Şənbə , May 25 2019
Ana səhifə / Cəmiyyət / Norveç səfirliyindən azərbaycanlı təhsil işçilərinə təhqiramiz cavab

Norveç səfirliyindən azərbaycanlı təhsil işçilərinə təhqiramiz cavab

Viza verməkdən imtina edən Norveçin ölkəmizdəki səfirliyindən bildiriblər ki, azərbaycanlılar öz ölkələrini tərk edib başqa ölkələrdə yerləşirlər və bu üzdən də Azərbaycan təhsil işçilərinin Finladiya Forumunda iştirakı vacib deyil

 
“Finlandiya-Azərbaycan Elm və Təhsil Forumu” Təşkilat Komitəsi və iştirakçıları Finlandiyaya buraxılmayıb. Təşkilat Komitəsinin viza üçün müraciət etdiyi Norveç Krallığının Azərbaycandakı səfirliyi viza verməkdən imtina edib. İmtina məktubunda Azərbaycanda ictimai, siyasi və maliyyə problemlərinin olduğunu və bu səbəbdən azərbaycanlıların öz ölkələrini tərk edib başqa ölkələrdə yerləşdiyini vurğulanıb. Həmçinin, məktubda bildirilib ki, azərbaycanlı təhsil işçilərinin Finlandiya Forumunda iştirakı və rolu vacib deyil.
Baş verən qalmaqalla bağlı “Finlandiya-Azərbaycan Elm və Təhsil Forumu” Təşkilat Komitəsinin sədri Orxan Həsənoğlu KİV-ə müraciət edib. Həmin müraciəti olduğu kimi təqdim edirik:
“Hörmətli KİV nümayəndələri!
Avropanın və dünyanın təhsildə qabaqcıl ölkələrindən biri olan Finlandiyada elm və təhsil sahəsində təcrübəmizi artırmaq məqsədilə Azərbaycandan bir qrup təhsil işçiləri, məktəb direktorları və müəllim heyəti ilə birlikdə Finlandiyanın paytaxtı Helsinkiyə səfər etməyi planlaşdırırdıq. 24-29 may 2018-ci il tarixində Helsinkidə “Finlandiya-Azərbaycan Elm və Təhsil Forumu” adlı elmi-təcrübə proqramı həyata keçirməyi qərarlaşdırdıq. Bu səfərin əsas məqsədi dünyada elm və təhsildə keyfiyyət deyildiyində ilk ağıla gələn Avropa ölkələrindən birinin təcrübəsini öyrənməkdən, həmçinin Avropa ilə Azərbaycan arasında  mədəni və elmi münasibətlərin inteqrasiyasına kömək etməkdən ibarət idi.
Biz heç bir zaman təsəvvür edə bilməzdik ki, dünya xalqlarına mədəniyyət aşılamağı özünə missiya kimi görən Avropa İttifaqı üzvü bir ölkə məhz multikultural dəyərlərdən, insan münasibətlərindən, qeyri-rəsmi informasiyaları doğru informasiya kimi təqdim etməkdən utanmayacaq. Norveç Krallığının Azərbaycanda yerləşən səfirliyi ümumbəşəri ali dəyərlərə hörmətsizcə yanaşaraq, cəmiyyətdə Avropaya qarşı olan inamı sarsıtdı və bunun ən dəhşətlisi isə Avropa İttifaqının ölkəmizə yaraşmayan ifadə və davranışlarını göstərdi. Belə ki, Finlandiyaya getmək üçün viza müraciəti etdiyimiz Norveç Krallığının Azərbaycandakı səfirliyi vizaya imtina üçün bizə bir neçə əsas səbəb göstərmişdir.
Nəzərinizə çatdırmaq istəyirik ki, bu səbəblərin hər biri əsassız iddialardır. Səfirlik yazılı olaraq iddia edir ki, Finlandiyadan göndərilən dəvət məktublarını araşdırmaq üçün Finlandiya-Azərbaycan Assosasiyası ilə heç bir halda əlaqə (telefon və ya email) saxlamaq mümkün olmamış, Espo şəhərində yerləşən və səfər zamanı getməyi planlaşdırdığımız Juvanpuisto School adlı orta məktəbdən cavab verilməmişdir.
Norveç səfirliyi tərəfindən adiyyatı qurumlara heç bir sorğu göndərilməmiş, telefon, fax və ya email  göndərilməmiştir. Əsassız səbəblərdən 39 nəfərdən ibarət təhsil işçilərinin Avropa ölkəsinə səfərinə ciddi cəhdlə əngəl törətmişdir. Xüsusilə imtina məktublarında yazılan bir neçə məqamda azərbaycanlıların hər zaman ölkəni tərk etmə istəyinin olduğunu, bizi bu ölkəyə bağlayan heç bir səbəbin olmadığını vurğulamaqla ölkəmizin təhsil işçiləri təhqir olunmuşdur. Hər zaman insan haqlarından danışan Norveç Krallığı imtina məktubunda Azərbaycanda ictimai, siyasi və maliyyə problemlərinin olduğunu və bu səbəbdən azərbaycanlıların öz ölkələrini tərk edib başqa ölkələrdə yerləşdiyini vurğulayıb. Həmçinin, məktubda bildirilir ki, azərbaycanlı təhsil işçilərinin Finlandiya Forumunda iştirakı və rolu vacib deyil. Qərəzli yanaşmalar sərgiləyən səfirlik adi diplomati-etik qaydalarada əməl etməmiş və öz missiyasını aşaraq ölkəmizin daxili işinə müdaxilə etmişdir.
Ciddi əsas olmadan vizalar üçün imtina məktubuna qeyri-rəsmi iddialarını qeyd edən Norveç Krallığının Azərbaycanda yerləşən səfirliyini Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcək, hüquqları pozulmuş müəllimlərin haqlarını müdafiə edəcəyik.
Bildirmək istəyirik ki, bu xoşagəlməz situasiyalar qarşılığında Avropanın qonşuluq, humanizm, təhsil sahəsində qarşılıqlı münasibətlərin inkişafı və mədəni əlaqələrin qurulmasına kölgə salınmışdır. Eyni zamanda, bu qeyri-qanunu davranış təşkilatçı qurumun haqqında mənfi rəy formalaşdırmış, neçə illər ərzində əldə etdiyi etibarına böyük mənəvi zərər vurmuşdur. Səfirlikdən cavab məktubunun gecikdirilməsi və təyyarə uçuşuna son 32 saatdan daha az bir vaxtda məlumatın verilməsi şirkətin zərərini artırmışdır.
Bunun aradan qaldırılmasında bizim haqlı etirazımızda hüquqları pozulan və böyük zərər çəkən müəllimlərin özünümüdafiəsində yanımızda olmağınızı və baş vermiş xoşagəlməz hadisənin doğru araşdırılıb işıqlandırılmasında yanımızda olmağınızı xahiş edirik.
Bütün bunların ən acınacaqlısı olan isə çox sayda azərbaycanlı təhsil işçilərinin, Avropa ölkələrinin və səfirliyin də məktubunda ifadə etdiyi kimi dünyaya insani münasibətləri, insan hüquqlarının təbliğatçısı kimi görünən Avropanın imicinə ciddi xələl gəlmişdir. 39 nəfər müəllim demək hər gün onlarla sinifə daxil olan, yüzlərlə şagirdə elmi-bəşəri dəyərləri təbliğ edən canlı insan faktoru deməkdir. Bu xoşagəlməz hadisə onların mənəvi hislərini olduqca sarsıtmış, qarşılaşdıqları bu hadisədən çox məyus olmuşlar.
Əlavədə Sizə bütün sənədləri göndəririk!
Hörmətlə: “Finlandiya-Azərbaycan Elm və Təhsil Forumu” Təşkilat Komitəsinin sədri Orxan Həsənoğlu”
Azinforum.az

 

Həmçinin oxuyun

Azərbaycanda dizel maşınlara qadağa qoyulsa, nə olacaq? – “Bu, sadəcə biabırçılıqdır”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə açıqlayıb ki, hazırda atmosfer …