Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Neptun supermarketdə növbəti biabırçılıq-Video

Neptun supermarketdə növbəti biabırçılıq-Video

Bakıda yenə də “Neptun” supermarketlər şəbəkəsi alıcıları aldatmaqda davam edir. Alıcılar əsasən, satılan malların üstündəki qiymətlərlə kassalarda onlardan tələb edilən məbləğ arasında fərqlərin olmasından narazılıq edirlər.

Redaksiyamıza vətəndaşlardan daxil olan çoxsaylı şikayətlərdə “Neptun Market”də malların qiymətlərində aldadıldıqlarını vurğulayırlar.

Maraqlıdır ki, həmin fərqlər alıcıların ziyanınadır, yoxsa “xeyrinə”?

Şikayətçimiz Aynurə Cəfərova (ad şərtidir- red.) yazır ki, “Neptun” mağazalar şəbəkəsində tam fərqli fırıldaqçılıqla üzləşib. Onun sözlərinə görə, supermarketdə şişirdilmiş qiymətlər var və alıcıların hüquqları tapdanır.
“Aldığımız “Huggies” 20 manata satılırdı. Bir ay sonra isə vitrində 24 manat 75 qəpiyə satışa qoyulmuşdu. Hətta satıcılardanbizə bildirildilər ki, 4-5 qutu qabaqcadan alın. Çünki hər ay 5 manat bahalaşması gözlənilir”.

Müştəri qeyd edir ki, 5 gün sonra həmin malı aptekdə 19 manata satıldığının şahidi olublar:

“Şikayətimizi onlara çatdırdım. Ancaq etiraf etmədilər. Dedilər ki, bütün filiallarda uşaq bezlərinin bir bağlaması 20 manatdan yuxarı satılmır. Ondan sonra qəbzin şəkillərini təqdim etdim. İndi nə cavab veriləcəyini gözləyirəm”.

Bundan başqa, adıçəkilən marketdə satılan bəzi yeməklərin üzərində milçək və qarışqaların qaynaşdığı bildirilib. Şikayətçinin sözlərinə görə, marketdə milçək qovan aparat quraşdırılsa da, bu heç nəyi dəyişmir.

Vətəndaş sözügedən marketdə məsələ ilə bağlı bir neçə dəfə şikayət etdiyini bildirib:

“Bununla bağlı bir neçə dəfə şikayət etmişəm. Ancaq nə xeyri var?… Vəziyyət eyni olaraq dəyişməyib”.

Beləliklə, “Neptun” marketin fırıldağı bununla bitmir. Növbəti biabırçılığı isə vətəndaşın marketdən aldığı konfetin içindən barmaq uzunluğunda qurdun çıxması olub.
Şikayətçi “Neptun” marketin Xətai filialından konfet aldığını bildirib.

“Xətai filialında yerləşən “Neptun” marketdən konfet aldım. Evə gəlib konfeti açdım, konfetin içərisindən qurd çıxdı.Səhəri gedib şikayət etdim ki, dünən sizdən konfet almışam içərisindən qurd çıxıb. Marketdə işləyən satıcılar isə mənim şikayətimə məhəl qoymayıb, “vaxtımızı almayın, müştərilərimiz çoxdur, sizə ayıracaq vaxtımız yox. Gedin şikayətinizi başqa yerdə edin”, deyib işlərinə davam etdilər. Məndə öz növbəmdə marketdən uzaqlaşaraq, məsələni ictimasiləşdirməyə qərar verdim”,- deyə şikayətçi qeyd edib.

Konfetin içindən qurd:

Həmin marketdə bu kimi problemlər dəfələrlə təkrarlanır. Görünür, mağaza rəhbərliyi təkrarlanan bu kimi problemləri aradan qaldırmır, daha doğrusu qaldırmaq fikrində deyil. Bəlkə də “müştərilərinin” çox olmasından şikayətlərə ayıracaq vaxtı olmur. Əgər problemlər aradan qaldırılsaydı “Neptun” mağazalar şəbəkəsində istehlakçıların hüquqları kütləvi şəkildə pozulmazdı. Və buna sübut olaraq faktlar da öz əksini tapmazdı.

Son olaraq qeyd edək ki, mağazaların müxtəlif şəbəkəsində alıcılar aldadılır, qiymətlər şişirdilir, kassalarda təqdim olunan qəbzlə vitrinlərdə göstərilən məbləğ üst-üstə düşmür.

Onu da deyək ki, son günlər bəzi mətbuat orqanlarında “Neptun” supermarketlər şəbəkəsinin müştəriləri aldatdığı, onlara kampaniya, endirim adı ilə kələk gəldiyi barədə informasiyalar yayılır. İddialara görə, marketlər şəbəkəsi alıcıları stimullaşdırmaq, onları “tora salmaq” üçün müxtəlif aldadıcı kampaniyalardan istifadə edir.

Məsələ ilə bağlı qarşı tərəfin də fikrini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın