Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Nizami DYPŞ-nin yeni rəisi sürücülərə problem yaradır

Nizami DYPŞ-nin yeni rəisi sürücülərə problem yaradır

Firdovsi Yusubov hər gün 20-dən artıq maşının cərimə meydançasına qoyulması tapşırığını verib

Mayorun 300 minlik söhbətinin arxasında nə dayanır?

“Yol Patrul Xidməti haqqında” təlimatda yol polisi əməkdaşının vətəndaşla ünsiyyətdə hansı hərəkətləri edib-etməməsi müəyyənləşdirilib. Təlimatda hər şey dəqiqliklə öz əksini tapıb. Təlimata əsasən, müfəttiş hərəkətin digər iştirakçılarına qarşı ədəb və nəzakətlə rəftar etməli, onlarla ünsiyyətdə insanın şərəf və ləyaqətini alçaldan hərəkətlərə və sözlərə yol verməməlidir. O, hərəkət iştirakçılarına “siz”, “cənab (xanım) sürücü (piyada və s.)” və “vətəndaş” deyərək müraciət etməlidir. Həmçinin yol polisi işçiləri peşə vəzifələrinə uyğun olaraq sürücüləri qanunları pozmadığı halda saxlamamalı və əsassız yerə onları incitməməlidir.

Dərin təəssüf hissi ilə bildirmək istəyirik ki, Nuşirəvan Səfərov Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) rəisi vəzifəsinə keçəndən sonra paytaxtda fəaliyyət göstərən yol patrul xidməti əməkdaşlarının işində nöqsanlar xeyli artıb. Belə ki, idarəyə tabe olan yerli şöbələrin əməkdaşları heç bir səbəb olmadan sürücüləri saxlayır, onları əsassız yerə cərimə edirlər. Nəticədə şəhər “Qai”sinin fəaliyyətindən narazılıq halları günbəgün artır. Ki, bütün xoşagəlməz əməllərdə əsas səbəbkar kimi Nuşirəvan Səfərov göstərilir. Qeyd edək ki, bir neçə gün əvvəl daxili işlər naziri Ramil Usubov Nizami rayon Dövlət Yol Polisi Şöbəsinə (DYPŞ) polis mayoru Firdovsi Yusubovu rəis təyin etdi. F.Yusubov bu təyinata qədər Bakı Şəhər Baş Polis İdarəsində alay komandirinin müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, Nizami Rayon Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) əvvəlki rəisi polis polkovnik-leytenantı Fail Quliyev olub. O, vəzifəsindən azad edilərək Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Avtonəqliyyat Vasitələrinin Axtarış Şöbəsinə rəis vəzifəsinə təyin edilib. Etibarlı mənbələr tərəfindən redaksiyamıza verilən məlumatlarda bildirilir ki, Firdovsi Yusubov Nizami DYPŞ-nin rəisi təyin olunan kimi özünü göstərməyə başlayıb: “Hazırda Nizami rayonunun ərazisi maşın sürmək üçün ən əlverişsiz yerdir. Çünki yol polisi şöbəsinin əməkdaşları sürücüləri qanunu pozmadığı halda saxlayır və onlara cərimələr yazırlar. Yol polislərinin özlərinin dediyinə görə, bu barədə tapşırığı onlara yeni rəis verib. Deyilənə görə, rəis işçilərinə hər gün 20-dən çox maşını cərimə meydançasına aparmaq barədə göstəriş verib. Hətta müfəttişlərdən biri rəisə “günahsız sürücüləri də cərimələyək” sualını verib. Bu zaman Firdovsi Yusubov bərk əsəbiləşib və həmin müfəttişi otağından qovub. Bir sözlə, şöbə rəhbəri kimliyindən asılı olmayaraq, qanunu pozan, pozmayan əksər sürücülərin cərimələnməsini əmr edib. Rəisin tapşırığından sonra Nizami rayonu ərazisində reydlərin sayı artıb. Bir neçə gün əvvəl Nizami rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları ağır tonnajlı yük maşınlarına qarşı hərəkətə keçiblər. Müvafiq qaydalara əsasən, yük maşınları günün müəyyən saatlarında şəhərdə hərəkət edə bilərlər. Şöbənin əməkdaşları müəyyən olunmuş saatlarda hərəkət edən ağır tonnajlı yük maşınlarının bir neçəsini saxlayıb cərimə meydançasına aparıblar”. Mənbəmiz vurğulayır ki, bu cür reydlərdə rəis özü də iştirak edir: “Səbəbsiz yerə saxlanılan ağır tonnajlı yük maşınlarından birinin sürücüsü rəislə mübahisə edib. Ondan nəyə görə maşının cərimə meydançasına aparıldığını soruşmaq istəyib. Deyilənə görə, Firdovsi Yusubov həmin sürücüyə qısa cavab verib: “gəl … maşınını apar”. Bundan əsəbiləşən sürücü Daxili İşlər Nazirliyinin “qaynar xətti”nə məlumat verib. Buna baxmayaraq, vətəndaşın şikayəti araşdırılmayıb.

Sürücü məcburiyyət qarşısında rəisin göstərdiyi yola baş vurub və yalnız bundan sonra maşınını cərimə meydançasından çıxara bilib. Yeni rəisin sürücülərə qarşı tətbiq etdiyi “qayda”lar çox sərtdir. Bu minvalla narazı sürücülər kütləvi şəkildə onun barəsində Daxili İşlər Nazirliyinin rəhbərliyinə şikayət edəcəklər”. Bu arada, deyirlər ki, Nizami DYPŞ-nin rəisi bu vəzifəyə keçə bilmək üçün 300 min dəfə əziyyət çəkdiyini bildirib. Bu barədə gələn saylarımızda ətraflı məlumat verməyə çalışacağıq. Bizi izləyin.

Qarşı tərəfin də cavab haqqını tanıyırıq.

gundelikbaku.com

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …

Bir cavab yazın