmadi olaraq şəhərin iri ticarət mərkəzlərinin qarşısında dilənçiliklə məşğul olur, növbəti belə əməllərinin birində saxlanılıb. 

Valideynlər bu cür xoşagəlməz halların baş verməməsi üçün nəzarəti gücləndirməlidirlər. Hər iki valideyn uşaqlarının tapılmasına görə polisə minnətdar olmalı, təşəkkür etməlidir. Azyaşlı uşaqların dilənçiliklə məşğul olması valideyn nəzarətsizliyinin nəticəsidir”.M

Həmçinin oxuyun

VII Muğam Televiziya Müsabiqəsi başa çatıb

Üç ay müddətində həyəcan dolu anların yaşandığı VII Muğam Televiziya Müsabiqəsi başa çatıb. Trend-in məlumatına …