Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Novxanıda sahibkarlardan “işıq pulu” adı ilə pul toplayan Qadirdən yenə şikayət var…

Novxanıda sahibkarlardan “işıq pulu” adı ilə pul toplayan Qadirdən yenə şikayət var…

Azinforum.az olaraq bir müddət əvvəl, redaksiyamıza daxil olan bir şikayəti yaymışdıq. Həmin məlumatda bildirilirdi ki, Novxanı qəsəbəsində  bir sıra ticarət obyektlərindən xərrac toplanılır.  Şikayətçilər bildirirdi ki, prosesi özünü “Azərişıq”ın təmsilçisi kimi təqdim edən Qadir adlı adam həyata keşirib:

“Bunun səbəbini yerüstü elektrik naqillərinin yerin altı ilə aparılacağı ilə əlaqələndiriblər. Bir sözlə, sahibkarlardan aşkar şəkildə pul tələb edirlər. Nəyə görə naqillərin yerin altı ilə aparılması iş adamlarının hesabına həyata keçirilməlidir? Cənab prezident bu kimi işlərin həyata keçirilməsi məqsədilə “Azərişıq”a büdcədən kifayət qədər vəsait ayırıb. Lakin ASC-nin rəhbər şəxsləri sahibkarlardan pul qoparmağa çalışırlar. Məbləğ ticarət obyektlərinin sahəsinə görə dəyişir. İri ticarət mərkəzlərinin sahiblərindən 1500-2000 manat tələb olunur. Deyirlər ki, elektrik xətləri kabellə yerin altı ilə çəkilməlidir. Ancaq iş adamlarına əvvəlcədən heç bir xəbərdarlıq edilməyib. Gəlib işığı kəsib çıxıb gedirlər. Qəsəbə ərazisində neçə-neçə obyekt fəaliyyət göstərir. Elektrik enerjisinin verilişinin dayandırılması sahibkarlara böyük ziyan vurur”.

Məlumatlara görə, bəzi dükan və market sahibləri yerüstü xətləri yeraltı kabellərlə əvəzləsə də, xəttin qoşulması və istismara verilməsinə icazə ala bilmirlər: “”Azərişıq” ASC-nin nümayəndələri texniki şərti bəhanə gətirib sahibkarları süründürməçiliyə məruz qoyurlar. Dövlət ASC-yə milyonlarla vəsait ayırıb, nəyə görə hər kəs öz obyektindəki elektrik xətlərini yeniləməlidir? Ölkə başçısı sahibkarlığın inkişafına böyük dəstək göstərir, yerli və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə iş adamlarını incitməməyi tapşırırsa bizim başımıza bu oyunlar niyə gətirilir?”.

 

Azinforum.az bildirir ki, bizim bu məsələni ictimailəşdirməyimizdən sonra, “Azərişıq” rəhbərliyi Novxanıda yaşananlarla bağlı ciddi araşdırmaya başlayıb. Onlar tərəfindən bəzi sahibkarlara  tapşırılıb ki, onların adından  kiminsə pul yığması qanunsuzdur. Biz məsələni aydınlaşdırmaq üçün “Azərişıq”la əlaqə saxladıq. Qurumdan bizə bildirdilər ki, “Azərişıq” adından heç kim qeyri- rəsmi pul yığa bilməz. Həyata keçirdiyimiz infrastruktur layihələr isə, vətəndaşların və ya sahibkarların deyil, dövlətin ayırdığı vəsait hesabına həyata keçirilir. Belə faktlarla rastlaşan sahibkarlardan xahiş edirik dərhal hüquq-mühafizə orqanlarına müraciət etsinlər”.

Qeyd edək ki, readaksiyamıza Qadir adlı şəxsin əməllərilə bağlı yenidən çoxsaylı şikayətlər daxil olub. Onun hazırda heç bir məsuliyyətə cəlb olunmadığı, Novxanıda gəzib dolaşdığı bildirilir.  Aydındır ki, Qadir sahibkarları öz başına belə sıxışdıra bilməz. Onun arxasında güclü himayəçisinin olduğuna isə qəti şübhə yoxdur.

Rövşən Əli,

Azinforum.az

 

Həmçinin oxuyun

“Baboşlar efirə çıxarılır, kişi kişiylə evlənir, çünki…” – Rasim Balayev

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev  “TV Müsavat”-a müsahibə verib. AKİ sədri  ittifaq …

Bir cavab yazın