Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Cəmiyyət / O evdən 4 qardaş Qarabağda döyüşdü, biri şəhid oldu: “Ciyərimiz yandı!” deyən general

O evdən 4 qardaş Qarabağda döyüşdü, biri şəhid oldu: “Ciyərimiz yandı!” deyən general

Azərbaycan ordusunun mayoru, şəhid Aqşin İbadov: 
 Şəhid mayorumuz, 1984-cü il təvəllüdlü İbadov Aqşin Nazim oğlu Lənkəran şəhərinin Boladi kəndində anadan olub. Ailədə 4 qardaş, 2 bacı olublar.  Qardaşlardan böyüyü İbadov Emil Nazim oğlu 1993-1994 -cü illərdə Ağdam və Füzuli istiqamətlərində döyüşüb. Polkovnik-leytenant Məmmədhüseyn İbadov isə hal -hazırda ordumuzda N saylı hərbi hissədə xidmət edir və 2-ci Qarabağ savaşının qəhrəmanlarındandır. Şəhidimizin digər qardaşı da hərbçidir. N saylı tank əlahiddə hərbi hissəsində xidmət edən baş gizir Cəmil İbadov ailənin ikinci övladıdır. O da 2-ci Qarabağ savaşında öz tankı ilə düşmənin bağrını dəlib. 
Qarabağda döyüşən bu 4 qardaşı vətənpərvər ruhda tərbiyə edən ata Nazim kişi ixtisasca müəllimdir. Ümumiyyətlə, İbadovlar ailəsi ziyalı ailədir və onlar müəllim peşəsinə daha da önəm veriblər. 
Azərbaycan Silahlı Qüvvələrində xidmət etməkdən qürur duyduğunu bildirən Cəmil İbadov əvvəllər Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib.  Onunla söhbətimiz zamanı məlum oldu ki, Qarabağ müharibəsində İbadovlar ailəsində qardaşlardan dördünün də imzası var. Bundan savayı qardaşlara yaxın olan 15 nəfər qan qohumu da sonuncu müharibədə döyüşüblər:

“Biz ziyalı ailəsində böyümüşük. Atam müəllim olub. Atamın atası, anası, bacılarım, dayı və bibim də müəllimdir. Orta məktəb illərindən atam bizi vətənpərvərlik ruhunda böyüdüb. Ailənin orduda xidmət edən ilk hərbçisi mənəm. Digər iki qardaşımsa məndən sonra hərb sənətini seçiblər. Müharibədə 4 qardaş döyüşmüşük. Böyük qardaşım İbadov Emil  1-ci Qarabağ savaşının iştirakçısı olub. Əmi, dayı, xalaoğlularını da nəzərə alsaq, bizim ailədən 15 nəfərdən çox adam döyüşürdü bu müharibədə”- deyir Cəmil İbadov.
Şəhid qardaşı mayor Aqşin İbadovla bağlı fikirlərini Miq.Az-a danışan Cəmil deyir ki, qardaşı hərb sənətinin xüsusi fanatı olub. Hətta şəhid generalımız Polad Həşimovla şəxsi münasibətləri də olub:
“Yaşca bütün qardaşlardan kiçik idi Aqşin. Hərb sənətini çox sevirdi, həm də çox natiq idi. Mütaliəsi də çox idi. Həmişə hərbi biliklərini zənginləşdirmək üçün kitabxanalara müraciət edərdi. General Polad Həşimovla da şəxsi münasibətləri var idi. Onun ölümü çox pis təsir etmişdi Aqşinə. Hətta onunla bağlı yazı da yazmışdı.” 
Şəhid qardaşının döyüş yollarından danışan Cəmil maraqlı faktlar deyir:
“Aqşin döyüşlərə Murovdan başlayıb, oktyabrın 1-dən isə  Füzuli, Cəbrayıl, Zəngilan, Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib. Qardaşım 50 nəfərlik qrupla düşmənin arxasında fəaliyyət göstərib. Həm də o qrupun rəhbəri bilavasitə qardaşım olub. Komandir heyətinin dediyinə görə onun ən yüksək bacarığı həm də düzgün qərarlar qəbul etməyi olub. Şuşa yolunun təmizlənməsində də məhz o qərarları o qəbul edib və bir neçə uğurlu əməliyyata imza atıb. Cəbrayılın Daşkəsən kəndində düşmənin 60 nəfərlik qrupunu məhv edib, o qrupdan cəmi bir nəfər qaçaraq sağ qalıb”-deyə qardaşı bildirir.
Şuşa yolunun təmizləmə əməliyyatından danışan Cəmil deyir ki, qardaşının qəbul etdiyi qərarlar yuxarı komandanlığı heyrətləndirib və tabeçiliyində olan qrupun sağ qalmış döyüşçüləri bu gün də o əməliyyatlardan ağız dolusu danışırlar:
“Qardaşımın qrupunda döyüşən bir hərbçi deyir ki,  Şuşa yolunun təmizlənməsi zamanı ərzaqları qurtarıbmış. Neçə günlük yorğunluq, yuxusuzluq, bir tərəfdən də aclıq. Aqşin nəsə bir plan qurub. Qarşılarında erməni hərbi hissəsi var imiş. Qrup həmin hərbi hissəni ələ keçirib, çoxlu sayda düşməni məhv edib.  Onların ərzaqlarını da götürüb meşələrə, düşmənin dərinliyinə keçiblər. Bir neçə uğurlu əməliyyatdan sonra  Xocavənd istiqamətində döyüş tapşırığını  yerinə yetirmək üçün əmr alıblar. Sonuncu döyüşdə bir neçə strateji yüksəkliyi ələ keçiriblər.  Aqşin yenə irəliyə doğru hərəkət  etdiyi zaman yaxınlığında mərmi partlayıb və ürəyindən aldığı yaradan oktyabr ayının 19-da şəhid olub”-deyə qardaşı Cəmil bildirir.

Ölümündən əvvəl körpə qızına məktub
Onun vətənə əmanəti ömür-gün yoldaşı və 14 günlük qızı qalıb. Cəmisi 8 gün gördüyü Zeynəb adlı körpə qızına ölümündən əvvəl məktub yazıbmış Aqşin.  Şəhid mayor Aqşin İbadovun həyat yoldaşı Məhsəti İbadova mətbuata açıqlamasında deyib ki, Aqşin qızını cəmi bir neçə gün görə bildi: “Telefonuna hər şeyi qeyd edərdi. Bilirdim ki, bu dəfə də nəsə yazıb. Telefonunu mənə gətirən kimi qeydlərin içərisinə baxdım. Orada mənə yazılan son məktubunu gördüm. Onun mənə son sözlərini də belə bildim”.
Aqşin qızına məktubunda yazıb: “Gözəl qızım, sən həyatını Vətənimizin azad və müstəqil olmasına, ərazi bütövlüyümüzün qorunmasına həsr etmiş bir Azərbaycan Zabitinin qızısan! Hər zaman başını dik tut!”
14 günlük qızı ilə təkbətək söhbət
Şəhidin xanımı həyat yoldaşını son dəfə müharibəyə yola salmağını belə xatırlayır: 
“Aqşin sentyabrın 30-da cəbhəyə yola düşdü. Amma evdən çıxmazdan əvvəl hazırlıqlar görəndə qızı ilə görüşdü. Mən onların yanına gəldim ki, ata-bala nə danışırlar? Qızı ilə tək danışmaq istədiyi üçün məni otaqdan çıxardı. Həmin vaxt qızımız 14 günlük idi. Qapıda mənimlə sağollaşanda mən kövrəldim, pis oldum. Çünki həmin vaxtadək heç kimi cəbhəyə yola salmamışdım. Orada mənə “ağlama, ya qayıdaram, ya da şəhid olaram” dedi. Hər gün səhər 06:00-da zəng vurub əlaqə saxlayırdı. Zəng vura bilməyəndə də mesaj yazıb yaxşı olduğunu və evdəkilərə də narahat olmamalarını deməyimi tapşırardı. Son 3 gündə danışa bilmədik. Oktyabrın 19-da sübh vaxtı zəng edib danışdıq. “Axşam bir daha zəng vuraram”, – dedi. Oktyabrın 19-u saat 16 radələrində şəhid oldu”.
Şəhidin mobil telefonundakı son qeydi:
“Narahatlıq. Hər şey o qədər mükəmməldir ki, bu, məni çox narahat edir. İçimdəki səs bu qədər mükəmməlik və xoşbəxtliyin davamında bir şeylər olacağını deyir. Susdurmaq istəsəm də bu səsi, susmur. Hər şey-Hərbi Akademiya, evlilik təklifi, Türkiyə, nişan, nikah, qız toyu, öz toyum, təkrar Türkiyə, bir-birini əvəz edən xoşbəxt günlər, qızımızın dünyaya gəlməsi. Allahım, sənə şükürlər olsun!
Bu qədər gözəlliyin davamında şəhadətə sevinc və könül rahatlığı ilə addımlamağa hazıram. Çünki övladımı əxlaqlı, imanlı, vicdanlı və vətənpərvər ruhda böyüdəcək və şəhadətimin qisasını alması üçün qızımı sağlam ruhda tərbiyə edəcək sevdiyim qadın, həyat yoldaşım, can dostum var. Məsi, səni sevirəm əzizim! Allaha əmanət ol!”“Ciyərimiz yandı!”- Şəhid mayorun general müəllimi    Aqşin Türkiyədə təhsil almışdı. Müharibə başlayan gün Türkiyədə müəllimi olmuş generalına da məktub yazıbmış. Onun şəhid xəbərini eşidən Türkiyənin Milli Müdafiə universitetinin müəllimi, beynəlxalq təhlükəsizlik üzrə mütəxəssis, təqaüdçü general Osman Qazi Kandemir özünün “Facebook” səhifəsində yazıb bu barədə. General yazıb ki, onun şəhadət xəbərini eşidəndə ciyərimiz yandı! General Aqşini təmiz ürəkli, savadlı, ağıllı və çalışqan zabit kimi xatırladığını, əvvəllər Türkiyədə heç olmamasına rəğmən, Türkiyə türkcəsinə yaxşı bələd olduğunu bildirib. 
Miq.Az

Həmçinin oxuyun

19 hərbi prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub

Ötən il hərbi prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi də diqqət …