Şənbə , May 25 2024
Ana səhifə / Cəmiyyət / Nizami Rəmziyə görə ailəsi dağılan müğənni: “Məktəbdə süpürgəçi, kafedə xadimə işlədim”

Nizami Rəmziyə görə ailəsi dağılan müğənni: “Məktəbdə süpürgəçi, kafedə xadimə işlədim”

“Qızımla hündürmərtəbəli binanın zirzəmisində kirayədə yaşayıram. Qışda nəmişlikdən, yayda isə havasızlıqdan əziyyət çəkirik. Heç kimdən kömək görmürəm. Gözüm yollarda qalıb ki, bəlkə kimsə qapını döyüb, nəsə ərzaq gətirər. Vaxtilə İzzət Bağırov mənə yardım edirdi. 7-8 il bundan əvvəl. İndi ondan da xəbər yoxdur. Allahın acı bir soğanını da verən yoxdur. Yaşayışım çətindir, aldığım cüzi pensiya ilə dolanıram. Buna dolanmaq demək olmaz. Sürünürəm”

Bunu Moderator.az-a bir zamanların məşhur müğənnisi, meyxanaçı Nizami Rəmzi ilə duet ortağı olan Samirə Vahabova deyib. O daha sonra əlavə edib.

“İndiki ağlım olsaydı müğənnilik sənətini seçməzdim. Kim deyə bilərdi ki, bu günə düşəcəm?! Kişi kollektivlərində çalışırdım, toylara gedirdim. Nizami Rəmzi ilə gedirdim. Mənə bacı gözü ilə baxırdı. Yaxşı pul da qazanırdıq. Özümə bir gün ağlaya bilmədim. Sənət mənə heç nə vermədi. Nə məşhurluq, nə pul, nə də hörmət. Bu gün televiziyaları izləyirəm. Fərqli səsi, görünüşü olan müğənni yoxdur. Hamı bir-birinə bənzəyir. Bizim mahnıları oxuyub məşhurlaşırlar. Bir dəfə adımızı da çəkmirlər ki, bunu Samirə ilə Nizami oxuyub. Elə oxuyurlar ki, elə bil o mahnıları Nizami yox, onların atası yazıb. Nizami məni toylarda qoruyurdu. Heç kəs mənə pis gözlə baxmırdı. Nizaminin 3 yoldaşı olub, amma heç biri məni ona qısqanmayıb” deyə müğənni bildirib.



Samirə Vahabova acınacaqlı şəxsi həyatından da danışıb.

“Nizami Rəmzi ilə toylara getdiyimə görə həyat yoldaşım məndən ayrıldı. Bir uşaqla məni qoyub getdi. Ev-eşik əlimdən çıxdı. Aclıq-susuzluq yaşadım. Dedi ki, mənə toylara gedən qadın lazım deyil. Tək yoldaşım yox, elə qohumlar da məndən imtina etdilər. Filarmoniyada konsertimiz olurdu. Rusiyaya qədər birlikdə qastrol səfərlərinə gedirdik. Hər toya gedəndə mənə deyirdilər ki, sənin atan qardaşın yoxdur ki, düşmüsən Nizaminin izinə?! Özümdən küsmüşəm, Nizamidən küsməmişəm. Nizamidən sonra demək olar ki, mən də “öldüm”. Məktəbdə süpürgəçi, kafedə xadimə işlədim. Amma yaş həddinə görə məni işdən çıxartdılar. İndi ehtiyac içərisində həyatımı sürdürürəm. Ramazan ayıdır, ümidim qalıb fitrə pullarına. Bəlkə də sizin vasitənizlə mənə yardım edərlər” deyə o bildirib.

Həmçinin oxuyun

Şagirdlərin ağır yükü: Məktəbli çantasının çəkisi nə qədər olmalıdır?

“Məktəbli çantası nə etsin ki, bizim təhsildə proqram ağırdır”. Bu fikirləri Yenicag.az-a açıqlamasında məktəbli çantalarının ağırlığının …