Şənbə , Oktyabr 19 2019
Ana səhifə / Cəmiyyət / Niyə qeyri-rəsmi nikahdan doğulan uşaqlar gözəl və şirin olur?

Niyə qeyri-rəsmi nikahdan doğulan uşaqlar gözəl və şirin olur?

Kəramət Böyükçöl yazır…

Hərdən orta məktəb illərində sevgi xatirələrim yadıma düşür, özümə gülməyim gəlir. “Gör ömrümün o cür gözəl illərini nəyə sərf etmişəm” deyə fikirləşirəm. Sonra da düşünürəm ki, bəs başqa nə etməli idim? Tutaq ki, o boyda illərim Nizami Gəncəvini poemalarını oxumaqlamı keçəcəkdi? Yaxud Şah İsmayıl Xətainin döyüşlərini əzbərləməkləmi yaşayacaqdım? Qəliz düsturlar, fizikanın qanunları ilə yatıb-duracaqdım? Bəlkə, elə hamısından yaxşı həyatı, insanları sevə-sevə öyrənməkdir, elə öyrənə-öyrənə də yaşamaqdır?

Sən bir qızı sevməsən, yaxud bir kişinin dərdindən ölməsən, səhər saat 08:30-da yuxudan durub dərsə necə getmək olar, düzü, anlamıram. Nizami Gəncəvini öyrənmək üçün adam dərsə gedər? Nyutonun qanunları səni bezdirməzmi, Seyid Əzim Şirvaninin qəzəlləri səni boğaza yığmazmı? Təkcə orta məktəbə yox, elə universitetə, iş yerinə də səni sevgi aparıb-gətirir. Əvvəl sevirsən, sonra ayrılırsan, sonra bir-birinizin acığına yaşayır, xoşbəxt olmağa can atırsınız. Bir müddət sonra unudursan, təzədən sevirsən, o da alınmır, yenidən axtarmağa başlayırsan…

Yəni həyatın əsas süjet xətti sevgidən ibarətdir. Qalan hər şey – Nizami Gəncəvi, İzzəddin Həsənoğlu, riyaziyyatın, fizikanın qanunları ikinci, üçüncü, dördüncü dərəcəli məsələlərdir ki, sən sevginə görə onları da öyrənirsən, onları da sevginin içinə qatırsan.

Hərdən də fikirləşirəm ki, sevgi qədər böyük aldanış yoxdur. Bir damcı ömrümüz var, onun da çoxu sevgi oyunlarına xərclənir. Bəs niyə biz bilə-bilə özümüzü aldadırıq? Bu aldanış bizə niyə ləzzət eləyir? Niyə ömrünü-gününü yolumuzda çıraq eləyən qadını yox, ömrümüzü-günümüzü çürüdən, yediyimizi-içdiyimizi bizə zəhər edən qadın üçün yaşayırıq, həmişə onu arzulayır, onu xəyal edir, uzaqdan-uzağa da olsa, öz mənəvi qidamızı ondan alırıq?

Görəsən, xəyanətkar qadınlar niyə çox sevilir? Görəsən, hansı yolu seçməyimizdən asılı olmayaraq, ağlımız niyə seçmədiyimiz yolda qalır? Qadağan olunmuş şeylər bizə niyə bu qədər doğma gəlir? Görəsən, niyə qeyri-rəsmi nikahdan doğulan uşaqlar gözəl və şirin olur? Niyə kişini yandıran bir qadın yoxdursa, o kişi ömür boyu odun olaraq qalır? Bir qadınla sevişərkən başqasını düşünmək kədərli deyilmi? Ümumiyyətlə, görəsən, suallar niyə bu qədər çoxdur, cavablar isə yoxdur?!

Neçə yüz illik Şərq poeziyası başdan ayağa sevgidən, ayrılıqdan, vüsaldan, həsrətdən ibarətdir. Sizcə, bunların hamısı böyük bir aldanış deyilmi? Leyli və Məcnun, Əsli və Kərəm sevgisi varmı, nə vaxtsa mövcud olubmu? Yoxsa hər şey Xalq şairi Ramiz Rövşənin bu iki misrasından ibarətdir?

Mən elə bilirdim sənsiz ölərəm,

Mən sənsiz ölmədim, məni bağışla.

Yaxud, bəlkə, hər şey Salam Sarvanın bir misrasından ibarətdir?

Bu dünyanın gülləri,

Süpürgə bağlamağadır.

Hər nədirsə, ömür dediyimiz şey də elə bu böyük aldanışın içindədir. Bəs bir ömür aldanmaqmı olar? Adam bu boyda aldanışı özünə sığışdırmır. Niyə bir dəfə aldanmaq bizə bəs eləmir? Yaxud bir də görürsən, dərin bir boşluğa düşürsən. Görüşünə tələsmək istədiyin, əllərindən tutmaq, saçlarını oxşamaq istədiyin bir sevgi axtarırsan, tapa bilmirsən, darıxırsan. Bəs nə edəsən? “İqra” oynamağa başlayırsan, futbola gedirsən, üzgüçülüyə yazılırsan, filmlərə baxırsan, başını beləcə qatırsan. Amma yenə də alınmır. Orta məktəbdəki kimi sevmək istəyirsən, bacarmırsan. Baxırsan ki, tükənmisən, canında, əlində, qolunda özünü axtarmağa başlayırsan, görürsən ki, yoxsan, arxada qalmısan, çox-çox uzaqlardasan.  

İlahi, sevəndə ömür niyə tez qurtarır? Sevəndə ömür niyə bir həftə olur? Niyə sevginin ömrünu bu qədər az yaratmısan? Nə paxıllıqdır, niyə bu ömrü bir az çox eləmirdin? Bu balaca ömrü də niyə intriqa mənbəyinə çevirirsən? Niyə də, niyə? Niyə bir sevgin o biri sevginə problem olur? Yoxsa bunların hamısı bir xətdir? İlahi, bu, nə darıxmaqdır?

Həmçinin oxuyun

Afaq Bəşirqızı- Azərpaşa davası: kim haqlıdır? – RƏYLƏR

Xalq artisti Afaq Bəşirqızı teatrın ümumi problemləri və aktyorlar məsələsini yenidən gündəmə gətirib. Sənətkar Azərbaycanın …