Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Niyə məhz Naxçıvan?

Niyə məhz Naxçıvan?

Bu gün Naxçıvanın inkişafı, ictimai-siyasi məsələləri haqqında çox deyilir, çox yazılır. Xüsusilə, bəzi müxalifət orqanları regionun inkişafı ilə bağlı həqiqəti özündə əks etdirməyən bir sıra yazılar dərc edib yayımlayırlar. Bu yazıları yaxından izləyən biri kimi deyə bilərəm ki, Naxçıvan barədə təəssüratlarda muxtar respublikada quruculuq işlərinə, təmizliyə, sabitliyə, qonaqpərvərliyə, tarix və mədəniyyətə göstərilən diqqətə müsbət tərəfdən yanaşılmır və əsas tənqid hədəfi kimi rəhbərlik göstərilir. Bəziləri buna adi hal kimi yanaşıb fikirləşə bilər: burda qeyri-adi nə var? İctimai-siyasi, iqtisadi durumu bir az yaxşı olan regionda tikinti işləri gedə bilər; dünyada təmizliyinə diqqət edilən şəhərlər də var, tarixinə, mədəniyyətinə böyük məhəbbət bəsləyən və bunu əməldə sübut edən xalqlar və millətlər də. İlk baxışda bununla razılaşmaq mümkündür. Yalnız vurğuladığımız kimi, ilk baxışda. Bu baxış bucağının müstəvisini bir az genişləndirsək, tamam başqa təəssüratın sahibi olacağıq.
Azərbaycanın böyük qətiyyətlə həyata keçirdiyi dövlətçilik konsepsiyası və iqtisadi strategiyası tezliklə öz bəhrəsini verməyə başladı. Ölkəmizin inkişaf yoluna çıxması tezliklə regionları, ələxsüs Naxçıvan Muxtar Respublikası inkişaf etalonuna və qısa müddətdə müasirləşməyin əsl nümunəsinə çevrildi. Yaradılmış dayanıqlı ictimai-siyasi sabitlik şəraitində iqtisadi artım, sosial-mədəni yüksəliş, müşayiət olundu. “Demokratiya donu geyinilən” adlandırdığınız Naxçıvanda yaranan yeni siyasi şərait çox qısa zamanda öz nəticələrini verməkdədir. Bu gün muxtar respublikanın bütün yaşayış məntəqələrinin yeni inkişaf konsepsiyasına uyğun qurulmasının zəruri əsasları təsis edilib.
Bəs sizləri narahat edən nədir? Seçkilərdən öncə bu tipli yazılar yazmaqla, əslində əldə etmək istədiyiniz məqsədlər başa düşüləndir. Və hədəfin Naxçıvan olması sizin məqsədə bir qədər “şaxəlik” verir. Niyə məhz Naxçıvan?
– Naxçıvan Muxtar Respublikası blokada vəziyyətində yaşamasına baxmayaraq, ölkənin ən inkişaf etmiş regionudur. Bu baxımdan ictimai-siyasi asayişin qaydasında olması da normaldır. Bu hallar isə ölkədə çaxnaşma yaratmaq istəyənlərin ürəyincə deyil;
– Bu gün ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs muxtar respublika rəhbəri tərəfindən uğurla davam etdirilir. Uğurlu siyasət bu sahədə uğursuzluğa dücar olan kənar qüvvələri qıcıqlandırır;
– Keçiriləcək seçkilərdə muxtar respublikanın adının hallanması və olmayan məlumatların şişirdilərək ictimaiyyətə təqdim edilməsi saytlar üçün əlavə reytinqdir;
– Regionda yaradılan şərait müxalifət təmsilçilərinin dövlət qurumlarında çalışmalarına imkan yaradıb. Lakin Naxçıvanda siyasi durumun ağır olduğunu vurğulayanlar özlərinin belə müxalifət olduqlarına şübhə ilə yanaşırlar. Muxtar respublikanın demokratik region olmadığına kənardan qiymət verənlər isə Naxçıvana təşrif buyurmağa çəkinirlər: özləri də bilirlər ki, yalanları ifşa olunacaq.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası son 20 ildə mükəmməl inkişaf yolu keçib, bütün sahələrdə nailiyyətlər əldə edib. Muxtar Respublika heç vaxt indiki qədər güclü iqtisadiyyata, yüksək inkişaf səviyyəsinə malik olmamışdır. Naxçıvanda həyata keçirilən quruculuq, abadlıq işlərinin, iqtisadiyyatda, mədəni həyatda, insanların güzəranında baş verən dəyişikliklərin kökündə bu yola siyasi sədaqət, qətiyyətli mövqe, düzgün idarəetmə dayanır. Siyasi xəttə sədaqət, aydın siyasi mövqe, yorulmaz fəaliyyətdən ibarət olan inkişafın Naxçıvan modeli muxtar respublikanın tərəqqisinin əsasını təşkil edir. Əfsuslar olsun ki, bu gün Azərbaycandakı bəzi antimilli qüvvələr Naxçıvanın tərəqqisinə “barmaqarası” baxır və deyilən yalanlara dəstək verirlər.

Nigar İsmayılova
Naxçıvan MR-də fəaliyyət göstərən jurnalist

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın