Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Cəmiyyət / “O bina tualet qoxusundan təmizlənməlidir”

“O bina tualet qoxusundan təmizlənməlidir”

Son günlər “Azərbaycan” Nəşriyyatının adı ətrafında yaranan müzakirələr səngimək bilmir. Dövlət büdcəsindən kifayət qədər vəsait ayrılsa da, illərdir binanın görkəmində  hər hansısa dəyişiklik edilməyib. 

Qələm əhlinin məkanı olan bu yerdə antisanitar şərait səbəbilə fəaliyyət göstərmək də mümkünsüz hala gəlib. Sosial şəbəkələrdə jurnalistlərin bir çoxu kanalizasiya qoxusuna görə nəşriyyatda heç beş dəqiqə belə dayana bilmədiklərini söyləyirlər. Tualet  qoxusunun bütün ab-havanı dəyişdiyi ruhlar məskəninə bənzəyən bu binada müasir texniki avadanlıqlardan söz salmaq isə əbəs görünür. 

O səbəbdəndir ki, bu gün orada jurnalistlərdən daha çox, başqa peşə sahiblərinə rast gəlinir. Məsələn, bir hissəsi gözəllik salonu kimi istifadə olunursa, digəri taxta-mebel sexinə çevrilib. Həmçinin reketliklə məşğul olan “jurnalist”lər də burada əməllicə əl-qol açıb. Qeydiyyatı olmayan redaksiyalar icarə haqqı ucuz olduğu üçün nəşriyyatda kök salıblar. 

Onların jurnalistikadakı fəaliyyəti isə üzümüzü “ağ” etməkdən başqa bir işə yaramır.  Ona görə də 2005-ci ildən “Azərbaycan” Nəşriyyatının baş direktoru kimi fəaliyyət göstərən Ağabəy Əsgərovun Azərbaycan jurnalistikasının belini qırmaqda böyük pay sahibi olduğun desək, yəqin ki, yanılmarıq. Onun misilsiz fəaliyyətinin nəticəsidir ki, bu gün köklü media orqanları “Azərbaycan” Nəşriyyatının üzünə həsrət qalıb.

Məsələ ilə bağlı fikirlərini Yenisabah.az-la bölüşən Xural TV-nin rəhbəri Əvəz Zeynallı qeyd edib ki, “Azərbaycan” Nəşriyyatı gözdən-könüldən kənarda qalan çox nadir binalardan biridir:

“Demək olar ki, neft pulları ilə bütün Azərbaycan yenidən qurulub, amma “Azərbaycan” Nəşriyyatında heç bir yenilik edilməyib. Yadımdadır, 2005-2006-cı illərdən o nəşriyyat haqqında yazıram, hətta buna görə nəşriyyat məni məhkəməyə verdi, cərimələtdi. Mənim həbs olunmağımda, həmin ağır illərdə onların xüsusi rolu oldu, məhkəməyə gəldilər, məhkəmələr davam elədi. Çünki mən tələb edirdim ki, nəşriyyat yenilənsin, tualet qoxusundan təmizlənsin, əsaslı təmirdən çıxsın. 

Bizim 17-18 il əvvəl yazdığımız məsələ elə yenə bizim sayəmizdə bu günlərdə gündəmə gətirildi. Biz Xural TV-də Reaksiya TV-nin rəhbəri Zaur Qəriboğlu ilə nəşriyyat məsələsini müzakirəyə çıxardıq və indi ölkə ondan danışır”.

Tanınmış jurnalist bildirib ki, nəşriyyatın bugünkü vəziyyəti təkcə təmirlə bağlı deyil, hazırda müxtəlif məmurlar onu sıradan çıxarmaq və yerində yeni binalar tikmək istəyirlər:

“Biz də səsimizi çıxardıq ki, medianın əlindən alınmasın, zatən medianın bir şeyi yoxdur, hər şeyi əlindən alınıb, barı o qalsın. Bu baxımdan mən indiyə qədər əlindən alınan qurumların da nəşriyyata qatılmasını və nəşriyyatın Azərbaycan mətbuatına yenidən qazandırılması üçün əsaslı təmir olunmasını tələb edirəm. Nəşriyyata orada çalışanların hamısı aylıq pul ödəyir, həmçinin dövlət büdcəsindən pul ayrılır. Çox nümunəvi bir yerə çevrilməlidir ki, media da oraya yığışsın, hər kəs gedib kənarda bahalı ofislərdə fəaliyyət göstərməsin”.

Nəşriyyatın reket yuvasına çevrilməsi məsələsinə gəldikdə isə Əvəz Zeynallı diqqətə çatdırıb ki, bu məsələnin ciddi əsasları var:

“O fikir də elə mənə məxsusdur desəm, qəribə gəlməsin. Çünki mən 17 ildir bu mübarizənin içərisindəyəm, gedib o qəzetlərin adlarını çəkmişəm, koridorları gəzmişəm, şəkillər çəkib onları dərc etdirmişəm. Çox təəssüf edirəm ki, reket məsələsinin ciddi əsasları var. Son zamanlar bir neçə ciddi media orqanı oraya gəlsə də, mətbuatın ümumi durumu ortadadır. Yanımıza deputatlar, tanınmış adamlar, hüquq müdafiəçiləri, media əhli gəlir, adam o natəmizlikdən utanır, koridor it günündədir, gələn adamın tualetə girmək imkanı belə yoxdur. Mən hər gün bunu onlara deyirəm. 

Amma indi məmurlar arasındakı qovğa da ortaya çıxıb. Yəni nəşriyyat haqqında gedən kampaniya təkcə nəşriyyata qayğı üçün deyil, nazir və məmurların da burada marağı var, biz o haqda açıq danışmışıq, diqqət mediaya yönəlməlidir, nəşriyyat reket mediadan təmizlənməlidir. Nəşriyyat dünya standarlarına uyğun hala salınmalı və medianın olmalıdır, hər hansı məmurun yox”.

Həmçinin oxuyun

Mehriban Vəliyeva: “Direktorlar tədris prosesini növbəli şəkildə qura bilərlər”

“Sıxlıq olan məktəblərdə təhsil müəssisələrinin rəhbərləri növbəliliyi təmin etmək məsələsində müstəqildirlər” APA-nın məlumatına görə, bunu …