Şənbə , May 21 2022
Ana səhifə / Cəmiyyət / “Novruz bayramı niyə əvvəlki təmtəraqla qeyd olunmur?”

“Novruz bayramı niyə əvvəlki təmtəraqla qeyd olunmur?”

“Dünyada baş verən hadisələr təbii ki, insan psixologiyasına təsirsiz ötüşmür“. 

Bunu Demokrat.az-a açıqlamasında psixoloq Samirə Bağırova deyib. Psixoloq qeyd edib ki, əslində baş verən xoşagəlməz hadisələr sonradan insan psixologiyasına mənfi təsir göstərir: 

“İlk öncə təbii fəlakətlər gündəmdə olması, sonra koronavirus pandemiyası, daha sonra müharibələrin olması insanlara mənfi təsir göstərdi. Düzdür, baş verən hadisələrin həmin vaxt təsiri olmasa da, aylar və ya 1 ildən sonra sindromları kütləvi halda ortalığa çıxır. Buna post-travmatik sindrom deyilir. Yəni insan hadisəni adlayır, sonradan acısını çəkməyə başlayır. Bu, yalnız müharibə iştirakçılarına deyil, sivil insanlara da aiddir“.

Psixoloq əlavə edib ki, kütləvi informasiya vasitələrinin köməyi ilə insanlar qısa bir zamanda dünyada baş verənlər haqqında məlumat ala bilirlər və bu informasiyalar sırasında panik yaradan doğru informasiya və dezinformasiyalar da yer almaqdadır ki, kütlə psixologiyasına mənfi təsir göstərmiş olur:

“Yeri gəlmişkən, qeyd edim ki, bu yaxınlarda əməkdaşlarımla bayramla əlaqəli mövzuya toxunduq və keçmiş xatirələrdən danışdıq. Qeyd edim ki, əvvəllər yalnız şəhər mərkəzlərində deyil, eləcə də qəsəbələrdə yarmarkalar, konsertlər, Novruz şənlikləri təşkil olunurdu. Kəndirbazlar, pəhləvanlar, Novruzun simvolu olan bahar qızı, kosa, keçəl yumorları, səhnəcikləri ilə insanlarda xoş bayram abu-havası yaradardılar. İndi əsasən paytaxtımızın mərkəzində qeyd olunur və bayram tətilində olan insanlar şəhərə axışır. Təbii ki, hər kəs övladı, ailəsi ilə bayram əhvalı yaşamaq istəyir. Amma bu kütləvi axından ağır tıxaclar əmələ gəlir, həm də hər kəsin də imkanı olmur, ya da yolu uzaq olur. Bilirik ki, Novruz bayramı 2009-cu ildə YUNESKO tərəfindən qeyri -maddi mədəni irs siyahısına daxil edilmiş, 2010 – cu ildə isə BMT Baş Asambleyasının 64-cü sessiyasının iclasında 21 mart tarixi “Beynəlxalq Novruz Günü” elan edilmişdir. Novruz bayramı Azərbaycanda mənşəyi ən qədim bayramlardan biridir. Düşünürəm ki, geniş şəkildə bunu bölgələrdə, qəsəbələrdə də qeyd edilməsini təşkil etmək önəmlidir. Bu, həm tıxacların yaranmasına, həm insanların əhval-ruhiyyəsində və eyni zamanda gənc nəsil üçün milli dəyərlərin önəmli olduğunu, milli adətlərin qorunmasını tərənnüm etmək üçün vacibdir“.

Psixoloq hesab edir ki, bu bayramın bölgələr, rayonlar üzrə aidiyyatı dövlət qurumları və onların səlahiyyətləri nəticəsində təşkili mütləqdir: “Milli mentalitetimizi, yəni milli xalq adətlərini qorumaq azərbaycanlı olaraq hər birimizin borcudur. Sonda bütün Azərbaycan xalqını bu gözəl Novruz bayramı münasibətilə təbrik edirəm. Sülh, ruzi, əmin-amanlıq ölkəmizdən əksik olmasın“.

Həmçinin oxuyun

Gürcüstanla sərhədi pozan 5 azyaşlı saxlanıldı

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, qeyri-qanuni miqrasiya ilə mübarizə …