Şənbə , May 25 2019
Ana səhifə / Cəmiyyət / Nazirin qardaşını niyə öldürmək istədilər?- Bir il əvvəlki partlayışın şok tarixçəsi

Nazirin qardaşını niyə öldürmək istədilər?- Bir il əvvəlki partlayışın şok tarixçəsi

İyunun 30-da Qusar rayonunun Çiləgir kəndində nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovun villasında baş vermiş qətlin yeni sensasion təfərrüatları məlum olub. Qətllə bağlı yayılmış ilk xəbərdə qeyd edilirdi ki, N.Məmmədovun qudası Ramiz Vəliyevi 1967-ci il təvəllüdlü Eynulla Hacıyev qısqanclıq zəminində öldürüb. E.Hacıyev hadisə yerindən qaçsa da, Qusar rayon polis əməkdaşları onu bir gün sonra həbs ediblər.

 Azinforum.az ” musavat.com-a istinadən xəbər verir ki, qətlin bəzi təfərrüatları məlum olub. Belə ki, qatilin hədəfi məhz nazirin qardaşının villasında ötən ilin fevralında baş vermiş bir dəhşətli hadisə ilə əlaqələndirilir.

Belə ki, qatil E.Hacıyevin qardaşı daha əvvəl Nəriman Məmmədovun villasında gözətçi işləyib. Lakin bir il əvvəl nazirin qardaşının evində hələ də səbəbi bilinməyən partlayış baş verib və  Şəkixan Hacıyev (Eynulla Hacıyevin qardaşı) və onun həyat yoldaşı Maral Hacıyeva dünyasını dəyişib. Partlayışda dünyasını dəyişən ailənin oğlu isə 1992-ci ildə Qarabağda şəhid olubmuş.

Partlayışın nə səbəbdən baş verdiyini aydınlaşdırmaq üçün internet resurslarında axtarış etdik. Məlum oldu ki, hadisə ötən ilin fevral ayının 1-də baş verib. Xəbərdə deyilir ki,  fevral ayının 1-də səhər saatlarında Qusarda (kəndin adı göstərilmir) Şəkixan Hacıyeva məxsus evdə qaz sızmasından partlayış baş verib. Partlayışdan sonra isə güclü yanğın olub. Hadisə zamanı Şəkixan Hacıyev və onun həyat yoldaşı Maral Hacıyeva ağır yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Maral Hacıyevanın 80 faiz bədəni yanıb. Həkimlərin səyinə baxmayaraq, fevralın 5-də qadın həyatını itirib.

6 gün sonra – fevralın 11-də isə Şəkixan Hacıyev də vəfat edib. Yalnız bəzi saytlar öz mənbələri ilə araşdıraraq hadisənin Hacıyevlərin öz evində deyil, Qusar rayonunun Çiləgir kəndində baş verdiyinin və mənzilin nazirin qardaşı Nəriman Məmmədova məxsus olduğunu yazıb. Bununla da hər şey unudulub…

Rəsmi məlumatda evin N.Məmmədova məxsus olması barədə heç nə deyilməməsi də şübhələri artırır. Ehtimal etmək olar ki, nazirin qardaşının evi ötən il məhz qəsdən partladılıb. Çünki Nəriman Məmmədov bu ağır hadisədən sonra Eynulla Hacıyevi villasında işə götürüb. E.Hacıyev görünür ki, qardaşının və qardaşı arvadının faciəli ölümündə Nəriman Məmmədovu günahlandırırmış. Hətta belə bir iddia da var ki, əslində cinayət hadisəsi zamanı nazirin qardaşı da yaralanıb.

Qusar Rayon İcra Hakimiyyətinin Urva inzibatı ərazi vahidliyinin nümayəndəsi Süliddin İsgəndərov deyib ki,  qətli törədən Eynulla Hacıyev içki düşkünü olub və ailəsi ilə bu səbəbdən tez-tez münaqişə yaşanıb (anspress). Onun baldızı isə Nəriman Məmmədovun villasının qulluqçusudur. Maraqlıdır ki, icra nümayəndəsi də qətlin qısqanclıq zəminində baş verdiyinə inanmır.

Bəs onda nazirin qardaşını öldürmək cəhdinin arxasında dayanan sirr nədir? Eynulla Hacıyevi Nəriman Məmmədova qarşı kim qoya bilərdi?

Qusar Rayon Prokurorluğunun yetkililəri hadisə ilə bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi qaldırıldığını deməklə kifayətlənir.

Qusar rayonunun mərkəzinə ən yaxın kənd olan Çiləgir füsunkar mənzərəsi ilə seçilir. “Şahdağ” yay-qış olimpiya kompleksinə aparan yolun kənarındakı kənddə yay aylarında kirayə evlərin bir günü 30-40 manatadır. Kəndin meşə və çay sahilində yerləşməsi buraya varlıların da diqqətini artırır. Rayondakı mənbəmizin sözlərinə görə, burada çox da böyük olmayan həyəti və 1 otaqlı evi 40 min dollardan aşağı almaq olmur.

Məmmədovların  böyük qardaşı – Nəriman Məmmədov uzun müddət nəqliyyat sektorunda çalışıb. Yalnız 2012-ci ildə yaş senzi səbəbindən Nəqliyyat Nazirliyində tutduğu yüksək postdan – Ekspedisiya İdarəsinin rəisi vəzifəsindən çıxarılıb. Amma nazir qardaşını işsiz də qoymadı. N.Məmmədova deputat Cavid Qurbanovun o zaman rəhbərlik etdiyi “Azəryolservis” ASC-nin nəzdində “MMC 85″ adlı qurumun rəhbərliyi həvalə olunub. N.Məmmədovun rəhbərlik etdiyi qurumun işi iri tonnajlı maşınlar üçün nəzərdə tutulan tərəzilərə nəzarət etmək idi. Hələ bir neçə il əvvəl Nəqliyyat Nazirliyinin rəhbərliyi yolların qısa müddətdə dağılmasını iri tonnajlı maşınların artıq yük götürmələri ilə izah etmişdi. Bunun qarşısını almaq üçün ölkəyə xüsusi tərəzilər gətirilmişdi və bu işə məsul olan ”MMC 85″ yaradılaraq nazirin qardaşına həvalə edilmişdi. Lakin bununla da yol dağıntılarının qarşısını almaq mümkün olmadı. 2014-cü ilin ortalarında nazirin əmri ilə Nəriman Məmmədov işdən çıxarıldı. Bu dəfə o, formal olaraq Cavid Qurbanovun müşaviri təyin edildi.

Ziya Məmmədov məlum Quba hadisələrindən sonra şimal zonasına tam “hökmranlıq” etmək şanslarını itirdi. Qusar rayonu hələ də səlahiyyətlərinin əsas hissəsi əlindən alınmış, Beynəlxalq Bank işinə görə istintaqa cəlb edilən “Azərenerji”nin prezidenti Etibar Pirverdiyevə məxsusdur.

Digər himayədar məmurlar öz kurasiyalıq etdiyi rayonlarda özlərinə yaratdıqları şərait kimi, E.Pirverdiyev də Qusarda özünə yaxşı şərait yaradıb. E.Pirverdiyevin on minlərlə qoyunu və iribuynuzlu mal-qarası var. Eləcə də Qusardakı bir neçə iri mağazalar və restoranlar şəbəkəsi  hələ də Etibar Pirverdiyevə məxsusdur

Həmçinin oxuyun

Qarabağ qazisi: Markaryanın azərbaycanlı qohum-əqrəbası…

Gorbagor Qurqen Markaryanın Azərbaycandakı qohum-əqrəbası fəallaşıb yenə. Bu sözləri Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu …

Bir cavab yazın