Şənbə , Yanvar 23 2021
Ana səhifə / Cəmiyyət / “O sümüklər Mikayıl Müşfiqə aid deyil” – Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru

“O sümüklər Mikayıl Müşfiqə aid deyil” – Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı, nakam şair Mikayıl Müşfiqin ölümündən 83 il ötür. 5 iyun 1908-ci ildə Bakıda anadan olan Mikayıl Əbdülqadir oğlu İsmayılzadə Stalin repressiyasının qurbanı olub və 1938-ci il, yanvarın 6-da  güllələnib. Repressiya qurbanlarının nəşləri yaxınlarına verilmədiyindən Müşfiq haqda da 2018-ci ilə qədər hər hansı bir məlumat yox idi. Həmin ilin oktyabrında qalıqların Stalin illərində cəzalandırılanların bir çoxunun uyuduğu Qaradağ rayonunun Puta qəsəbəsində aşkarlandığı açıqlanıb. Məşhur Rusiya milyarderi Fərhad Əhmədov Göyçayda kombinat direktoru olmuş və 1970-ci illərdə güllələnmiş atası Teymur Əhmədovun qalıqlarının axtarışını apararkən nakam şair Mikayıl Müşfiqin, Azərbaycanın rəhbəri olmuş Mircəfər Bağırovun gizli dəfn olunduğu məzarların yerini də öyrəndiyini açıqlayıb.

Bu xəbərlərdən sonra ölkə rəhbərliyi məsələyə reaksiya verdi. Mikayıl Müşfiqin qalıqlarının aşkar olunması ilə bağlı məsələnin araşdırılması üçün Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupu yaradıldı. Mikayıl Müşfiqin uyuduğu ehtimal edilən məzardakı qalıqlardan götürülən nümunələr DNK analizlərinə təqdim edildi. Lakin həmin qalıqların nakam şairə məxsus olması təsdiqlənmədi.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov “Yeni Müsavat”a deyib ki,  hazırda da Mikayıl Müşfiqin nəşinin axtarışları və müayinələr davam etdirilir: “Konkret olaraq qalıqların kimə aid olduğunu demək mümkün deyil. Elə qalıqlar var, təqdim olunur, amma heç nəyə yaramır, çünki tərkibində zülal qalmayıb, tamamilə ovulub tökülür. İlkin olaraq mərhum şair Mikayıl Müşfiqə aid olduğu iddia edilən sümük qalıqları ona aid deyildi. Müayinələr davam edir. Aparılacaq müayinələrin və müayinə olunacaq obyektlərin miqyası genişlənib. Qalıqları aşkarladıqca göndərirlər, müayinələri davam etdiririk”.

Baş məhkəmə tibb eksperti deyib ki, ekspertizaya şairin ata nəslindən olan kişi cinsli yaxın qohumlarından götürülmüş nümunələr təqdim olunub: “Mikayıl Müşfiqin olduğu ehtimal olunan məzardan götürülən nümunələrin müayinəsi göstərdi ki, qalıqlar digər bir şəxsə aiddir. O məzardan götürülən sümüklər Mikayıl Müşfiqə aid deyil. Onlarla qalıqlar təqdim edilib və müayinələr aparılıb. Heç biri Mikayıl Müşfiqə aid deyil. Müayinələr davam edir”.

Mir Cəfər Bağırov - Photos | Facebook

Baş məhkəmə tibb eksperti eyni məzarlıqda Mircəfər Bağırov və Teymur Əhmədovun nəşlərinin tezliklə aşkar edildiyi halda, Mikayıl Müşfiqin məzarının 2 ildən artıq müddətdə tapılmamasının səbəbini belə izah edib: “Teymur Əhmədovla Mircəfər Bağırov həmin məzarlıqda 60-cı illərdə dəfn ediliblər. Mikayıl Müşfiqin isə həmin məzarlıqda 1938-ci ildə dəfn edilməsi ehtimalı var. Digər iki şəxsin yaxınları onların dəfn yerlərini təxmini də olsa bilirdilər. Özləri əmin idilər ki, məzarlıqdakı hansı qəbir onların yaxınlarınındır. Qəbiri açdılar, DNK verdilər və təsdiq edildi ki, bəli, onların yaxınlarının qalıqlarıdır. Mikayıl Müşfiqin məzarı ilə bağlı isə durum bir qədər fərqlidir. Məlumatlar var ki, Putadakı məzarlıqda dəfn edilib. Hansı məzarda dəfn edildiyi isə bilinmir”.

Ədalət Həsənov: Mikayıl Müşfiqin qohumlarıdan nümunələr götürülüb »  Kaspi.azAzərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı

Ədalət Həsənov bildirib ki, təkcə Mikayıl Müşfiqlə bağlı deyil, digər ictimai-siyasi şəxslərə məxsusluğu iddia olunan sümüklər üzərində də iş aparılır. “Söhbət DNT analizlərindən, genetik ekspertizadan gedir. Zülal molekulları ekspertiza olunur. Yəni kiçik bir fraqment, məsələn, diş də təqdim olunursa, zülal molekulları götürülür, yoxlanılır, eyniləşdirmə aparılır. Ekspertizaya bütöv skelet təqdim olunmayıb, oluna da bilməz, çünki çürümə prosesi gedir. Ona görə də ekspertizaya aşkar olunan fraqmentlər göndərilir. Əvvəl təkcə Mikayıl Müşfiqə aid olduğu iddia edilən sümüklərlə bağlı iş aparılırdı. Daha sonra bizə digər tanınmışların da sümükləri ilə bağlı araşdırma aparılması tapşırıldı. Əhməd Cavad və  digər ictimai-siyasi xadimlər də var. Bütün bu işlər Azərbaycanda aparılır. Bizə müayinələrin aparılması üçün çoxlu sayda sümük qalıqları təqdim edilib və bu proses  davam edir. Müayinələr uzun çəkən prosesdir. Dediyim kimi, materiallar təqdim olunduqca analizlər aparılır. Ona görə də dəqiq nə vaxt yekunlaşacağını söyləyə bilməyəcəm. Təqdim olunan sümüklər içərisində hələ ki Mikayıl Müşfiqə aid hər hansı bir fraqment aşkar olunmayıb”.

Həmçinin oxuyun

Polad Bülbüloğlu atasının Şuşadakı evində – FOTOLAR

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli Şuşaya səfər edib. …