Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Nizami və Xətai rayonunda biabırçı mənzərə – Bu daşlar ölkəyə gələn turistlərin də başına düşə bilər

Nizami və Xətai rayonunda biabırçı mənzərə – Bu daşlar ölkəyə gələn turistlərin də başına düşə bilər

Bakının ən böyük problemlərindən biri də tikilməkdə olan binaların, ticarət obyektlərinin ərazisində təhlükəsizlik tədbirlərinin bəzən lazımi səviyyədə, bəzən isə ümumiyyətlə görülməməsidir.

Tikinti gedən ərazilərin bir neçə metrliyindən keçən insanların həyatı isə hər an təhlükə altındadır. Tikinti gedən binalardan yoldan keçənlərin başına daş, taxta və digər tikinti materialları düşə bilər.

Dünən buna şahidlik etdik. Xətai rayonu ərazisində tikilməkdə olan çoxmərtəbəli binalardan birinin qarşısından keçən Bakı sakini Emin Gözəlovun başına həmin tikilidən daş parçaları töküldü.

Xoşbəxtlikdən gənc ölmədi. Amma qolu sındı, başından ağır xəsarətlər aldı. Bakıda bu cür hallar dəfələrlə baş verib.

İnşaat sahəsində çalışan fəhlələrin təhlükəsizliyini təmin etməyən, əməyin təhlükəsizliyi qaydalarına məhəl qoymayan tikinti şirkətlərinin rəhbərləri yoldan keçən vətəndaşların da həyatını təhlükə altında qoyur.

Son zamanlar fəhlələrin də tikintidə yıxılaraq ölməsi halları müşahidə olunur. Təbii ki, səbəb yenə də eynidir – heç bir təhlükəsizlik tədbirlərinin görülməməsi.

Yəqin ki, tikinti gedən ərazilərdən keçərkən bu cür halların dəfələrlə şahidi olmusunuz ki, inşaat sahəsi ilə piyada səkiləri arasında vur-tut bir-iki mertlik məsafə var. Bu isə o deməkdir ki, çoxmərtəbəli binadan düşə biləcək hər hansı bir daş parçası, əşya piyadanın ölümünə və ya ağır yaralanmasına səbəb ola bilər.

Virtualaz.org saytının məlumatına görə, hazırda paytaxtın bir çox yerlərində olduğu kimi Nizami rayonu ərazisində də bu cür tikinti işi sürətlə davam etdirilir. Qara Qarayev prospektində, “Neftçilər” metrosunun çıxışında aparılan tikinti işləri yoldan keçən yüzlərlə insanın həyatına təhlükə yaradır.

Hazırda inşaat işləri aparılan tikintinin altından keçən insanların təhlükəsizliyini təmin etmək üçün demək olar ki, iş görülmür. Yalnız hasarlarda “Müvəqqəti narahatlığa görə üzr istəyirik” sözləri yazılır, vəssalam. Piyadaların təhlükəsizliyinin yeganə təminatı sanki elə bu bir cümlə imiş…

Qeyd edilən ünvanda hazırda ticarət mərkəzi tikilir. Bu ərazi əvvəllər yaşıllıq olub. Buradakı yaşıllıq sonradan məhv edilərək yerində ticarət obyektinin tikintisi başlayıb. Nizami Rayon İcra Hakimiyyəti yaşıllığın məhv edilərək yerində tikinti işlərinin aparılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsinin olduğunu desə də nazirlik bunu təkzib edir. Nazirlik belə bir tikintinin aparılması üçün heç bir icazə vermədiyini və tikintini aparan şəxslərin ağacların kəsilməsi faktı ilə bağlı cərimələndiyini deyir.

Bütün hallarda bu cür vəziyyətlərdə ehtiyatlı olmaq lazımdır. Pul qazanmaq istəyənlərin, icra hakimiyyətinin, məmurların, aidiyyəti qurumların vətəndaşın təhlükəsizliyini təmin etmək barədə əsla düşünmədiyi bir vaxtda… Yoldur, getdiyimiz yerdə başımıza daş düşə bilər…

 

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın