Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Naxçıvanla sərhəddə Ermənistan-Rusiya qoşunlarının birləşmiş dəstəsi – Təsadüf, ya…

Naxçıvanla sərhəddə Ermənistan-Rusiya qoşunlarının birləşmiş dəstəsi – Təsadüf, ya…

Üzeyir Cəfərov: “Birgə hərbi birləşmənin yaradılması işğalçı erməni silahlı qüvvələrinə əlavə dəstəkdir”
“Azərbaycan Xarici İşlər Nazirliyi, rəsmi Bakı buna ciddi reaksiya verməli, Moskvaya etirazını bildirməlidir”

Bu yaxınlarda Rusiya müdafiə nazirinin müavini Anatoli Antonovun verdiyi açıqlama ciddi marağa səbəb oldu. O, Rusiya və Ermənistan müdafiə nazirləri arasında keçirilmiş görüşdən sonra deyib ki, Rusiyanın Ermənistandakı hərbi bazası Qafqazda sabitliyin təminatçısıdır.
O bildirib ki, görüş zamanı Rusiyada Ermənistan silahlı qüvvələri üçün kadrların hazırlanması məsələsi müzakirə olunub. Antonov onu da qeyd edib ki, Rusiya və Ermənistan ordularından ibarət birləşmiş dəstənin yaradılması barədə razılaşmanın imzalanmasına hazırlıq yekunlaşmaq üzrədir.
Qeyd edək ki, bu fikir ekspertlər tərəfindən birmənalı qarşılanmayıb. Ekspertlər bunun Azərbaycan üçün təhlükəli tendensiya yaradacağına dair açıqlamalar verib. Artıq bunun bizə vura biləcəyi zərərin ilkin cücərtiləri özünü göstərməyə başlayıb. Ermənistan tərəfinin verdiyi açıqlamalara görə, həmin birgə qrupa Ermənistanın 4-cü ordusu daxildir. Həmin ordu birləşməsi isə Ermənistanla Naxçıvan arasındakı sərhəddə dislokasiya olunur.
Niyə məhz Ermənistanın 4-cü ordusu bu layihədə yer alır?
Hərbi ekspert Üzeyir Cəfərov qəzetimizə açıqlamasında bildirdi ki, bu, Azərbaycan üçün yaxşı heç nə vəd etmir: “Bilirsiniz ki, həmin birgə qoşuna erməni general rəhbərlik edəcək. Ermənistanda Rusiyanın 102-ci ordusunun olduğu halda, belə bir qərarın verilməsinə nə zərurət vardı? Bu qərarla onlar həm Türkiyə amilini nəzərə alıb, həm də Naxçıvanda yaradılan Ümumqoşun Ordusuna cavab xarakterli addım atıblar.
Rusiya bir tərəfdən üzdə Türkiyə ilə Azərbaycanla yaxınlaşır, o biri tərəfdən isə Ermənistanı işğalçılığa həvəsləndirən addımlar atır. Türkiyə və Azərbaycan rəhbərliyi Rusiyanın Ermənistanla birgə hərbi birləşmə yaratmaq məsələsinə ciddi reaksiya verməli və Moskvanı bu işdən çəkindirməyə çalışmalıdır. Birgə hərbi birləşmə məsələsinin üzərindən sükutla keçmək olmaz. Çünki bu məsələnin reallaşması gələcəkdə bizim üçün böyük təhdidlər, təhlükələr vəd edir. Birgə hərbi birləşmə regiona əlavə gərginlik gətirəcək.
Rusiyanın 102-ci hərbi bazası ən müasir silahlarla, texnika ilə təmin olunub. Ermənistanın hansısa bir korpusu ilə birgə hərbi birləşmə yaratmaq əslində Rusiyadan çox, Ermənistana lazımdır və sərf edir. Təəssüf ki, Rusiya da işğalçı Ermənistana bu dəstəyi verir. Azərbaycan Xarici İşlər Nazirliyi, rəsmi Bakı buna ciddi reaksiya verməli, Moskvaya etirazını bildirməlidir. Unutmaq olmaz ki, gələcəkdə Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatlar başlayanda Ermənistan Rusiya ilə yaratdığı birgə hərbi birləşmədən də istifadə edə bilər. Birgə hərbi birləşmənin yaradılması işğalçı erməni silahlı qüvvələrinə əlavə dəstəkdir. Birgə yaradılacaq hərbi birləşməyə rus yox, məhz erməni generalın komandir gətirilməsi də təsadüfi deyil”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …

Bir cavab yazın